“Egey ilkləri mənimsəmiş və reallaşdırmış bir universitetdir”

Müsahibimiz Türkiyənin İzmir şəhərindəki Egey Universitetinin rektoru, professor Candeger Yılmaz belə deyir


Haqqında mətbuat səhifələrindən və universitetin veb-saytından məlumatlandığım xanım rektor Candeger Yılmazı ilk baxışdan bir vaxtlar dünyada sayılıb-seçilən, hind xalqına böyük sevgisi ilə ölkəsinin liderliyinə yüksələn İndira Qandiyə bənzətdim. Şübhəsiz ki, bu ani təəssürat onun zahiri görkəmindən, təbəssüm və davranışından irəli gəldi...

Tələbkar, amma olduqca da qayğıkeş - "İlin rektoru”

Çox keçmədi ki, Türkiyənin məşhur Egey Universitetinin rektoru professor Candeger xanımın Hindistanın yeni ruhu sayılan İndira Qandiyə bənzəyişinin təkcə zahiri oxşarlıq olmağığını yəqin etdim. Təki taleyi onun taleyinə bənzəməsin, amma 2008-ci ildə ilk dəfə və 4 il sonra rektorluq kürsüsünü ikinci dəfə qazanan Candeger xanımın qadın üçün zirvə sayılacaq hünəri qardaş Türkiyənin ən böyük ali məktəblərindən olan Egey Universitetinin həyatına yeni ruh gətirməsindədir.

Yeri gəlmişkən, bu universitetin professoru, həmyerlimiz Afiq Bərdəlinin xanım rektor barədə ürəkdən gələn sözlərini oxucularımıza çatdırmağı gərəkli bilirəm:

-Türkiyənin təhsil sistemində böyük uğurlara imza atan Egey Universitetinə çox maraqlı insanlar və istedadlı alimlər rəhbərlik edib. Candeger xanım Türkiyə universitetləri sırasında böyük imic qazanmış bu ali məktəbin12-ci rektorudur. 2010-cu ilin beynəlxalq açıqlamasında bu nəhəng təhsil müəssisəsi dünyanın ən yaxşı universitetləri sırasında yer alıb. Universitet çox ilklərə imza atıb, elə professor Candeger xanım Yılmazın iki dəfə rektor seçilməsi də maraqla qarşılanan hadisə olub. O, universitetin 60 ilə yaxın tarixində ilk qadın rektordur və universitet həyatına işgüzar bir həyat gətirib.

...Bizi rektorluğun qəbul otağında rektor özü və köməkcisi Nilgün xanım çox isti bir nəvazişlə qarşılayırlar. Dəbdəbədən üzaq, sadə görnüşlü, çox da böyük olmayan rektor kabinetində söhbətimizi davam etdiririk. Masasının üstündə Türkiyə Tibb Uzmanları Dərnəyinin (ATUDER) Türkiyədə təcili tibb sahəsinin inkişafına töhfələrinə görə "İlin rektoru” mükafatının rəmzi diqqətimi cəlb edir. Rektor xanımı təbrik edirəm, əməyinə verilən dəyərə görə xoş sözlər demək istəyirəm...

-Təşəkkür edirəm,- deyə ardını söyləməyimə mane olur: - Gördüyün bir işin dəyərləndirildiyinin və faydalı olduğunun bir göstəricisi olaraq mükafatlandırılmaq çox gözəl və qürurvericidir. Bu mükafat məni xüsusilə hədəflərimizin reallaşması mənasında çox sevindirdi.

-Rəhbərlik etdiyiniz universitet haqqında danışın... Yeri gəlmişkən, onu da söyləyim ki, universitetiniz Azərbaycanda da kifayət qədər imicli bir təhsil ocağı kimi tanınmaqdadır.”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısında Egey Universitetinin də adı var.

-Egey Universiteti üçüncü nəsil təşəbbüskar, rəqabətçi universitetdir. Keyfiyyətli təhsilə çox əhəmiyyət veririk. Bu istiqamətdə, diplom əlavəsi etiketini alan ilk iki türk universitetindən biriyik. 2011-ci ildə Boloniya ECTS Etiketi Mükafatını da almışıq. Bu səbəbdən təhsil və akkreditasiya, keyfiyyət sənədi əldə etməyə çalışırıq. Bunlar təhsil baxımından Türkiyənin əhəmiyyətli mövqeyini göstərməkdədir.

