Xəzər bölünür, tərəflər anlaşmaya yaxındırlar

Sahilyanı ölkələrin XİN başçıları ortaq məxrəcə gəliblər



Xəzərin hüquqi statusunun müəyyənləşməsi dəfələrlə müzakirəyə çıxarılsa da, konkret nəticə yoxdur. Ələlxüsus da Türkmənistan və İranla mübahisə predmeti olaraq qalan yataqlar hələ də istifadəyə verilməyib. Bu reallıqlar Xəzəryanı ölkələri yenidən bir araya gəlməyə vadar edib. Bu günlərdə Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İranın xarici işlər nazirləri səviyyəsində Moskvada görüş baş tutub. Əsas məqsəd dənizin hüquqi statusunu tənzimləyən əsaslı sənədin hazırlanması idi.

Konfransda xarici işlər naziri Elmar Məmmədyarov məsələ ilə bağlı rəsmi Bakının mövqeyini də açıqlayıb. O bildirib ki, Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda, qarşılıqlı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təsdiq edir.

Bir sıra müşahidəçilərin qənaətincə, statusun həlli, dənizin bölünməsi məsələsində perspektiv bir qədər zəif görünür. "İnterfaks” agentliyi danışıqların gedişatına yaxın olan mənbələrə istinadən yazır ki, tərəflər hələ ki, milli zonalar, ortaq xəttin təyin edilməsi kimi prinsipial məsələlərdə konsensus əldə edə bilməyiblər.

Danışıqları çətinləşdirən digər məqamı Transxəzər boru xətlərinin olması ilə yozulur. Bir çoxları hesab edirlər ki, Azərbaycan, Qazaxıstan və Türkmənistana görə, öz milli sektorları çərçivəsində boru xətləri haqda müvafiq ölkələr sərbəst qərar qəbul edə bilərlər. Rusiya və İrana görə isə, belə neft və qaz xətlərini bütün sahilyanı ölkələrin razılığıyla tikmək olar. Rusiya rəsmən bildirir ki, unikal daxili su hövzəsi olan Xəzər seysmik zonadı və burada sualtı boru xətlərinin tikilişinə ehtiyatlı yanaşmaq lazımdır və bütün sahilyanı ölkələrin rəyini nəzərə almaq lazımdır.

Bəzi ekspertlər düşünürlər ki, Rusiyanı ekoloji amildən daha çox iqtisadi amil narahat edə bilər. Belə ki, Transxəzər xətləri inşa edilsə, bu hövzədən olan karbohidrogen ehtiyatlar Avropaya daha rahat və daha böyük həcmlərdə düşür. Bu isə birbaşa Rusiyanın Avropadakı enerji mövqelərinə rəqabət ola bilər.

Qeyd edək ki, hazırda Xəzərin şimalı və mərkəzi Rusiya, Azərbaycan və Qazaxıstan tərəfindən ortaq xətlə bölünüb. Daha doğrusu, bölünən dənizin dibidir, su qatı ümumi istifadədir. Bu ölkələr bu prinsipi İran və Türkmənistana təklif edirlər. Ancaq xəbərlərə görə, ilk növbədə İran sahil xəttin uzunluğundan asılı olmayaraq dənizi hamı arasında bərabər 20 faizliq payla bölməyi təklif edir.

Nazirlərin Moskva görüşünü şərh edən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, konfransın keçirilməsi bu ilin sentyabrında Həştərxanda reallaşacaq Xəzəryanı ölkə rəhbərlərinin sayca 4-cü zirvə görüşünə hazırlıq məqsədi daşıyır: "Müzakirə olunacaq məsələlər və yekun sənədlərə baxılır. Konfransda səslənən mövqelər göstərdi ki, bu, məhsuldar tədbir olub”.

Politoloq deyib ki, Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı 1998-ci ildə Qazaxıstan və Rusiya arasında razılaşma var idi: "2001-ci ildə həmin razılaşmaya protokol əlavə edildi. Həmin ildə Qazaxıstanla ölkəmiz arasında da razılaşma əldə olunmuşdu”.

