Antalyaya axan pullar...

Leyla Yunus bu pulları hardan alıb, Hacı Zeynalabdin Tağıyevin nəvəsi deyil ki



"Haqqın.az” saytının rəhbəri, jurnalist Eynulla Fətullayev son günlərin əsas müzakirə mövzusu olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla bağlı maraqlı araşdırma aparıb. L.Yunusun həyat yoldaşı Arif Yunusla birlikdə ölkədən qaçmasının səbəblərindən tutmuş, bu "hüquq müdafiəçisi”nin xaricdəki mülklərinə qədər aparılmış araşdırmada E.Fətullayev "Ayna-Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsindən dərhal sonra ayağa qalxıb səsini çıxaran ilk adamın L.Yunus olmasına diqqət çəkib:

"Niyə də yox? Mirqədirovu Ermənistanın xeyrinə casusluqda ittiham edirlər. Bəs L.Yunus nə edir? O, jurnalisti açıq müdafiə etmək və istintaqa irad tutmaq əvəzinə, çox şübhəli və qəribə bir bəyanat verir - "Məni də həbs edin!”.

Səni xeyir ola? Səni hansı məqsəd və əsasla həbs etməli idilər? Nə Arzu Abdullayevanı, nə Zərdüşt Əlizadəni, nə də "xalq diplomatiyası”nın digər fəal iştirakçılarını, erməni-azərbaycanlı münaqişəsi ilə bağlı sülhyaradıcı proqramlara dəxli olan digərlərini yox, niyə məhz səni?! Axı Mirqədirovun konkret nədə ittiham olunduğu bu günə qədər də bəlli deyil. Bəs onda bu "qarğa, məndə qoz var” məntiqi nədir?! Yoxsa xoruzun quyruğu görünür?!”

Praqa baharı və "partiyanın qızılı”

E.Fətullayev məqaləsində göstərib ki, Baş Prokurorluq L.Yunusun "məsləhət”ini nəzərə alaraq onu istintaqa çağırır: "Şahid qismində. Özü də aprelin 28-də! Bəs bundan əvvəl hakimiyyəti onu həbs etməyə çağıran hüquq müdafiəçisi nə edir?! Ər-arvad Arif və Leyla Yunuslar bank hesablarından iri məbləğdəki pullarını tələm-tələsik çıxarmağa başlayırlar. Mirqədirov aprelin 20-də həbs olunur. Yunuslar ailəsi isə bundan 4 gün sonra Praqa banklarının birindəki hesablarına iri məbləğdə pullar köçürməyə başlayır. Və birdən, aprelin 28-də - Leyla Yunusun Baş Prokurorluqda şahid qismində ifadə verməli olduğu gün səhər tezdən hüquq müdafiəçisi 5 illik Şengen vizası alır. Bu sənəd ona Avropa İttifaqı ölkələrinin ərazisində yaşamaq hüququ verir. Və Yunuslar ailəsi aprelin 28-də istintaqın çağırışına getmək əvəzinə, təcili surətdə aeroporta yollanır və faktiki olaraq başını aşağı salıb ölkədən qaçmağa cəhd edir. Amma Yunuslar nəyə görəsə çox axmaq bir marşrut seçirlər. Onlar Bakıdan Qətərin paytaxtı Dohaya, oradan isə Parisə uçmaq qərarı verirlər. Sual olunur, Bakıdan Parisə birbaşa reys ola-ola, yaxud Bakıdan İstanbula, oradan isə Parisə hər gün reys ola-ola (mən onu da öyrənmişəm ki, həmin gün türk aviaşirkətlərinin İstanbul-Paris reysi olub) Yunuslar niyə məhz Dohaya, oradan Parisə uçub daha sonra da Brüsselə gəlməyə çalışıb?

