Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib - FOTO - YENİLƏNİB

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib.

APA xəbər verir ki, toplantıya Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov sədrlik edib.

Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın, həmçinin Şimali Kipr Türk Respublikasının və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər.

Toplantıda Ramil Usubovun məruzəsi dinlənilib.

Çıxışda qlobal geoiqtisadi qarşıdurmalar, müharibələr və beynəlxalq hüququn zəifləməsi kimi proseslərin yaratdığı təhlükəsizlik çağırışlarına diqqət çəkilib.

Qeyd olunub ki, Təhlükəsizlik Şuraları katiblərinin illik toplantıları mövcud və potensial təhdidlərin qarşısının alınması, ümumi çağırışlara birgə cavab mexanizmlərinin formalaşdırılması baxımından mühüm platformadır. Bu görüşlərin, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına və ortaq maraqların təmin olunmasına töhfə verdiyi vurğulanıb.

Gündəlikdə Yaxın Şərqdə baş verən hadisələr fonunda regional təhlükəsizlik məsələləri, süni intellekt sahəsində milli inkişaf imkanları və digər aktual mövzular yer alıb. Bu məsələlər ətrafında nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Toplantı zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçıları arasında əldə olunmuş razılaşmaların, eləcə də 2025-ci il oktyabrın 7-də imzalanmış Qəbələ Bəyannaməsinin müddəalarından irəli gələn təhlükəsizlik sahəsində vəzifələrin icrası ilə bağlı görüləcək işlər müzakirə olunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

***

13:04

Bakıda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun sədrliyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı öz işinə başlayıb.

APA xəbər verir ki, Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, eləcə də Şimali Kipr Türk Respublikası və Türk Dövlətləri Təşkilatının Katibliyi təmsilçilərinin iştirak etdiyi tədbirdə Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunacaq, Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda regional təhlükəsizlik problemləri, süni intellekt sahəsində milli inkişafın imkanları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, TDT-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin IV iclası ötən il Bişkekdə keçirilib.