Ermənilərə işləyənlər: Parlament bəzi QHT-lərin ifşa olunmasını gündəmə gətirdi






"Təəssüf ki, bir sıra beynəlxalq təşkilatların mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumatları dərc olunur. Bunların böyük əksəriyyətinin heç bir əsası yoxdur. Onu da qeyd etmək istəyirəm ki, parlament açıq, şəffaf orqandır. İstənilən məsələni açıq şəkildə müzakirə etməyə hazırıq. Amma bir neçə gün bundan əvvəl "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin hesabatı dərc olunub. Hesabatın parlamentə aid olan hissəsində qərəz və böhtan var”.

Bu sözləri Milli Məclisin dünən keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli deyib. Millət vəkili bildirib ki, Azərbaycan parlamentini şəffaflıq prosesini pozmaqda ittiham edən "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin rəhbəri Rəna Səfərəliyevanın özü dövlətçiliyimiz əleyhinə yönələn korrupsiya əməlinə yol verib: "Bu günlərdə erməni kəşfiyyatı ilə əlaqədə günahlandırılan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa külli miqdarda, 100 minlərlə dollar vəsaitin nağdlaşdırılmasının iştirakçılarından biri də şəffaflıqdan danışan Rəna Səfərəliyevadır. Bu hesabata geniş şərh vermək istəmirəm. Amma hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı bu təşkilatla əməkdaşlığı dayandırmalıdır. Azərbaycan parlamentariləri isə bundan sonra həmin təşkilatla heç bir əlaqə qurmamalıdır”.

"Xalq diplomatiyası” adı altında Azərbaycanın əleyhinə fəaliyyət həyata keçirilir”

Sözügedən təşkilatın Milli Məclisin işi ilə bağlı dərc etdiyi hesabatla bağlı danışan daha bir deputat Azay Quliyev bildirib ki, SDİ rəhbəri L.Yunus və bu şəbəkənin bütün üzvlərinin ifşası ilə məşğul olmaq lazımdır: "Neçə illərdir ki, L.Yunusun Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərdiyini bəyan edirəm. Onun bütün fəaliyyəti hər zaman ölkəmizin müstəqilliyi əleyhinə yönəlib. O, bu məsələdə tək deyil. Bu, geniş şəbəkədir. Xüsusilə də bunların fəaliyyəti "xalq diplomatiyası” adı altında aparılır. Bir qrup insanlar az qala bu "xalq diplomatiyası” məsələsini inhisara alıb. Özünüz də görürsünüz ki, həmin adamlardan biri olan L.Yunus Azərbaycan dilini necə təhqir edir. Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də SDİ rəhbərinin ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər. "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin parlamentin işi ilə bağlı dərc etdiyi hesabata gəldikdə isə, demək istəyirəm ki, bununla Azərbaycan parlamentini gözdən salmağa çalışırlar. Bəlli oldu ki, R.Səfərəliyevanın təşkilatı L.Yunusa gələn pulları yumaqla məşğul olub. "Xalq diplomatiyası” adı altında Azərbaycanın əleyhinə fəaliyyət həyata keçirilir. Bu gün L.Yunusu "xalq diplomatı” ediblər. Bəzi səfirlər də onun ətrafında birləşib, 2 saat ərzində ona 5 illik viza veriblər. Belə olmaz, axı”.

"Sizin ağıllı çıxışınıza qulaq asdım”

Milli Məclis sədri Oqtay Əsədov isə deputatın çıxışına maraqlı reaksiya verib. A.Quliyevə yönəlik, "Sizin ağıllı çıxışınıza qulaq asdım” - deyən spiker xatırladıb ki, deputat həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədridir: "QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Əgər layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu bir nəzarət kimi olmalıdır. Amma hər halda məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər var. Mən təəssüf etdim ki, "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində o, bəzi təşkilatlar kimi ölkəni qarışdırmaq ilə məşğuldur. Onlar öz hesabatlarında küçə yazılarını götürüb dərc edirlər. Bəzən bunun günahı bizim özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirirlər. Milli Məclisi çox pis vəziyyətdə göstərirlər”.