Leyla Yunus az sonra bu suala kameralar qarşısında belə cavab verəcəkdi ki, "məqsədi bir konfransda iştirak etmək idi”. Sual olunur, hansı konfransda? Brüsseldə keçiriləcək bu konfrans nə tədbir idi ki, L.Yunus yazın axırında ora bütün qış paltarlarını çamadanlara doldurub, pullarını Praqa banklarına köçürüb, 5 illik viza alıb gedir, titrətmə içində aeroporta tələsirdi? Hələ bu da hamısı deyil. L.Yunus bileti nəyə görəsə Bakı aviakassalarından almayıb. Bileti onun üçün Moskvanın "OZON travel” agentliyindən alıblar! Nəyə görə məhz Rusiya turizm agentliyindən? L.Yunus üçün bu bileti kim alıb, onun ölkədən getmək planının sxemini kim çəkib? Nəhayət, L.Yunus 5 illik vizanı Fransa səfirliyindən alıb. Az əvvəl burada ona Fransanın ali mükafatı - "Fəxri legion” ordeni təqdim olunmuşdu. Çox maraqlıdır, L.Yunus Fransa siyasətinin formalaşmasında güclü erməni disporunun rolunun çoxdan bəri həlledici olduğu (az qala "ikinci skripka” səviyyəsində!) bir dövlətin ali mükafatını hansı xidmətlərinə görə almışdı? L.Yunus erməni isteblişmentinin nümayəndələri ilə birgə "sülhyaradıcı layihələr” işləyib hazırlayır. Onu həmişə həm Ermənistanın özündən, həm də erməni diasporundan olan adamların əhatəsində görərsən. Sual yaranır ki, L.Yunusu qırğı cildini bu sürətlə atıb sülhyaradıcı libasına bürünməyə nə vadar etdi?

Qaçışı Fransa səfiri təşkil edib

Jurnalist araşdırmasında qeyd edib ki, Fransa səfirliyinin aprelin 28-də Baş Prokurorluqda şahid ifadəsi verməli olan L.Yunusa 5 illik vizanı bir neçə saatın içində verməsi azmış kimi işə hətta birbaşa Fransa səfirinin özü qarışır: "L.Yunus aeroporta Fransa diplomatik nümayəndəliyinə məxsus avtomobildə gedir. Yəni şahidin ölkədən qaçışını faktiki olaraq səfir özü - cənab Paskal Monye təşkil edir. ABŞ-ın müvəqqəti işlər vəkili də buradadır (görünür, gözə görünməməyə qərar verən səfir Morninqstar bu çirkin "detektiv tarixçə”yə bulaşmaq istəməyib). Və Fransa səfirinin iştirakı ilə yaşanan bütün bu qalmaqallı əhvalat birbaşa Fransa prezidenti Ollandın Azərbaycana səfəri ərəfəsində baş verir. Səfirliyin və şəxsən səfirin özünün məqsədi nədir? Onlar Fransa televiziyasının Moskvada akkreditə olmuş müxbiri Yelena Voloşinanın L.Yunusun ilk zəngindən sonra Bakıya gəlişi barədə doğrudanmı heç nə bilmirdilər? Fransa prezidentinin səfəri ərəfəsində fransız KİV-lərində bu qalmaqal kimə lazım idi, kimin maraqlarına xidmət edirdi? Məsələ də budur”. E.Fətullayev qeyd edib ki, L.Yunus yalan danışıb: "Özü də bu çirkin əhvalatın lap əvvəlindən. Və olduqca xoşagəlməzdir ki, "bütün əzilmiş xalqların azadlığı uğrunda mübarizin” iştirakı olmadan baş tutması mümkün olmayan hansısa anlaşılmaz konfrans barədə iddialarla çıxış edərkən xarici diplomatlar da yalan danışırdılar. Allah bilər, günahları öz boyunlarına! L.Yunus Parisə uçurdu, heç bir Brüsseldən söhbət belə getmirdi. Və qaçqınları aeroporta qədər müşayiət edən diplomatlar da bu barədə xəbərdar idilər. Parisdə isə Yunusları mənşəcə özbək olan Nadejda Atayeva adlı biri gözləyirdi. O, 2000-ci ildə atasına - "Uzxlebprodukt” korporasiyasının rəhbərinə korrupsiya ittihamı ilə cinayət işi qaldırılandan sonra Özbəkistandan Fransaya qaçıb. Yeri gəlmişkən, N.Atayeva Özbəkistanın özündə qiyabi olaraq 6 il həbsə məhkum edilib. Hazırda isə o, əri Sergey İqnatovla birlikdə Parisdə yaşayır. Yunusların Parisə getməli olduğu həmin gün Nadejda Atayeva sosial şəbəkələrdə onların müdafiəsi üçün səs-küylü kampaniya başladı. O, erməni KİV-lərinə (panorama.am) istinadən başqa rezonans doğuran kampaniya da başlayıb və olduqca maraqlıdır ki, burada bizim köhnə qəhrəmanımızın - Vaşinqtondan olan "Miledi”nin də adı keçir.

Yəni çoxları izah etməyə çalışır ki, informasiyanı məhz ledi Vinsentə çatdırmaq lazımdır. Həmin ledi Vinsentə - ötən il Azərbaycandan deportasiya olunan Amerika xüsusi xidmətlərinin məxfi əməkdaşına. Maraqlı təsadüfdür, elə deyilmi?!”

