4-cü sinif şagirdi niyə intihar etsin ki?

11 yaşlı uşağın özünə qəsd etməsinin köklü səbəbi ola bilməz“Kompüterdəki əksər oyunların sonu ölümlə, qətllə bitir. Lakin oyun təkrarlanır. “Ölən” adam yenidən dirilir, oyun davam edir. Bu da uşaqların təsəvvüründə ölümlə bağlı yanlış təsəvvürlərin formalaşmasına gətirib
Zaqatala rayonu Muxax kənd orta məktəbinin 4-cü sinif şagirdi, 11 yaşlı Hafiz Məmmədovun ölümü ətrafında sirr pərdəsi qalmaqdadı.
Ötən gün verilən məlumatlarda 11 yaşlı Hafizin intihar etdiyi bildirilmişdi. Məlumatda qeyd olunurdu ki, H.Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə tapılıb. Meyit H.Məmmədovun böyük qardaşı tərəfindən aşkarlanıb.
Dünən isə H.Məmmədovun ölümü ilə bağlı fərqli məlumatlar yayıldı.
Muxax kənd sakinlərinin AzNews.az-a verdikləri məlumatda Hafiz Məmmədovun ölümünün intihar olmadığı deyilirdi: "Uşaq həyətdə oynayırmış. Hadisə də elə bu zaman baş verib. Hafizin qardaşı həmin vaxt tövlədə olub, mal-qaraya baxırmış. Əgər uşaq özünü öldürmək istəsəydi, gedib özünü başqa yerdə asardı. Meyit asılı vəziyyətdə tapılmayıb, ayaqları taxtanın üstündə olub”.
Kənd sakinləri qeyd ediblər ki, Hafiz Məmmədovun ailəsində maddi sıxıntı olmayıb: "Bu ailənin 3 övladı olub. Bir qız, iki oğlan. Bir neçə il əvvəl qız dünyasını dəyişib. Atası Nazim kişi çobandır, amma buna baxmayaraq, heç bir maddi sıxıntıları olmayıb”.
Muxax kənd 2 saylı tam orta məktəbinin direktoru AzNews.az-a açıqlamasında Hafiz Məmmədovun ölümünün ehtiyatsızlıqdan baş verdiyini deyib: "Bu, intihar deyil, ehtiyatsızlıqdır. Oynadığı yerdə olub. Hafiz çox nizamlı və dərsə davamiyyətli şagird olub. Belə bir şagird özünü niyə öldürsün ki?”.
Qeyd edək ki, faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
İntihar edən uşaqlar təqlidçidir?!
Psixoloq Orxan Oruc "Şərq”ə açıqlamasında azyaşlıların intiharının acı təəssüf doğurduğunu bildirdi:
- Yetkin insan, yaşlı bir adam, hətta gənc, yeniyetmə intihara əl atırsa, bunun hansısa səbəblə bağlı olduğu üzərində düşünülür. Deyək ki, yetişkin birisinin sosial problemi ola bilər, ailəsində münaqişə yaranar, gənc, tutalım, nakam hesab etdiyi sevgiyə görə, bəzən imtahanlarda uğursuzluğa görə, yəni, hansısa bir səbəbə, hətta bu səbəb ətrafdakılara əsassız, boş və mənasız görünsə də, yenə də səbəb adlandırılacaq, intihar edir. Amma 11 yaşlı uşağın intihara əl atmasının köklü bir səbəbi ola bilməz. Çünki bu yaşda uşaq - uşaqdır. Uşaq, intiharın nə olduğunu dərk etmək iqtidarında deyil. Uşaq evdə əziyyət də çəkə bilər, valideynləri ilə münasibətləri yaxşı olmaya da bilər, məktəbdən, sinif yoldaşlarından, kənd uşaqlarından, kimdənsə narazı da olar. Hansısa istəyi, arzusu yerinə yetməz. Amma bunların heç biri 11 yaşlı uşağı intihara apara biləcək səbəb deyil. Çünki o, uşaqdır. Uşaq həyatı anlamadığı kimi, ölümü də anlamır. Uşaqların intiharı adətən təqlid xarakteri daşıyır. Psixoloji problem də deyil. Sırf gördüyünün təsiri ilə bağlıdır. Uşaq intihar edənləri hardasa görüb. Bu, kompüterdəki oyunlar, internetdə izlədiyi hansısa hadisə, baxdığı film, oxuduğu kitabda da ola bilər. 
