Gəmilər və dənizçilər göründü

Rusiya Xəzərdə hərbi gücünü nümayiş etdirməklə Qərbə mesaj verir



Rusiyanın hərbi dəniz donanması Xəzərdə əvvəlcədən elan olunmayan hərbi manevrələrə başlayıb. Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu gündən başlayan hərbi manevrlər bir həftə davam edəcək. Təlimlərdə Rusiyanın Xəzər donanmasının 10 gəmisi və 400-dən çox dənizçisi iştirak edir.

Qeyd edək ki, Rusiya Ukrayna ilə bağlı gərginliyin yaranmasından sonra bu cür qəfil hərbi manevrləri artırıb. Krıma xüsusi təyinatlıların yeridilməsinin ardınca Rusiyanın iri hərbi kontingenti Ukrayna ilə sərhədlərdə irimiqyaslı təlimlər keçirdi. Manevrlərə qatılan qoşun qruplaşmalarının əsas hissəsi hələ də Ukrayna ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətindədir. Həmçinin Rusiya ABŞ-ın Florida sahillərinə iki atom sualtı qayığı və onları müşayiət edən nəhəng yedək gəmisi göndərib.

Eyni vaxtda Rusiyanın nüvə raketləri daşıyan strateji aviasiyası Yaponiyanın hava məkanının yaxınlığında günlərlə uçuşlar həyata keçirib.

Rusiyanın Xəzər donanmasının hərbi təlimlərə hazırlaşdığı barədə aprelin 10-da "İnterfaks” agentliyi Cənub Hərbi Dairəsindəki mənbələrə istinadən xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, hərbi təlimlərdə gəmilərin ekipaj üzvləri həm havadan edilən hücumları, həm də şərti düşmən gəmilərini zərərsizləşdirmək üçün müxtəlif manevrlər həyata keçirəcəklər.

Hazırkı gərgin situasiyada Rusiyanın həm də Xəzərdə təlimlərə başlamasını ekspertlər müxtəlif cür izah edirlər. Analitiklərin qənaətincə, rəsmi Moskva bununla dünya güclərinə mesaj verir ki, Xəzər regionunun da "ağası” məhz odur.

"Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edib Azərbaycanı öz orbitinə çəkməyi də nəzərdən keçirə bilər”

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə deyib ki, Rusiyanın son zamanlar apardığı siyasət ikrah doğurur. Amma Xəzərdəki təlimlər Azərbaycan üçün hazırda təhlükəli deyil: "O mənada ki, bəziləri deyir, Rusiya Azərbaycana hücum etməyə hazırlaşır, hücum edəcək, dağıdacaq. Mən başa düşə bilmirəm, Rusiya birincisi hansı əsasla Azərbaycana hücum edəcək? Əvvəlcə bunu düşünmək lazımdır. Hər ağıla gələni demək olmaz. Deyim ki, bu iki ölkə arasındakı əlaqələr normaldır. Azərbaycan NATO-ya üzv olmur, bu, Rusiyanı bir qədər sakitləşdirir. Belə vəziyyətdə Rusiyanın Azərbaycana hücum etməyə hazırlaşmasını düşünmək gülüş doğurur. Amma Rusiya həmişəki kimi Azərbaycan üçün təhlükəlidir. Azərbaycan müstəqil şəkildə inkişaf edir, Moskva isə SSRİ-ni yenidən bərpa etmək istəyir. Bu istiqamətdə də müxtəlif vasitələrdən istifadə edir. Amma bu o anlamı vermir ki, Kreml Ukrayna ssenarisini digər ölkələr üzərində də tətbiq etmək fikrindədir. Putin keçmiş sovet respublikalarını müxtəlif siyasi və iqtisadi layihələrə üzv etməklə planını həyata keçirməyə çalışacaq. Rusiya bunun üçün MDB-ni işlək vəziyyətə gətirə bilər. Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi üçün Azərbaycan KTMT-yə üzv olmaq istəmir. Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edib Azərbaycanı öz orbitinə çəkməyi də nəzərdən keçirə bilər. Rusiyanın əlində Azərbaycana təsir etmək üçün müxtəlif təsir rıçaqlarından istifadə etmək barədə düşünməsi mümkündür. Amma açıq şəkildə Azərbaycana qoşun yeritmək Rusiyaya baha başa gələr. Məncə, Putin o qədər də sadəlövh deyil”. Keçmiş dövlət müşaviri həmçinin qeyd edib ki, Moskva Ukrayna probleminin nə ilə nəticələnəcəyini bilmir: "Ukrayna problemi həll edilmədən Rusiyanın digər ölkələrə yönəlik addımlar atacağı inandırıcı deyil. Buna görə də Xəzərdə təlimlərdən sonra Rusiyanın Azərbaycana qoşun yeridəcəyini demək, ağlasığmazdır”.

"Rusiyanın bu hərəkətində Azərbaycana qarşı psixoloji təzyiq və təhdid elementləri var”

Müstəqil analitik Qabil Hüseynli isə vurğulayıb ki, Rusiya və onun başında dayanan prezident Putin özünü son vaxtlar qəribə aparmaqdadır: "Biz bu qəribəliyi, dünya güclərinə meydan oxunmasını, saymamazlığı, hər məsələyə Putinin ironiya ilə yanaşdığını, atılan addımları Ukrayna timsalında gördük. İndi isə Rusiya Xəzərdəki hərbi dəniz donanmasını yeni müasir gəmilərlə təchiz edib, hərbi təlimlərə başlayır. Düşünürəm ki, Kremlin əsas məqsədi qərb dövlətlərini Cənubi Qafqaza buraxmamaq, bir qədər də irəli gedib, qərbi bu bölgədən çıxarmaqdır. Cənubi Qafqazı özünün arxa bağçası hesab edən Rusiya burada istədiyi qanunları həyata keçirmək niyyətindədir. Məndə olan məlumata görə, Ermənistan ərazisində də Rusiyaya məxsus hərbi bazalarda yüksək döyüş hazırlığı elan edilib, təlimlər keçirilir. Hətta oraya əlavə desant qüvvələri göndərilməsi kimi hallar da var. Son vaxtlar da cəbhədə atəşkəs sürətli ermənilər tərəfindən pozulur. Bəlkə də Rusiya Ermənistanı Azərbaycanla qarşıdurmaya təhrik edir. Eyni zamanda da, Xəzərdə hərbi təlimlər keçirməklə Azərbaycana və qərbə mesajlar ötürməkdədir. Bütün bunlar onu göstərir ki, Rusiya bölgəni təkcə Cənubi Qafqazı deyil, ona yaxın olan bölgələri də öz nəzarəti altında saxlamaq və qərbə qarşı ciddi bir mövqe ortaya qoymaq istəyir. Vaxtilə SSRİ-nin oynadığı fövqəldövlət statusunu yenidən Rusiyaya qaytarmaq niyyətindədir. Əlbəttə ki, Rusiyanın bu hərəkətində Azərbaycana qarşı psixoloji təzyiq və təhdid elementləri var. Lakin bu psixoloji təzyiq və təhdid elementlərinin ana xətti Qərbə və Qərbin bu bölgədəki hərəkətlərinə qarşıdır”. Q.Hüseynli hesab edir ki, rəsmi Bakı son dərəcə ehtiyatlı olmalı, təxribatların yaranmasına imkan verməməlidir.

Anar Bayramoğlu