Antalyada mənzil

Fətullayev onu da deyir ki, tutaq ki, bütün bu yuxarıda yazılanlar jurnalistin uydurması və xəstə təxəyyülünün məhsuludur: "Bu halda L.Yunus digər elementar suala - Brüsselə beynəlxalq konfransa getdiyi halda Antalyadakı mənzilinin mülk sənədlərini niyə özü ilə götürdüyünə necə cavab verə bilər? Axı onun çamadanında axtarış zamanı Antalyadakı daşınmaz əmlaka aid sənədlər çıxmışdı! Həm də təkcə onlar yox!!! Mən sualları və gəlirlər haqda bəyannamənin təqdim olunması barədə ədalətli tələbi, "işğalçı rejimin pəncəsi altında əzab çəkən” zavallı, yetim hüquq müdafiəçisində başqa ölkələrdə mənzil almaq üçün bu qədər pulun haradan olduğu barədə izahatı bir kənara qoyuram. Yunus nə zadəgan deyil, nə Hacı Zeynalabdin Tağıyevin nəvəsi deyil, təsəvvür edin, onun hətta azərbaycanlı oliqarxlara da qohumluğu çatmır. O zaman sual olunur: "pullar haradandır, Zin”?!

Və bir də, Yunusların Antalyadakı mənzillərinin "kupça”ları Brüsseldəki konfransda kimə lazım idi? Hə? Cavab vermirsiniz ki?”.

Jurnalist araşdırmasında vurğulayıb ki, L.Yunus kifayət qədər böyük pul axınlarını idarə edib: "Məsələn, təkcə hansısa anlaşılmazlıqdan (belə hesab edək!) "Transparency Azərbaycan” təşkilatına başçılıq edən korrupsiya ilə, qohumbazlıqla baş mübariz Rəna Səfərəliyevanın başçılıq etdiyi "Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-si vasitəsilə Leyla Yunus son

bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən alıb və bank hesabından çıxarıb. Əgər xanım Yunus istəsə, biz böyük məmuniyyətlə onun demokratiya uğrunda mübarizə, NKVD-yə qarşı savaş və ermənilərlə dostluq üçün daha hansı QHT-lər vasitəsilə başgicəlləndirici məbləğdə pullar aldığını göstərən siyahını da dərc edərik. Və bütün görünən odur ki, bu pulların böyük hissəsi Antalyaya gedib! Bəs R.Səfərəliyeva hara baxırdı? Axı korrupsiya və qanunazidd əməlin törədilməsinə dair şübhələr açıq şəkildə ortadadır. Bəs necə, "Transparency”nin hamisi, "krışa”sı müqəddəsdir! Maraqlıdır, NKVD-yə, Beriya və Yaqodaya qarşı əsl mübariz qismində xanım Yunus R.Səfərəliyevanın QHT-sinə hansısa aidiyyəti olmadığı halda bu təşkilatın hesabından böyük məbləğdə pulları necə çıxara bilib? Burada bank sənədlərinin saxtalaşdırılması olmadan keçinmək mümkün deyil və L.Yunus bunun köməyi ilə göstərilən tranşları nağdlaşdırıb. Və çox güman ki, bu qanunsuz maliyyə əməliyyatları Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə çağıran QHT-nin rəhbərliyinin razılığı olmadan həyata keçirilə bilməzdi!

Görünən odur ki, hüquq-mühafizə orqanları tezliklə bu suala da cavab tapacaqlar. Ancaq indidən aydındır ki, L.Yunus bu pulları Böyük Britaniya və Kanada səfirliklərindən, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı NED fondundan alırdı. Maliyyə axınları Rəna Səfərəliyevanın QHT-sinin "UniBank”dakı hesabına daxil olurdu. Pullar Fransanın "Societe Generale” bankı, Amerika bankları "Citibank” və "Wells Fargo Bank” Avstriya bankı "Raiffeisen Bank” və alman bankı "Commerzbank”dan köçürülürdü.

Bax, indi mən Yunus cütlüyünə sual verirəm - bu QHT-lər vasitəsilə nağdlaşdırılan pullar hara xərclənirdi? Əgər onlar bu pulların qəpiyinə qədər hesabını verə bilsələr, məndə başqa QHT-lər və banklar üzərindən həyata keçirilən digər böyük maliyyə fırıldaqları, nəqdləşdirilən pul axınları barədə suallar yaranacaq. Və əlbəttə ki, Praqa banklarındakı hesablar barədə...”.