- Hazırda hansısa “möcüzəvi həll” gözləmək düzgün deyil. Pik günlərdə yüklənmələr qaçılmaz olacaq. Problem sərnişin sayının çoxluğunda deyil, alternativlərin kifayət qədər olmamasındadır
Paytaxtın tıxac dərdi bitmir, sanki bu problem heç vaxt həllini tapmayacaq, əbədi qalacaq. Metropolitenin yarımçıq fəaliyyətə keçməsi ictimai nəqliyyatda dəhşətli vəziyyət yaradıb. İnsanlar saatlarla yollarda qalır. Günün 24 saatının hələ ən az 4 saatının yola, 8 saatının işləməyə, halbuki 8 saatlıq iş günü Əmək Məcəlləsinə görədir, bundan daha çox işləyənlər az deyil, insanın özünə sərf edəcəyi 10-12 saat qalır. Bunun 5-6 saatını yuxu aparır (yuxu saatları fərqli də ola bilər), 1-2 saatını səhər işə hazırlaşmaq, axçam yorğunluğun çıxmasına, yerdə nə qalır, 3-4 saat. Bu da yeməyə və sair gündəlik məişət işlərinə sərf olunur. Hələ övladını bağçaya, məktəbə aparıb-gətirmək də var. İşləyən və yola çıxan insanların həyatı məşəqqətdir başdan-ayağa. Və bunun ən birinsi səbəbi də yollardakı tıxacdır. 
Bloger-urbanist Anar Əliyev Bakıdakı tıxacın əsas səbəbinin hazırda metronun yarımçıq fəaliyyət görtərməsi olmadığını bildirib. Metro tam gücüylə işləyəndə də tıxaclarsız günümüz olmurdu. A.Əliyev deyir ki səbəb başqadır:
- Məncə, bu gün ictimai nəqliyyatın yenidən həddindən artıq yüklənməsində təəccüblü heç nə yoxdur. Bakı və onun aqlomerasiyasında 4 milyondan çox insan yaşayır. Bu qədər əhali üçün cəmi iki ictimai nəqliyyat növümüz var - metro və avtobus. Bu, fiziki olaraq kifayət deyil. Ona görə də hazırda hansısa “möcüzəvi həll” gözləmək düzgün deyil. Pik günlərdə yüklənmələr qaçılmaz olacaq. Problem sərnişin sayının çoxluğunda deyil, alternativlərin kifayət qədər olmamasındadır. Bəli, Abşeron dairəvi dəmir yolu da var, sürətlidir, amma onun intervallarını metro ilə müqayisə etmək olmur. Vəziyyətin dəyişməsi üçün 2030-cu ilə qədər yeni metro stansiyaları ilə yanaşı, tramvay sisteminin də istifadəyə verilməsi vacibdir. O zaman yük ən azı iki nəqliyyat növünün üzərində qalmayacaq. Bəzi digər böyük şəhərlərdə ictimai nəqliyyatın hansı növləri olduğuna baxsaq, fərq aydın görünəcək. 15 milyonluq İstanbulda ictimai nəqliyyat çoxşaxəlidir, həm yerin altı və üstü, həm də dənizin altı ilə – metro, avtobus, tramvay, şəhər elektrik qatarı, dəniz nəqliyyatı, şəhərin dağlıq ərazilərinə funikulyor, minibus-lar, bələdiyyə avtobusları. Moskva, Berlində də bu nəqliyyat növləri var, minibus çıxmaq şərtilə. Barselonada əlavə olaraq kanat yolu da var. Bakda isə yalnız 2 ictimai nəqliyyat növüdür – metro və avtobus.
Blogerin dedikləri həqiqətdir. İstər Sumqayıt elektrik qatarı, istərsə də Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlara minənlər yenə də şəhərin mərkəzinə yetişmək üçün ya metrodan, ya da avtobusdan istifadə etməlidirlər. Belədə merto və ya avtobusda sıxlıq, basabas, yollarda isə tıxac yaranacağı təbiidir. AYNA lap 100 avtobus əlavə etsin, bu avtobuslar da elə həmin yollarla hərəkət edir də. Əksinə, sıxlıq daha da artır, avtobus tıxaca düşür interval böyüyür, yenə sıxlıq yaranır. Hara fırlanırıqsa, eyni nöqtəyə qayıdırıq.