Siyasilər narahatdır

Rusiyanın yeni vətəndaşlıq siyasətinə qarşı addımlar atılmalıdır



Xəbər verdiyimiz kimi, bu günlərdə Dövlət Duması Rusiya vətəndaşlığını sadələşdirilmiş yolla almağı nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni qanun rusca danışan və valideynləri SSRİ-də, yaxud da çağdaş Rusiya sərhədləri daxilində yaşamış xaricilərə şamil olunacaq.

Qanunda nəzərdə tutulub ki, həmin vətəndaşlar rus dilini bilmə səviyyəsini müəyyən etmək üçün müsabiqədən keçəcəklər. Rus dilində yaxşı danışan və öz respublikasının vətəndaşlığından imtina edəcək əmək miqrantları üç ay müddətində Rusiya vətəndaşına çevrilə biləcəklər.

Putinin bu addımı Azərbaycan siyasiləri tərəfindən sərt qarşılanıb. Hesab edirlər ki, Rusiya dövlət başçısı bu qərarla MDB-ni yenidən nəzarətə götürmək istəyir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə açıqlamasında bunun böyük təhlükə olduğunu söyləyib: "Yeni qanunda göstərilir ki, Moskva xaricdəki vətəndaşlarının hüquqlarını qorumaq üçün hərbi, siyasi və diplomatik addım ata bilər. Şimal qonşumuz digər qonşu respublikalara hərbi müdaxilə üçün zəmin yaradır. Məsələn, Azərbaycandan Rusiyaya asanlıqla gedib-gəlmək üçün Moskvaya müraciət edəcəklər. Vətəndaşlıq alacaqlar. Belə olan halda ölkəmizə vətəndaşların hüquqlarının qorunması adı altında Moskva hərbi müdaxilə edə bilər”.

Məsələdən çox narahat olduqlarını söyləyən partiya sədri Azərbaycan hökumətinə müraciət etdiklərini deyib: "Bildirdik ki, ölkəmizdə Rusiya vətəndaşlığını qəbul edən adam dərhal Azərbaycan vətəndaşlığından çıxarılsın. Azərbaycanda ikili vətəndaşlıq yoxdur. Onlar ölkəmizdə yalnız mühacir kimi yaşaya bilərlər. İki vətəndaşlıq olacağı halda Azərbaycan vətəndaşlarını bəhanə edib Moskva bizə müdaxilə edə bilər. Moskva Krıma müdaxiləsinin səbəbini orda yaşayan vətəndaşlarının haqlarının qorunması ilə izah etdi. Hesab edirəm ki, bu bir avantüradır. Azərbaycan hökuməti bunun qarşısını almalıdır”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bunu Putinin imperialist siyasətinin tərkib hissəsi adlandırıb: "Bu cür addımlar beynəlxalq hüquq normalarına ziddir. Xalqların azadlıqlarına və dövlətlərin sərhədlərinə birbaşa müdaxilədir. Bu qərarın arxasında növbəti mərhələ üçün MDB dövlətlərində rus xalqlarının onlara müraciətləri dura bilər ki, bu da böyük təhlükə vəd edir. Bu yolla Rusiya digər dövlətlərə hərbi müdaxilə niyyətini həyata keçirə bilər. Ukrayna hadisələrindən sonra dünya belə məsələlərdə ayıq olmalıdır. Azərbaycan da daxil olmaqla, keçmiş MDB ölkələri müdafiə olunmalıdır. Əks halda, Rusiyanın imperialist siyasəti davam edəcək”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib ki, Rusiya hakimiyyəti keçmiş SSRİ vətəndaşlarına Rusiya vətəndaşı olmaları üçün ən asan yolları tanıdı: "Azərbaycan hakimiyyəti də dərhal başqa ölkənin vətəndaşı olmaq istəyən AR vətəndaşlarını vətəndaşlıqdan məcburi azad etmək barədə qanunvericilikdə dəyişikliklər və uyğun normativ aktlar qəbul etməlidir. Qabaqlayıcı tədbirlər görülməzsə, Azərbaycan vətəndaşlığı daha da hörmətsiz vəziyyətə salınacaq. Eyni zamanda ölkəmizin təhlükəsizliyini təhdid edən problemlərin də meydana çıxmasını indidən əngəlləməliyik”.

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov bu məsələnin yeni olmadığını vurğulayıb: "2006-cı iln iyunun 22-də Putinin öz sərəncamı ilə Rusiya Federasiyasından kənarda yaşayan yurddaşların geriyə qaytarılmasına yardım olunması üçün dövlət proqramı qəbul olundu.

Ə.Həsənovun qənaətincə, Rusiyanın indiki vəziyyətində bu qanundan istifadə edənlərin çox olacağı ağlabatan deyil: "Qanun rus dili biliyinin səviyyəsini yoxladıqdan sonra vətəndaşlığın 3 ay ərzində verilməsini nəzərdə tutur. Belə hüquqdan istifadə etmək istəyində ola biləcək şəxslərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Rusiyada gəlmələrə olan münasibətdən, Moskva şəhərində hətta Rusiyanın regionlarından olan rusların miqrasiya xidmətlərində necə incidilməsindən xəbərdardırlar”.

Ayyət Əhməd