Egey Universiteti gələn il-2015-ci ildə 60 yaşını qeyd edəcək. Egey bölgəsinin ilk, Türkiyənin 4-cü ali təhsil müəsisəsi olan universitet Türkiyənin son dərəcədə əhəmiyyətli bir təhsil ocağıdır. Akademik sistemdə ön sıraları qazanmağı bacarmışdır. Son 5 ildə ən çox araşdırma layihəsi alan və ən çox layihə verən ilk üç universitet arasındadır. Sənaye Nazirliyinə ən çox layihə verən universitet olmuşdur. 2012-ci ildə dünyanın ən yaxşı ilk 500 universiteti siyahısına daxil olan 9 Türkiyə universitetindən biridir. 2013-ci ilin nəticələrinə görə, ilk 500-lük arasında yer alan 4 türk universitetindən biridir.

Egeyin ilk qadın rektoru, 60 min nəfərlik bir ailənin "anası”...

-Səhv etmirəmsə, Sizin qadın rektor olmağınız da ilklərdəndir. Qadının rəhbər olması çətin deyil ki?...

-Düz deyirsiniz, universitetimizin ilk qadın rektoruyam. Egey Universiteti məzunu olub, rəhbər idarəçi mövqedə olmaq mənim üçün qürurverici bir faktdır. İdarəçi olmanın dünyanın hər yerində önəmli çətinlikləri vardır. Xüsusilə, qadınların təhsil və iş həyatında idarəçilik və yüksəlmə dövrlərinə bağlı çətinliklər daha çoxdur. Bunların başında artan məsuliyyətlərlə birlikdə, çatışmayan vaxt, zaman rəhbərliyi gəlir. Qadın həyat yoldaşıdır, anadır, işdəki rəhbər vəzifəsini və məsuliyyəti də daha dərindən dərk edəndir. Yəni, əslində, irəliyə addım, yüksəlmə hər kəs üçün, hər zaman, hər yerdə çətinliklərlə birlikdədir. Mən də bu çətinlikləri öz həyatımda yaşadım. Ancaq bildiyim bir həqiqət var ki, çətinliklər dəf edilmək üçündür. Müsahibim davam edərək söyləyir ki, qadına rəhbər olmaq çox çətindir, bütün nəzərlər üzərindədir... Yanlış yapma, axsatma, təxirə salma imkanın yoxdur. Hər idarəçi kimi, mən də çətinliklərlə qarşılaşıram, amma özümü həmişə şanslı hiss edirəm. İş yoldaşlarım arasında qadınların sayı az deyil. Həm də dəstək görürəm. Əlimdən gəldiyi qədər dəstəkləməyə, təşviq etməyə çalışıram. Stəkanın dolu tərəfini görməkdən uzağam. Bir problemlə üzləşəndə həmişə çıxış yolu tapacağıma ümid edirəm və müvəffəqiyyətə gedən yolun çətinliklərini möhkəm addımlarla aşmağa çalışıram.

-Həyat kredonuz, işdəki çətinliklər haqqında da danışmağınızı istərdim

-1994-1997-ci illərdə Egey Universiteti Xəstəxanasının ilk qadın baş həkimi olmaq da mənə nəsib olub. Egey Universitetində alimlərin 51,9 faizinin qadın olduğunu da söyləmək istəyirəm. Bu xəstəxana 2 min yataq tutumu olmaqla bölgənin ən böyük və xidmətləri ən yüksək olan bir səhiyyə ocağıdır.