"Bizi haqsız tənqid edən telekanallara müsahibə verməyin”

Spiker O.Əsədov ölkə telekanallarının parlamentə qarşı iradlarına toxunaraq, TV-ləri haqsızlıqda suçlayıb: "Son vaxtlar mən də hiss edirəm ki, nəinki QHT-lər, hətta TV-lər belə parlamentə qarşı haqsız iradlar bildirirlər. Biz də buna qarşı hər zaman dözümlü olmuşuq. Deputatlardan xahiş edirəm ki, diqqətli olsunlar. Elə TV-lər var ki, Milli Məclisi çox pis formada təqdim ediblər. Üç-dörd gün sonra isə deputatlar gedib həmin kanallara müsahibə verirlər. Sizə belə münasibət göstərirlərsə, nə üçün, gedib müsahibə verirsiniz?! Bizi haqsız tənqid edən telekanallara müsahibə verməyin”.

"Başqa ölkənin vətəndaşı olanlardan Azərbaycan pasportları alınmalıdır”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, Azərbaycanda erməni kəşfiyyatına işləyənlərin adları artıq bəllidir: "Leyla Yunus anti-Azərbaycan qüvvələri və ermənilərlə birgə Azərbaycana qarşı mübarizə aparır. Necə olur ki, xarici dövlətlər, Fransa belə insanlara 5 illik viza verir? Mən bütün millət vəkillərinə və ictimaiyyətə müraciət edirəm ki, bu məsələyə həssas yanaşsınlar. Bir millət vəkili olaraq L.Yunusun Azərbaycana qarşı ermənilərlə birgə apardığı mübarizə haqqında dəfələrlə danışmışam. Artıq bu öz təsdiqini tapıb. L.Yunus erməni xüsusi xidmət orqanlarının təsiri altındadır. Erməni lobbisinin ayırdığı maliyyə vəsaitilə Azərbaycana qarşı müxtəlif təxribatlar aparır”.

Millət vəkili onu da bildirib ki, elə insanlar var başqa ölkənin vətəndaşıdır, lakin bu günə qədər Azərbaycan pasportunu daşıyır: "Hesab edirəm ki, başqa ölkənin vətəndaşı olanlardan Azərbaycan pasportları dərhal alınmalıdır”.

"Erməniyə işləyənlər səngərdə dayanan ermənilərdən daha betərdir”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Siyavuş Novruzov da bildirib ki, Azərbaycan vətəndaşlığından çıxmaq istəyənləri dərhal vətəndaşlıqdan çıxarmaq lazımdır. Millət vəkilinin sözlərinə görə, Xarici İşlər Nazirliyi bununla bağlı müvafiq bəyannamə yaymalıdır: "Hər bir vətəndaş bunu başa düşməli, dərk etməlidir. İnanmıram ki, kimsə öz xoşu ilə Azərbaycan vətəndaşlığından imtina edərək başqa ölkənin vətəndaşlığını qəbul etsin. Ola bilər ki, ticarət və özünü müdafiə etməkdən ötrü başqa dövlətlərin ərazisinə gedir. O, dərhal Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır”. S.Novruzov qeyd edib ki, dünyada baş verən hadisələr dövlət təhlükəsizliyi məsələlərinin önəmini artırır: "Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə işləyənlər, erməniyə işləyənlər səngərdə dayanan ermənilərdən daha betərdir. Çünki onlar bizə arxadan bıçaq sancan insanlardır ki, Azərbaycanda yaşayaraq Azərbaycan əleyhinə işlər görürlər. Azərbaycan barədə yalan məlumatlar verirlər. ABŞ Dövlət Departamenti də hesabat yayır. İndi bu hesabatların mənbəyi bəlli oldu. "5-ci kolon”un nümayəndələrinə qarşı biz öz işimizi düzgün qurmalıyıq ki, Vətənə xəyanət edən insanlar ifşa olunsun. Hüquq-mühafizə orqanlarına təhvil verilsinlər və hesabat versinlər. Burada heç nədən çəkinmək lazım deyil. Bu adamlar Azərbaycan hökumətinə, xalqa, millətə qarşı çıxış edib, ona görə də cəzasını almalıdır”.

