Suriyaya keçmək istəyən 2 azərbaycanlı yaxalandı

Həbs edilənləri çox ağır cəza gözləyir





Türkiyə sərhədçiləri gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb. ANS PRESS-in məlumatına görə, Kilisin Elbeyli rayonunda saxlanılanlar arasında Rusiya, Tunis, iki Azərbaycan vətəndaşı (R.S. və A.L), Almaniya, Səudiyyə Ərəbistanı, Suriya vətəndaşları olub.

Sərhəddi keçmək istəyənlərə "dayan” əmri verilib. İfadələri alınan şəxslərdən Türkiyə vətəndaşı sərbəst buraxılıb. Digər 7 nəfər isə deportasiya edilmək üçün Polis İdarəsinin Əcnəbilərlə iş üzrə şöbəsinə təhvil verilib. Suriyadakı iğtişaşlar nəticəsində bu günə kimi onlarla azərbaycanlının öldürüldüyü məlumdur. O da məlumdur ki, Suriyaya getmək istəyənlər məhz Türkiyə-Suriya sərhəddinin "açıq” hissələrindən yararlanırdılar.

Bu dəfə isə qaçaqlar ələ keçib. Nəzərə alsaq ki, məhz Suriya münaqişəsi əsas götürülərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilib, sərhəddə yaxalananları Vətəndə heç də xoş gün gözləmir.

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi İradə Cavadova "Şərq”ə açıqlamasında bildirdi ki, bu insanlarla bağlı ciddi araşdırılma aparılmalıdır:

- Suriya sərhəddində ələ keçənlərin hamısını birmənalı şəkildə terrorçu elan etmək də olmaz. Azərbaycan vətəndaşları terrorçu deyil. Sadəcə, savadsızlar, dini bilikləri olmayanlar, aldadılanlar var. Bəlkə də bu insanları aldadıb hərbi münaqişələrə cəlb edirlər. Pul, yaxşı yaşayış vəd edirlər. Bəziləri də bu tora düşür. Hətta mən deyərdim ki, Suriyaya aparılan insanlara insan alveri qurbanı kimi yanaşılmalıdır. Onlar da "qurbandır”. Müharibə qurbanları. Burada da əsas səbəblərdən biri dini maarifləndirmənin zəif aparılmasıdır. Zənnimcə, "Qurani-Kərim” Azərbaycan dilində təbliğ edilməlidir, Quran həqiqətləri insanlara başa salınmalıdır, dəqiq tərcümə, elmi izah verilməlidir. Din xadimləri bu sahədə çox iş görməlidir. Telekanallarda dini verilişlər açsalar, yaxşı olar. İnsanlar da həqiqətləri bilər. Yoxsa, sosial şəbəkələrdə yazışırlar, çağırışlar edirlər, deyirlər, cihada gedirik, şəhid olmağa gedirik. Amma əsl cihadın, şəhidliyin necə olduğunu bilmirlər. Bəzən tələbələr aldadılaraq xarici ölkələrə aparılır, terror qruplaşmalarına cəlb olunurlar. Deməli, bu gənclərin beyinlərini "yeyirlər”. Əfqanıstanda, Pakistanda öldürülən azərbaycanlı tələbələr vardı. Necə olub ki, bu gənclər terror qruplaşmalarının toruna düşür? Bax bu, araşdırılmalıdır. İnsanlarımızı hərbi münaqişələrə cəlb edənlər aşkarlanmalıdır və məsuliyyətə cəlb edilməlidir. Düzdür, Suriyada, başqa ölkələrdə silahlı qruplaşmalara qoşulanların bəzisi təsdiq edir ki, bilə-bilə, könüllü surətdə gedib. Amma çoxu da hara, nə üçün aparıldığını heç bilmir. Aldadılıb aparılır. O insanlar məsuliyyətə cəlb olunarkən bunlar nəzərə alınmalıdır. Məsələn, mən heç cür inanmıram ki, 2 övladı ilə birgə Suriyaya getdiyi iddia edilən qadın ora məhz döyüşməyə gedib.

Bəzən insanlar ticarət məqsədilə, qazanc əldə etmək məqsədilə münaqişə bölgələrinə gedirlər. Kimlərsə onlara vəd edir ki, burada yaxşı pul qazanmaq olar. Götürək, elə Ukraynanı. Hazırda orada nə qədər bizim soydaşlarımız var ki, ticarətlə məşğuldurlar. Amma Ukrayna həm də indi əsl münaqişə zonasıdır. İnsanlarımız qanunsuz yolla başqa ölkə ərazisinə keçdiklərinə görə, onları hansı cəza gözlədiyindən də xəbərsizdirlər.

İ.Cavadova bildirdi ki, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən qeyri-qanuni silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda iştirak etmiş şəxsləri 8 ildən 12 ilədək, 8 ildən 15 ilədək, hətta ömürlük həbs cəzası da gözləyir:

- Məlumdur ki, Azərbaycan Milli Məclisində Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib. Azərbaycan hüdudlarından kənarda sabit silahlı qruplaşmalar yaratmaq, onlarda iştirak etmək, bu qruplaşmaların tərkibinə qatılmaq, döyüş təlimləri keçmək, istər beynəlxalq, istərsə də daxili hərbi münaqişələrdə iştirak etmək, muzdluluqla bağlı CM-nin 114 və 283/1, 283.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb olunur. 279.3 maddəsi isə əmlak müsadirə olunmaqla hətta ömürlük həbs cəzasını nəzərdə tutur. Vətəndaşlar bunları bilməlidir. Bu haqda vətəndaşlara geniş məlumatlar verilməlidir. Çünki bəziləri özünü muzdlu əsgər sayır, daha bilmir ki, muzdlu əsgər olduğu üçün ona istənilən əmr verilə bilər və o, bu əmri yerinə yetirmək məcburiyyətində qalacaq. Həbs ediləndə isə törətdiyi əməllərə görə, onu çox ağır cəza gözləyəcək. Qanunvericilik də insanlarımıza izah edilməlidir. Suriyaya, eləcə də digər münaqişə zonalarına gedənlərin qarşısını almaq üçün güclü təbliğat qurulmalıdır. Bunun ziyanlı tərəfləri insanlara başa salınmalıdır.

İ.Cavadova qeyd etdi ki, əgər hansısa vətəndaş Suriyaya aparılmasına dair özü məlumat verərsə, belə insanlara qarşı sərt davranılmamalıdır. O halda CM-nin uyğun maddələri ilə məsuliyyət nəzərdə tutula bilər ki, vətəndaş silahlı qruplaşmaların tərkibinə qatıldığını və döyüşlərdə şüurlu surətdə iştirakını etiraf etsin. İ.Cavadova Türkiyə-Suriya sərhəddində saxlanılan Azərbaycan vətəndaşlarının da ifadə verdikdən sonra sərbəst buraxıla biləcəyini istisna etmədi. Əlbəttə ki, bu, onların hansı məqsədlə sərhəddi keçmələri və yaxud kimlər tərəfindənsə aldadılaraq aparıldığının müəyyənləşməsindən asılı olacaq.

Məlahət Rzayeva