Professor bildirib ki, 2003-cü il may ayının 14-ü Azərbaycan, Qazaxıstan və Rusiya dövlətləri Xəzərin orta xətt prinsipi barədə ortaq məxrəcə gəlmişdilər: "Türkmənistan və İran mübahisəli tərəf kimi qalmışdı. Türkmənistan dövlətinin bizə məxsus "Azəriçıraq” və "Kəpəz " yataqlarına iddiası var idi. Xüsusən də "Kəpəz” yatağını özlərinin hesab ediblər. "Kəpəz”ə "Sərdar” yatağı da deyirlər. Bu məsələ mübahisə predmeti olaraq qalmaqda idi. Aşqabad-Bakı münasibətlərindəki anlaşılmazlıqlar sözügedən yataqlarla əlaqədardır”.

İranın kandiminmum prinsipi ilə çıxış etdiyini deyən ekspert söyləyib ki, rəsmi Tehran Xəzərin 5 dövlət arasında 20 faizli bölgüsünü tələb edir: "Bundan kənarda heç bir razılaşma olmayacağını iddia edilirdi. Son konfransda belə bir fikir hasil oldu ki, tərəflər ortaq məxrəcə gəlməyə yaxındılar. Xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin aprelin 9-da İrana etdiyi rəsmi səfəri çərçivəsində hər iki ölkə rəhbərlərinin məsələ barədə müsbət rəy bildirmələri aydınca təsdiqləyir ki, problem ətrafında Tehranla ortaq məxrəcə gəlmək imkanları artıb”.

E.Nəsirlinin fikrincə, Azərbaycan-Türkmənistan arasındakı münasibətlərdə də müəyyən irəliləyiş mövcuddur: "Aprelin 2-də sözügedən ölkənin xarici işlər naziri və baş nazirin müavini Azərbaycana səfərə gəlmişdi. Daha sonra hər iki ölkə başçısı arasında telefon danışıqları olub. Bunlar sübut edir ki, ikitərəfli münasibətlərin yaxşılaşması prosesi güclənməkdədir. Bu reallıq şübhəsiz ki, Xəzərin statusu ilə bağlı məsələyə təsirsiz ötüşməyəcək”.

Sahilyanı ölkə prezidentlərinin bu il keçiriləcək 4-cü sammitinə diqqət çəkən politoloq vurğulayıb ki, görüşdə mövqelərin yaxınlaşması istiqamətində daha həlledici addımlar atıla bilər: "İndiki halda Rusiya və Amerika arasındakı vəziyyət xeyli gərginləşib. Moskva ciddi-cəhdlə çalışır ki, ABŞ-a müəyyən təzyiq mexanizmlərini işə salsın. Həmin təzyiq rıçaqlarından biri də Xəzər ekvatoriyasında Vaşinqtonun gəmilərinin üzməsinə imkan verməməkdir. Moskvanı düşündürən ən başlıca məsələ budur”.

Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, məsələ ilə bağlı status-kvonun saxlanılmasında Azərbaycanın ziyanına olan ciddi işlər yoxdur: "Azərbaycan tərəfi dünyada yaşananları nəzərə alaraq hesab edir ki, status-kvo onun maraqlarına zidd deyil. Çünki yataqlar işlənir. Ölkəmiz Xəzərdə özünün hüquqlarını müdafiə edir. Neft hasil edilir. Yeni qaz yataqlarından istifadə olunur. Onun dünya bazarına çıxarılması yönündə işlər aparılır. Yeniləri uğrunda da mübarizə aparmaq fikri ortaya çıxıb”.

Təşkilat rəhbərinin sözlərinə görə, hazırda Xəzəryanı qonşularla xoş münasibət saxlamaq daha məqbuldur: "Resursu bilinməyən hansısa yataq uğrunda çəkişmək yaxşı hal deyil. Xəzərin dibinin bölünməsi daha əhəmiyyətlidir. Əsas diqqət Xəzərin bioresurslarının saxlanılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və təhlükəsizlik məsələlərinə yönəldilir”.

Ayyət Əhməd