Zahid Oruc həmkarının fikirlərinə etiraz etdi

Millət vəkili Zahid Oruc isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin Rusiya ordusunun Azərbaycanda yerləşdirilməsi fikrinə münasibət bildirib.

Qeyd edək ki, Q.Həsənquliyev mətbuata açıqlamasında lazım gələrsə, Rusiya ordusunun Azərbaycanda yerləşdirilə biləcəyini söyləyib.

Z.Oruc isə deputat həmkarının həm partiya rəhbəri, həm də Azərbaycan siyasətində özünəməxsus yeri olduğunu xatırladıb: "Düşünürəm ki, onun yürütdüyü siyasət fərqli baxış sisteminə malikdir. Onun lazım gəldiyi halda Azərbaycanda Rusiya hərbi bazalarının yerləşdirilməsi təklifi indiyə kimi meydana çıxmamışdı. Söhbət heç bir halda Rusiya və Ukrayna arasındakı bəlli davanın regional proseslərə və beynəlxalq münasibətlər sisteminə təsirindən getmir. Azərbaycan hər hansı bir ölkənin bölgədə yerləşdirilməsi qərarını verərsə, bu halda qanunvericilikdə dəyişikliklər baş verməlidir. Bir çox qanunlarımızda bu qadağan edilib”.

"Ziyafət müəllim, sizin bizdən heç bir fərqiniz yoxdur”

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev isə çıxışına narazılıqla başlayıb. O, parlamentdə deputatlara yetərli söz verilməməsindən şikayət edib. Bu zaman birinci vitse-spiker Ziyafət Əsgərov həmkarının sözünü kəsərək onu mahiyyəti üzrə danışmağa səsləyib. Bundan sonra F.Quliyev daha da kəskin ifadələr işlədib: "Bura notariat kontoru deyil. Ziyafət müəllim, burada hər kəsin öz fikrini bildirmək haqqı var. Siz heç kimin çıxışını kəsə bilməzsiniz. Sizin bizdən heç bir fərqiniz yoxdur. Səlahiyyətlərimiz eynidir. Sadəcə, siz çıxışçılara söz verirsiniz, vəssalam”.

"Məlahət xanım, məni məcbur etməyin ki...”

Xanım millət vəkili Məlahət İbrahimqızı isə Leyla Yunusdan danışıb. O bildirib ki, SDİ rəhbərinin son hərəkətləri, dövlətə xəyanətləri bağışlanmamalıdır. M.İbrahimqızı həmçinin L.Yunusun Azərbaycan dilində bilməməsini söyləyərək millət vəkili Əli Hüseynliyə sual ünvanlayıb.

Spiker Oqtay Əsədov isə M.İbrahimqızının çıxışından sonra onu tənqid edib: "Məlahət xanım, deyəsən mən Azərbaycan dilində pis danışmıram. 5 dəqiqə bundan öncə dedim ki, gündəlikdə duran məsələlər barəsində danışmaq lazımdır. Başqa məsələlərlə bağlı və deputatlara sualınız varsa, onu sonra edin. Xahiş edirəm sizdən. Məni məcbur etməyin ki, sözünüzü kəsim”.

Spiker: "Minsk Qrupu hesabat versin”

Parlament sədri O.Əsədov ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edib. ATƏT Parlament Assambleyasının 30-cu iclasının Bakıda keçiriləcəyini xatırladan spiker təklif edib ki, həmin sessiyada ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarla bağlı hesabat versin: "Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, mütləq növbəti sessiyalarından birində Minsk Qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin”.

O.Əsədov həmçinin Minsk Qrupunun həmsədrlərini də tənqid edib: "Təzə bir məsələ çıxarıblar, Dağlıq Qarabağla tərəfdaşlıq... Əslində məsələ bu cür qoyulmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun. Hətta bu yaxınlarda ABŞ-da bir tədbir hazırlanmışdı, orada amerikalı həmsədrin də iştirakı gözlənilirdi. Belə hallara yol vermək olmaz”. Spikerin bu təklifi millət vəkilləri tərəfindən alqışla qarşılanıb.

Spiker həmçinin Milli Məclisə irad bildirən televiziya kanallarına da səslənib.

Anar Bayramoğlu