Tələbələrimizi düşünərkən özümü 60 min nəfərlik bir ailənin "anası” hiss edirəm. Qadın rektor olaraq vəzifə məsuliyyətim, bəlkə də, daha çoxdur. Amma çətinliklərə baxmayaraq həmişə gələcəyə baxmağı, ümidlə və güvənclə irəliyə getməyi çox xoşlayıram. Məlumatlı olmaq, diqqətlə və fədakarlıqla çalışıb, xüsusilə, gənclərə nümunə olmaq məcburiyyətindəyik. İdarəçi olmaq, fərqli tələblərə ən yaxşı və doğru şəkildə cavab vermək, problemlərin həll yolunu tapmaq, inamla hərəkət etmək insanı uğura çatdırır.

- İkinci dövr rektor seçilməyinizdə əvvəlki fəaliyyətinizin rolu olubmu?..

-2008-ci ildə rektor seçiləndən bəri uyğun və məhsuldar bir iş mühiti yarada bildik və davam edirik. Hədəfimiz Egey Universitetini təcrübə və təhsildə, elmi araşdırmada, beynəlxalq aləmdə və cəmiyyətdə öncül bir məqama gətirməkdir. Bütün işlərimizi və ictimai məsuliyyətimizi "bezmədən, qorxmadan, yorulmadan hərəkətə keçirmək” şüarı ilə yerinə yetiririk.

Egey Universiteti timsalında strateji dəyərləri gücləndirmək, üçüncü nəsil universitet nümunəsi olaraq təcrübəni məhsula çevirmək üçün işbirliyini artırmaq təhsili həyat boyu reallaşdıracaq mühit yaratmaqdır. Hər il "təcrübədən hərəkətə keçmək” adıyla hesabvermə yığıncaqları təşkil edirik. Qarşılıqlı əməkdaşlığa da çox əhəmiyyət veririk. İlk rektor seçildiyim 2008-ci ilin dekabr ayında İzmirdəki universitet rektorlarını bir araya gətirib "İzmir universitetləri platforması” birliyinin meydana gəlməsinə ev sahibliyi etdik. Bugün İzmirdəki 9 universitet ilə bu işbirliyi davam edir. Hər ay toplaşır, alt komissiyaların çıxardıqları mövzularda ortaq qərar çıxarırıq.

Ən çox tələbə mübadilə edən iki universitetdən biri

-Türkiyənin Azərbaycandakı Səfirliyinin məlumatlarında bildirilirr ki, bugün 5 mindən çox azərbaycanlı gənc dövlət və özəl xətlə Türkiyədə təhsil almaqdadır. Bu layihədə Türkiyənin ən çox tanınan ali məktəbi kimi Egey Universitetinin adı çəkilir. Burada təhsil alan və çalışan azərbaycanlılar haqqında nə deyərdiniz?

-Beynəlxalq mübadilə proqramları və əlaqələr çərçivəsində universitetimizdə 2 minə yaxın xarici tələbəmiz var. Bunlardan 219 nəfəri azərbaycanlıdır. Egey Universitetində azərbaycanlı alimlər də çalışmaqdadır. Onlardan birinin adını mütləq çəkməliyəm- professor Afiq Bərdəli. O, çalışqan, məhsuldar və müvəffəqiyyətli, bir elm adamı üçün yaşının az olmasına baxmayaraq, universitetimizin tibb fakültəsində, bütün Türkiyədə xaricdə ən çox məqaləsi dərc olunan bir elm adamı kimi tanınır. Professor Bərdəli təhsilə uğurlar gətirən alimlərimizdəndir.

- Dostluq və qardaşlıq əlaqələrimizdə tələbələr böyük bir körpüdür. Azərbaycanda Egey Universitetini seçmək istəyən gənclərə nə deyərdiniz?

- Egey Universiteti olaraq Azərbaycanla əlaqə və ünsiyyətə çox əhəmiyyət veririk. Egey Universiteti tələbə mübadiləsi proqramında Türkiyədə ən çox büdcədən istifadə edən və ən çox tələbə qəbul edən ilk iki universitet arasındadır. Son illərdə bu mübadilənin miqyası xeyli artıb- təqribən ildə 600 tələbə...

Azərbaycanla, eləcə də türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsində maraqlıyıq. Bu bizim dövlət siyasətimizin önəmli bir hissəsidir. Gələcəkdə də bu əlaqələrin artacağına və daha da möhkəmlənəcəyinə çox inanıram.