İkibaşlı oyun...

Ərdoğan ermənilərdən üzr istədi



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edib. R.T.Ərdoğan bildirib ki, Türkiyə vətəndaşı olan ermənilər və dünya erməniləri üçün xüsusi məna daşıyan 24 aprel, tarixi bir məsələyə dair düşüncələrin sərbəst şəkildə ifadə edilməsi üçün yaxşı fürsətdir: "Osmanlı İmperiyasının son illərinin türk, kürd, ərəb, erməni və digər millətlərdən olan milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir dövr olduğu danılmaz həqiqətdir.

Ədalətli və vicdanlı mövqe, insanların dini və etnik mənşəyinə fərq qoymadan həmin dövrdə yaşanmış bütün acıları anlamağı tələb edir.

Osmanlı İmperiyasının vətəndaşı olan hər kəs kimi, ermənilərin də o dövrdə yaşadıqları acıların xatirəsini anmalarını anlamaq və bölüşmək bir insanlıq vəzifəsidir. 1915-ci il olaylarına dair fərqli mövqe və düşüncələrin sərbəst ifadə edilməsi plüralist yanaşmanın, demokratik mədəniyyətin və müasirliyin bir tələbidir. Türkiyə bəşəri dəyərlərə uyğun hər düşüncəyə hörmətlə yanaşmağa davam edəcək. Lakin 1915-ci il olaylarının Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi və siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir. Birinci Dünya müharibəsi zamanı yaşanan hadisələr hamımızın ortaq acısıdır. Hər din və millətdən olan milyonlarla insanın öldüyü I Dünya müharibəsi əsnasında kütləvi köç kimi qeyri-insani nəticələrə səbəb olan hadisələrin yaşanması türklərlə ermənilər arasında qarşılıqlı insani rəftar və davranışların qurulmasına əngəl olmamalıdır. Bugünün dünyasında tarixdən düşmənçilik çıxarmaq və yeni qovğalar yaratmaq qəbuledilməzdir və ortaq gələcəyimizin inşası baxımından qətiyyən yararlı deyil. Zamanın ruhu anlaşılmazlıqlara rəğmən danışa bilməyi, qarşıdakını dinləyərək anlamağa çalışmağı, kompromislərin axtarışını və nifrəti rədd edərək hörməti, tolerantlığı zəruri edir”.

R.T.Ərdoğan 1915-ci il hadisələrinin elmi baxımdan araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiya yaradılması barədə təklifini xatırladaraq bu təklifin qüvvədə olduğunu vurğulayıb: "Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı araşdırma 1915-ci il olaylarının aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli rol oynayacaq. Biz arxivlərimizi bütün tədqiqatçıların istifadəsinə açdıq. Bu gün arxivlərimizdə olan yüz minlərlə sənəd bütün tarixçilərin ixtiyarına verilib. Türkiyə gələcəyə güvənlə baxan bir ölkə olaraq tarixin də doğru anlaşılması üçün ətraflı elmi tədqiqatları hər zaman dəstəkləyib”. Ərdoğan açıqlamasının sonunda XX əsrin əvvəllərində ölən ermənilərin nəvələrinə başsağlığı verib və eyni dövrdə ölən bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anıb.

Göründüyü kimi, bu bəyanat heç də qondarma erməni soyqırımı ilə bağlı Türkiyənin əvvəlki münasibətlərinə bənzəmir. İstənilən halda, bəyanatda ermənilərin qondarma soyqırımlarına loyallıq hiss olunur. Sanki baş nazir 1915-ci ildə osmanlıların ermənilərə qarşı kütləvi qırğın siyasət yeritdiyini etiraf edərək, keçmişdə olanları unutmaq üçün Ermənistana bir jest edir.

