“Korrupsiyanı Müdafiə Nazirliyində axtarmaq lazımdır”

Üzeyir Cəfərov: “Təkcə Şahin Sultanov deyil, bir sıra vəzifəli şəxslər də var ki, onlar da məsuliyyətə cəlb olunmalıdırlar”




Bu günlərdə Hərbi Dəniz Qüvvələrində aşkar edilən külli miqdarda mənimsəmə faktı və bununla əlaqədar bəzi hərbçilərin məsuliyyətə cəlb edilməsi Silahlı Qüvvələrdəki korrupsiya və özbaşınalığın bütün təxminlərin üstündə olduğunu təsdiqləyib. Artıq Bakı Hərbi Məhkəməsi Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə 3 ay həbs-qətimkan tədbiri seçib.

Məlumatı Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti də təsdiq edib. Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrində Respublika Hərbi Prokurorluğu və Maliyyə Nazirliyinin iştirakı ilə yoxlamalar aparılıb. Yoxlamalardan sonra Hərbi Dəniz Qüvvələrinin bir neçə yüksək vəzifəli şəxsi külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.

HDQ-də baş verən prosesləri dəyərləndirən "Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: "Azərbaycanda əcaib bir idarəetmə sistemi mövcuddur. Nə qədər ki, məmur vəzifədədir, onun bütün qanuni, qeyri-qanuni hərəkətlərinə göz yumulur. Özü də, bir qayda olaraq, vəzifə başında olan əksər şəxslər tutduqları posta öz dədə malı kimi yanaşırlar. Ən sıravi məmurdan tutmuş ta yuxarılarda oturanlara qədər maksimum şəkildə çalışır ki, tutduğu postdan əvvəl öz şəxsi məqsədləri üçün necə var bəhrələnsin, sonra isə dövlətin hansısa işlərini görsün, ya da görüntü yaratsın. Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri ilə bağlı gördüyümüz acı mənzərə, saysız-hesabsız yeyinti, korrupsiya və rüşvətxorluq faktları əslində bir ilin içində əmələ gəlməyib. İllərlə orda bu özbaşınalıq və qanunsuzluq hökm sürüb və yalnız indi kimlərəsə çox lazımdır ki, özlərini dövlətçiliyin müdafiəçisi kimi göstərsinlər. Sanki onlar əvvəlki illərdə kosmosda yaşayırdılar və baş verənlərdən xəbərsiz idilər”.

Həbs olunanlara gəlincə isə hərbi ekspert onu deyib ki, onlar baş vermiş cinayət əməllərində əsasən də icraçı olublar: "Bu hərəkətləri etməyə qeyri-qanuni göstəriş verən daha yuksək rütbəli vəzifəli şəxslər isə hələ ki, məsuliyyətdən kənar qalıblar. İstəməzdim ki, bu mənzərəni bütün Silahlı Qüvvələrimizə şamil edim, amma məndə daxildə əminlik var ki, digər hərbi qoşun və birləşmələrində də bu cür, buna oxşar qanunsuzluqlar yəqin ki, mövcuddur. Onlar haqqında biz zaman-zaman yazır, danışırıq, amma müvafiq hüquq-mühafizə orqanları nədənsə bunu qulaqardına vururlar. Çünki hələ onlara belə sərf edir. Amma yəqin ki, bir gün gələcək, bu nöqsanlara və çatışmazlıqlara da diqqət ayrılacaq”.

Ü.Cəfərov Şahin Sultanovun bütün qanunsuzluqları özbaşına etmədiyini qeyd edib: "Şahin Sultanov məsuliyyətdən heç cür yayına bilməz. Onun müavini Yunus Həsənov həbsdən sonra Şahin Sultanovla bağlı ilginc açıqlamalar verib. Yəni Qərargah rəisi komandanın sadəcə olaraq qanunsuz əməllərini yerinə yetirib. Bu məsələlərin başında da Şahin Sultanovun qanunsuz hərəkətləri dayanır. Bildiyim qədərilə, Şahin Sultanov bu hərəkətləri özbaşına etmədiyini bildirib. Komandanın tabe olduğu birbaşa rəis Səfər Əbiyev idi. Şahin Sultanovu bu qanunsuz addımları atmağa sövq edən də keçmiş müdafiə naziridir. Bu qanunsuz hadisələr illərdir ki, davam edirdi. Bir gün bu qanunsuzluqların cavabı veriləcəkdi. Şükürlər olsun ki, gec də olsa, bu məsələ öz layiqli yerini tutdu. Mən inanmaq istərdim ki, bu araşdırmalar layiqincə aparılacaq. Həm də qanun qarşısında hamı eynidir, istər general olsun, istərsə də admiral. Bəzi insanlar dövlətin hərbiyə ayırdığı pullar ilə öz pullarını səhv salırlar. Burada təkcə Şahin Sultanov deyil, bir sıra vəzifəli şəxslər də var ki, onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Bu o şəxslərdir ki, zamanında Hərbi Dəniz Qüvvələrində yoxlamalar aparıblar, hər şeyin normal olması haqqında raport yazıblar. Bunların arasında generallar və digər şəxslər var. İnanıram ki, onların hər biri istintaqa cəlb olunacaqlar. Çünki bu elə bir məsələdir ki, burada ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı məqamlar yer alıb. Yəni bu məsələdə saxtakarlıq edən şəxs general rütbəsindən və digər imtiyazlardan məhrum edilməlidir”.

O, Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrin illərlə yığılıb qalan problemlərdən doğduğunu bildirib: "Bu həbslər bir günün içərisində meydana gələn şey deyil. Onlar illərlə yığılıb qalan məsələlərdir. Bu, əvvəldən həllini tapmalı idi. Təəssüflər olsun ki, orada yoxlama aparan Silahlı Qüvvələrin Baş İnspeksiya rəisi general-mayor Məmməd Beydullayev və digərləri nöqsanları bilərəkdən, yaxud da kiməsə görə qeyd etməyiblər. İndi həbslər aparılır. Dövləti talan edən adamlar üçün bəzən deyirik ki, yazıqdır. 300 milyon dollarlıq İsrail hərbi boyalarının yerinə FAB boyaları 
istifadə edən şəxslərə niyə yazığımız gəlməlidir? Onlar cah-cəlal içərisində yaşadığı halda bəzi zabitlər borcun içində üzürlər. Niyə belə olmalıdır?”

O, Hərbi Dəniz Qüvvələrində həbslərin həyata keçirilməsində bir neçə səbəbin rol oynadığını söyləyib: "Həbslər təkcə 300 milyona görə deyil. "Avroviziya” müsabiqəsi zamanı sökülən evlərə görə verilən pulların mənimsənilməsi, ərzaqların satılması, mənzil fondunun qeyri-qanuni istifadəsi, hərbiyə aid olmayan şəxslərin Hərbi Dəniz Qüvvələrindən kifayət qədər yararlanması və digər faktlar da bu həbslərin əsas səbəbləridir. Korrupsiya və rüşvətxorluğu Müdafiə Nazirliyinin özündə axtarmaq lazımdır. Nazirlikdə təkcə Səfər Əbiyev olmayıb. Bu işi hazırlayan şəxslər yaddan çıxarmamalıdırlar ki, sənədlər və aktlar var. Onların altında isə çox böyük şəxslərin imzaları durur”.

Şəymən