Sovet İttifaqı dağıldıqdan sonra Qızıl Meydanda ilk 1 may nümayişi

Rus irqçiləri isə 1 mayı özlərinə uyğun şəkildə yenə də miqrantlara qarşı şüarlar səsləndirərək qeyd etdilər




Dünyanın müxtəlif ölkələrində 1 may zəhmətkeşlər günü qeyd olunur.
ANS TV-nin məlumatına görə, Moskvada isə Kremlin qarşısındakı Qızıl meydanda SSRİ-nin dağılmasından bu yana ilk dəfə olaraq insanlar 1 may paradına toplaşıblar. Əvvəlcədən də bəyan edildiyi kimi 1 may nümayişi eynilə SSRİ dövründəki oxşadılıb. Rusiyanın bu addımı sovet atributlarının bərpası istiqamətində atılan növbəti addım kimi də dəyərləndirilə bilər.
Sovet İttifaqı dağıldıqdan sonra ilk dəfədir ki, Qızıl Meydanda və keçmiş sovet modelilə keçirilən 1 may nümayişində 100 mindən çox insan iştirak edirdi. Əllərində hava şarları və Rusiya bayraqlarını daşıyan nümayişçilər elə sovetlər vaxtında olduğu kimi şən şüarlarla yanaşı ölkə rəhbərliyinə dəstək şüarları da nümayiş etdirdilər.
İştirakçı Pyotr Dmitriyev deyib ki, Sovet İttifaqı vaxtında hər il burada 1 may nümayişlərində iştirak edirdik: "Bu meydan bizə çox əzizdir. Çünkİ bura ilə bağlı çox xatirələrimiz var. İndi yenidən bu meydana qayıtmağımız üçün özümü xoşbəxt hesab edirəm.”
İqtidardaki "Vahid Rusiya” fraksiyasının lideri Vladimir Vasilyev isə nümayişin Qızıl Meydanda keçirilməsinin Sovet İttifaqına dönüş kimi qiymətləndirilməsinə qarşıdır.

Vladimir Vasilyevin sözlərinə görə, bu gün burada yüz mindən çox insanın iştirakıyla bu nümayişin keçirilməsi, heç kimə əsas vermir ki, bunu Sovet İttifaqının bərpası kimi qiymətləndirsin: "Çünki bunlar müqayisə olunmayacaq şeylərdir. Təəssüf ki, Sovet İttifaqı artıq tarixdir. Biz isə müasir Rusiyada yaşayırıq".

Bugün 2 milyona yaxın moskvalı 1 may nümayişlərində iştirak edir. Bunlardan ən yaddaqalanı isə burda Qızıl Meydanda keçirilən nümayiş oldu. 1991-ci ildən bəri ilk dəfə baş tutan bu aksiya onu göstərdi ki, Rusiya hökumətində sovet əhval-ruhiyəsi baş qaldırıb.

Rusiya Kommunist Partiyasının mitinqində isə əməkçilərin sosial tələbləriylə birlikdə NATO və Amerikaya qarşı şüarlar da diqqət çəkirdi.

Rus irqçiləri isə 1 mayı özlərinə uyğun şəkildə yenə də miqrantlara qarşı şüarlar səsləndirərək qeyd etdilər.
Rusiyada 1 may 2 günlük rəsmi tətil ilə geyd edilir. Ancaq bura 9 may tətili də əlavə edildikdə faktiki olaraq ölkə mayın 12-sinədək dincələcək, deyə bilərik.