Bu gün Azərbaycan telekanallarında işarəli filmlər, proqramlar varmı? Hansı film, proqram, veriliş "+ altında” və ya "+ üstündə” işarəsi ilə verilir? Azərbaycan telekanallarında buna rast gəlinmir. Amma qonşu ölkələrin telekanallarına baxaq. Türkiyədə bütün filmlər başlamazdan əvvəl onun hansı kateqoriyaya aidliyi xüsusi işarə ilə verilir. Bu, izləyiciyə mesajdır. O mesaja valideyn diqqət göstərə bilər də, bilməz də. Bizdə elə ailələr var ki, filmlərə, proqramlara birlikdə baxırlar. Valideynlər bu film və ya proqramın uşağa ziyanlı ola biləcəyini heç düşünmür də. Amma bizim valideynlərin məsuliyyətsizliyi, diqqətsizliyi normalara riayət edilməməsinə əsas vermir.
Kompüter oyunları ölümü oyuna çevirib
O.Oruc qeyd etdi ki, mobil telefonlara, kompüterə, planşetlərə yüklənən əksər oyunların sonu ölümlə, qətllə bitir. Lakin oyun təkrarlanır. "Ölən” adam yenidən dirilir, oyun davam edir. Bu da uşaqların təsəvvüründə ölümlə bağlı yanlış təsəvvürlərin formalaşmasına gətirib çıxarır:
- Uşaq düşünür ki, burada adam ölüb yenidən dirilirsə, deməli, o da ölüb-dirilə bilər. Uşaqlar ölümü bir oyun zənn edirlər. Çünki bu oyunlarda adamlar "yanır”, amma yenə qayıdır, oyun davam edir. Bunlar hamısı yüksək reytinq qazanan oyunlardır. Çünki yüklənmə faizi böyükdür. Bu oyunları tərtib edənlər yalnız reytinqə işləyir. Mobil telefonlarda bir oyun var; uşaq dəmir yolu relslərinin üzəri ilə qaçır, nəzarətçi düşüb ardınca. Yenə də "uşaq” "yanır”, amma yenə təkrar oyuna qayıdır. Siz təsəvvür edin, bir uşaq bu oyundan yaxşı nə götürə bilər? Relslərin üzəri ilə qaçmağı, vaqonların damına necə çıxmağımı? Heç kim bunun nə dərəcədə ziyanlı olduğunun fərqinə varmır. Bu gün valideynlər körpə uşaqları mobil telefonla böyüdür. Ananın, atanın mobil telefonu uşağın əlinə verib, oyunlarla başını qatması hər gün müşahidə etdiyimiz səhnələrdir. Uşaqların əlindən mobil telefon düşmür. Evdə də ya kompüter qarşısında əyləşirlər, ya da planşetlə məşğul olurlar. İstədikləri oyuna qoşulurlar, müxtəlif videolar izləyirlər. O videolardan görün nə qədəri ölümlə, qanla, qəddarlıqla bağlıdır. Uşaqların izlədiyi filmlər də işgəncə, qan, qəddarlıq səhnələri ilə doludur. Sovet vaxtı uşaqlar üçün xüsusi bədii filmlər, cizgi filmləri çəkilirdi, nümayiş olunurdu. Uşaq ədəbiyyatı nümunələri vardı. Varmı bizdə uşaq ədəbiyyatı, uşaq filmləri, cizgi filmləri çəkilirmi? Heç uşaqlar televiziyaya baxmır. Onları televiziyaya cəlb edəcək bir şey də yoxdur. 
Ancaq kompüter, internet, planşet... Hər cür ziyanlı, yasaq videoları sərbəst izləmək imkanları var. Halbuki internetdə bloklama proqramları mövcuddur. Sosial şəbəkə yaradıcısı şirkətlər istifadəçidən gələn müraciətə görə, saytlara girişi özü bloklayır. Hansısa saytın, videonun açılmaması üçün sadəcə, kompüterdəki xüsusi proqrama daxil olub bloklanmaq istəyinin bildirilməsi yetərlidir. Şəbəkə özü o videonu bloklayacaq və o daha açılmayacaq. Bizim valideynlər bilirmi belə bir proqram olduğunu? Uşaqlarla bağlı kompleks tədbirlər aparılmalıdır. Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları valideynlərin, uşaqların maarifləndirilməsinə ciddi əhəmiyyət verməlidirlər. Ölüm, şiddət, zorakılıq səhnələrinin yer aldığı filmlərin, videoların yayılmasının qarşısı alınmalıdır. Problemdən biri də uşaqlarla söhbətlərin aparılmamasıdır. Nə məktəb bununla məşğuldur, nə də ailələr. Belə təəssürat yaranır ki, uşaqlar özbaşına böyüyür.
Tiflisdəki faciəyə rəsmilər reaksiya verdi, bəs Zaqataladakı?