Ərdoğanın məlum bəyanatının ikibaşlı olduğunu vurğulayan "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, baş nazirin açıqlaması birmənalı olaraq, xarici siyasətə hesablanıb: "Düşünmürəm ki, Ərdoğan bu açıqlaması ilə ermənilərə haqq qazandırıb. Baş nazirin bu bəyanatı sadəcə diplomatik jestdir. Ərdoğan bir növ qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə olan basqıların, təzyiqlərin neytrallaşdırılmasına yönəlib. Əslində bəyanat kifayət qədər ikibaşlıdır. Bir tərəfdən bu açıqlamanı o zaman baş verən hadisələrin, yəni ermənilərin də iddia elədiyi kimi kütləvi qırğınların istisna olmadığını inkar eləmir. Digər tərəfdən də sonrakı izahlarında baş nazir baş verənləri soyqırım olaraq qəbul etmədiyini də vurğulayıb. Konkret olaraq, bu bəyanat o mənaya

gəlir ki, Ərdoğan 1915-ci ildə baş verənlərin yenidən araşdırılmasından yanadır. Onu da deməliyəm ki, bu bəyanat "erməni soyqırımı” ilə bağlı Türkiyənin ənənəvi mövqeyindən çox fərqli bir açıqlamadır. Düzü, Ərdoğanın bu tipli bəyanatının arxasında nə dayandığını və konkret hansı məqsədə istiqamətləndiyini söyləmək də bir qədər çətindir. Böyük ehtimalla bu cür danışmağa baş naziri onun xarici siyasətdəki uğursuzluğu vadar edib. Hazırda Ərdoğan hökumətinin xarici siyasəti sözün həqiqi mənasında çöküb və çox ciddi uğursuzluqlara düçar olub. Görünür, baş nazir Avropa və ABŞ-la münasibətləri bir qədər yumşaltmaq və bu yolda ermənilərin onlara mane olmaması üçün belə bir mövqe sərgiləməyə ehtiyac yaranıb. Ərdoğanın bu açıqlamasının xarici siyasətə hesablanmasından başqa ehtimal düşünmürəm. Ən azından baş nazirin bu mövqeyi ölkə daxilində alqışlanası mövqe deyil”.

Millət vəkili Sabir Rüstəmxanlı da o fikirdədir ki, Ərdoğanın bu açıqlaması heç də "erməni soyqırım”ının etirafı deyil: "Baş nazir bu açıqlamasında Birinci Dünya müharibəsinin gətirdiyi fəlakətlərdən söz açıb. 1915-ci ildə öldürülən tək ermənilər olmayıb ki? Doğrudur, köç zamanı 300 min erməni türklər tərəfindən öldürülüb. Amma unutmayaq ki, həmin vaxt ermənilər də 700 min türkü qırıblar. Hər halda türklərin verdiyi itki iki dəfə artıqdır. Ərdoğan demək istəyir ki, həmin hadisələr hər kəsin dərdi-acısıdır. Yoxsa ki, o deyə bilməz ki, 1915-ci ildə ermənilərə qarşı soyqırım olub və bunun günahı da osmanlılarda olub. Belə bir şeyi iddia etmək belə mümkün deyil. 1915-ci ildən üzübəri qərb mütəxəssisləri, ekspertlər, alimlər bu barədə araşdırmalar aparıb, arxivlərə baxılıb. Və hər araşdırmada da ortaya çıxıb ki, həmin bölgədə öldürülən türklərin sayı daha çoxdur. Doğrudur, Ərdoğan həmin hadisələrlə bağlı bir az loyal danışıb, amma bunun sadəcə bir siyasət olduğunu düşünürəm. Məlumdur ki, erməni lobbisinin səyi nəticəsində onları dəstəkləyən Avropa ölkələri 1915-ci ildə baş verənlərdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Ərdoğan da həmin dövrdə baş verənləri qərbin diqqətinə çatdırmaqla heç də 1915-ci ildə faciə yaşayanların yalnız ermənilər olmadığını göstərməyə çalışıb. Başqa cürü mümkün də deyil”.

Şəymən