“İsrail dövləti hər zaman Azərbaycanınərazi bütövlüyünü dəstəkləyir” – ARYE QUT





"İsrail-Azərbaycan münasibətlərinin tarixi kökləri var.İki ölkə arasında münasibətlərin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar xüsusi rol oynayır. Azərbaycan və yəhudi xalqları arasında insani münasibətlər, insanlıq körpüsü İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişafında möhkəmlənməsində xüsusi, həyati əhəmiyyətli rol oynayır.
Azərbaycanın və ya yəhudi icmalarının hüdudlarından kənarda Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində yəhudi icmasının mühüm, inteqrasiyaedici rolu barədə məlumatı olanlar çox deyil. Məsələn 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi doktor Yevsey Gindes olub, AXC parlamentində yəhudi fraksiyalarının nümayəndələri təmsil olunub”.
Bu sözləri beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Qərbi Kaspi Universitetinin (əvvəlki Qərb Universiteti) "Multikulturalizm” Mərkəzinin rəhbəri Arye Qut universitetin tələbələri üçün mühazirəsində deyib.

Qutun fikrincə, bir sıra xalqlardan fərqli olaraq azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıblar. İsrailli siyasi analitik deyib: "Azərbaycan əsilli israillilər artıq neçə illərdir ki, Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək edir. Azərbaycanda yəhudi xalqı heç vaxt təqiblərə, təhqirlərə, alçaldılmağa, talanlara və antisemit hərəkətlərə məruz qalmayıb. Biz bu faktlarla fəxr edirik”.

Rəsmi Bakı hələ İsraildə özünün diplomatik missiyasını açmasa da, Azərbaycan hökuməti İsrailə tez-tez çoxsaylı rəsmi nümayəndə heyətləri göndərir və öz növbəsində Bakıda daha çox sayda israilli qonaqları qəbul edir: "İsrail ilə iqtisadi əlaqələrin genişlənməkdə davam etməsini, İsrailin daim Azərbaycandan neft almasını və Azərbaycan iqtisadiyyatına, onun kənd təsərrüfatına sərmayə qoymasını nəzərə alsaq, bu, xüsusilə düzgün və əlamətdardır. Eyni zamanda, Azərbaycana kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiya sahələrində müasir yüksək texnologiyalar lazımdır və bu siyahını davam etdirmək olar. İki ölkə təhsil, humanitar və mədəni layihələri də genişləndirirlər”.
"Bu gün Azərbaycan və İsrail dövlətləri strateji tərəfdaşlardır. İsrail Dağlıq Qarabağ münaqişəsində birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həllini yalnız beynəlxalq hüququn tələblərinə uyğun olaraq – Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür” – deyə ekspert əlavə edib.

Tələbələrin suallarını cavablandıran ekspert qeyd edib ki, İsrail hər zaman Azərbaycanın yanındadır və ərazi bütövlüyünün bərpa olunmasına çalışır: "İsrail şirkətlərinin bir hissəsi Azərbaycanın hərbi kompleksinin inkişafında və möhkəmlənməsində mühüm rol oynayır. 2016-cı ilin aprel hadisələrindən sonra çevik əks-hücum zamanı erməni ordusunun müdafiə xətti məhv edildi, Azərbaycan Ordusu isə strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytardı.
Həmin dövrdə, yəni bir il bundan əvvəl biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq. Hətta İsraildəki erməni icması Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsrail ilə Azərbaycanın hərbi əməkdaşlığı barəsində Ermənistanın tənqidi mövqeyinə gəldikdə vurğulamaq lazımdır ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını yalnız özləri seçir və hərbi-texniki sahədə strateji tərəfdaşlığın və əməkdaşlığın səviyyəsini bu ölkələr özləri müəyyən edir. Üstəlik, heç kəsin bu prosesə müdaxilə etməyə haqqı yoxdur.2016-ci ili aprel döyüşlərində bir daha gördük ki, İsrail texnologiyası Azərbaycanın hərbi gücünə güc qatır. Belə tərəfdaşlıq fonunda Ermənistanda yəhudilərə və İsrailə qarşı münasibət aydındır. Buna baxmayaraq İsrail hər zaman söyləyir ki, Azərbaycanın yanındadır”.

İsrail eksperti özünün İsraildə "Justice for Khojaly" kampaniyasına dəstək verdiyini söylədi və birinci gündən bu kampaniyaya qoşulduğunu bildirdi. Sitat: "Yadımdadır, 4-5 il öncə bu işə başlayanda İsraildə bəzi indiki siyasətçilər bizi anlaya bilmirdilər. Yaxşı xatırlayıram, Xocalı qətliamı ilə bağlı ilk siyasi tədbiri millət vəkili Qanirə xanım Paşayevanın dəstəyi ilə həyata keçirdik. Sonra bu önəmli işdə bizə Heydər Əliyev Fondu dəstək oldu. Məhz bu fondun real dəstəyi və yardımı ilə bir il ərzində İsrailin ayrı-ayrı şəhərlərində "Xocalıya ədalət” adlı foto-sərgilər keçirdik.Yadımdadır, İsrailin şimalında, çoxlu Azərbaycan kökənli insanların yaşadığı qədim Akko şəhər bələdiyyəsinin binasında fotosərgini keçirdik və orada bu şəhərin meri, bizim dostumuz Şimon Lankrinin sözləri yadıma düşür:”Xocalı qətliamına həsr edilmiş bu fotosərgi sadəcə məni sarsıtdı, gördüklərimdən şoka düşdüm. Bu Azərbaycan xalqına qarşı vəhşilik təzahürüdür. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş qəddarlıq və barbarlıq heç cür izah oluna bilməz. Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olmuşlar, indi də biz qardaşıq”.
Bu bir daha onu göstərdi ki biz Xocalı qətliamı ilə bağlı işləri daha aqressiv və daha da gücləndirməliyik – deyən A.Qut qeyd edib ki, yəhudilər dünyanın ən qəddar genosidini yaşamış Xolokostdan çıxmış xalqdır: "Avropa yəhudiləri gettoda, həbs düşərgələrində, "ölüm marşı” zamanı və kütləvi güllələnmə nəticəsində qırılırdılar. Nə üçün minlərlə insanın kütləvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmaların əsasında durur? Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Məhz buna görə də azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir”.

Arye Qut Qərbi Kaspi Universitetinin (əvvəlki Qərb Universiteti) tələbələrini Xocalı qətliamın dünyaya çatdırılmasında bu günkü dünyanın yeni üsullarından istifadə etməyə çağırdı: "Siz tələbələr, Azərbaycan xalqının gələcəyi olaraq Twitter və Facebookdan istifadə edərək "Justice for Khojaly" kampaniyasına müxtəlif dillərdə bu qətliam haqqında məlumatı, öz dəstəyinizi və tohvəsini verməlisiz".