Qeyd edək ki, Tiflisin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən pəncərə şüşəsinin düşməsi nəticəsində 6 məktəbli ciddi xəsarət alıb, 14 yaşlı azərbaycanlı Aslan Məmmədov isə ölüb. Gürcüstan rəsmiləri hadisə yerinə gəlib, baş verənlərlə ciddi şəkildə maraqlanıb və cəzaların sərt olacağını bildiriblər. Hadisədən sonra Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Aslanın ailəsinə başsağlığı verib. Bəs, Zaqataladakı ölüm hadisəsinə kim reaksiya verib? Deyə bilərsiniz ki, bu qəza deyil, intihar olduğu zənn edilən, hətta ehtiyatsızlıq kimi də təqdim edilən hadisədir. Nə fərqi var?! Bir uşaq həyatını itirib. Hadisədə intihar ehtimalının olması vəziyyəti daha da ciddiləşdirir. Uşağı intihara sövq edən əməllər də ola bilər. Zaqatala Rayon Prokurorluğu fakt üzrə cinayət işi açıb, istintaq aparılır. Bəs digər dövlət qurumlarından niyə reaksiya yoxdur? Ümumiyyətlə, bənzər hadisələr baş verdikdə, biz hansısa dövlət qurumunun cəld reaksiyasını, bir açıqlama verildiyini, ciddi şəkildə məsələylə maraqlandıqlarını görmürük. Uzağa getməyək. Paytaxt məktəblərindən birində baş vermiş cinsi istismar olayına Təhsil Nazirliyinin ütülü, "bunu belə yazmayın, onu elə yazmayın” tipli tövsiyə xarakterli bəyanatından başqa nə gördük? Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi hadisə ilə bağlı geniş bir araşdırma başlatdımı, ümumilikdə problem müzakirə olundumu? "Bizdə belə hallar azdır”, "uşaqların gələcəyi üçün adları çəkməyin” deməklə iş bitirmi? Problem həll olunurmu? Bəlkə də aidiyyətli qurumlar nəsə iş görüb. Amma bu barədə heç bir informasiya verilməyib.
"İnanmıram ki, dövlət qurumları reaksiya verməmiş olsun”
Bu iddianı isə "Şərq”ə açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva irəli sürdü:
- Mən "dövlət qurumlarının reaksiyası yoxdur” fikri ilə razı deyiləm. İnanmıram ki, aidiyyətli qurumlar hadisəyə reaksiya verməmiş olsun. Hüquq-mühafizə orqanları reaksiya verir. Faktla bağlı təhqiqat aparılır, istintaq gedir. Sadəcə, dövlət qurumları gördükləri işi işıqlandırmırlar. Mediada ancaq sensasiyaya üstünlük verilir. Belə hadisələr olanda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal reaksiya verir. Komitənin nümayəndələri, xanım millət vəkilləri bizim sığınacağa gəlib, vəziyyətlə maraqlanıblar. Amma biz hansısa tədbirlə bağlı mediaya informasiya verəndə, görürük ki, bu xəbər oxunaqsız şəkildə verilir, hansısa xəbərsə "şok” başlığı altında təqdim olunur. Belə məsələlər də var. Bununla belə mən, etiraf edirəm ki, uşaqların psixoloji problemlərinin həlli istiqamətində işlər zəifdir. Zənnimcə, 11 yaşlı uşağın intihar etməsi birinci növbədə psixoloji problemlə bağlıdır. Uşağın son zamanlar davranışları necə olub, dərsə davamiyyəti yoxlanmalıdır, ailədə münasibətlər necə idi. Bunlar araşdırılmalıdır. Yəqin ki, hüquq-mühafizə orqanları üzərlərinə düşən işi yerinə yetirəcək. Belə hadisələr zamanı sosial işçilərin olması zərurəti də ortaya çıxır. Biz dəfələrlə bildirmişik ki, sosial işlər düzgün istiqamətdə aparılmalıdır, məktəblər psixoloqlarla təmin edilməlidir.
"İntiharla bağlı yayımlanan filmlərin, xəbərlərin, verilişlərin təsirində olan, uşaqdan böyüyə çox insan var”. Bunu isə "Sherg.az”a millət vəkili Fazil Mustafa bildirib.
O diqqətə çatdırıb ki, bu cür hallar ancaq psixoloji hazırlıq prosesi ilə aradan qaldırıla bilər: "Valideyn-məktəb münasibətləri, müvafiq dövlət qurumlarının ailə institutu ilə çalışması, birgə fəaliyyət göstərməsi vacibdir. Hər şey sənəd üzərində formalaşdığına görə, real işləmək ənənəsi yoxdur. Nəticə isə budur. Məktəbin uşaqdan, valideynin isə məktəbdən xəbəri yoxdur. Heç kim bir-biri ilə maraqlanmır. Hətta mobil telefonların, texnologiyanın inkişaf etdiyi bir dönəmdə valideynlərin məktəblə əlaqə saxlamaması həqiqətən təəssüf doğurur. Nəticədə uşaqlar hər hansı filmin, adi söhbətin təsiri ilə intihara əl atır. Ciddi psixoloji hazırlıq tədbirlərinə başlanmalıdır. İntiharların sayının gündən-günə artması hamımızı narahat etməlidir. Amma bu sahədə irəliləyiş yoxdur”.
Məlahət Rzayeva