Yol polisi ilə sürücünün əlaqəsi kəsilir

Avtomobil sahibləri məhkəməyə müraciət etmək imkanı da əldə etdilər





Milli Məclis İnzibati Xətalar Məcəlləsi və "Yol hərəkəti haqqında” qanunlara dəyişikliklər edib. Dəyişikliklərlə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli xatırladıb ki, bu yaxınlarda ölkə başçısı ASAN xidmət növlərinin genişləndirilməsi ilə bağlı fərmana dəyişiklik edib: "Bununla əlaqədar yol hərəkəti qaydaları ilə bağlı inzibati xətalara dair işlərə baxılması qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı daha şəffaf və operativ mexanizmlərin tətbiq olunması nəzərdə tutuldu”.

Ə.Hüseynli bildirib ki, nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və elektron ünvanını, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron

qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir. Komitə sədri onu da vurğulayıb ki, qanunda sürücü ilə yol polisi əməkdaşları arasında birbaşa əlaqələrin minimuma endirilməsi nəzərdə tutulur: "Həmçinin qanunda sürücülər hansısa narahatlıq doğuran məsələ olduğu zaman məhkəməyə müraciət etmək imkanı əldə ediblər. Bir sıra hallarda şirkətlər və həmin şirkətlərə məxsus avtomobillərin sürücüləri yol hərəkəti qaydasını pozduqlarına görə məsuliyyətə cəlb olunurdular. İndi təklif olunan dəyişiklik isə vadar edəcək ki, hüquqi şəxslər və nəqliyyat sahəsində məşğul olanlar əgər sürücülər dəyişirsə, bu barədə mütləq dövlət yol polisinə məlumat versinlər”.

Deputat Rəfael Cəbrayılov "Yol hərəkəti haqqında” qanun layihəsinə dəyişikliklərdən danışarkən bildirib ki, xüsusi siqnallarla təchiz olunmuş avtomobillərə yol verilməməsi ilə bağlı qayda pozuntusu digər qayda pozuntusu ilə müqayisədə təhlükəlidir: "Söhbət yol polisi, yanğınsöndürən, təcili yardım maşınlarından gedir. Sürücülər polis maşınlarına yol verirlər. Bunun səbəbləri aydındır. Yanğınsöndürən maşınlara da yol verilir. Çünki onların qabariti böyükdür və toqquşma təhlükəsi baxımından onlara da yol verilir. Lakin təcili yardım maşınlarına yol verilməməsi çox geniş yayılıb. Burada insan sağlamlığından söhbət getdiyi üçün məsələ daha təhlükəlidir”.

R.Cəbrayılov bəzi təkliflər verib: "Qanun layihəsinin 151-ci maddəsində sadalanan əməllərlə birgə 60 manat cərimə olunma ayrı bir maddədə verilməlidir. Nəzərə çatdırım ki, Milli Məclisin belə bir təcrübəsi var. Piyadaların keçid zolağı üzərinə çıxan andan onlara sürücü tərəfindən yol verilməsini iki il bundan öncə ayrı bir maddədə yerləşdirdik. Təbii ki, bu da lazımi effekt verdi. Xüsusi səs siqnalları, sayrışan işıqlarla təchiz olunmuş avtomobillərə yol verilməməsinə görə inzibati məsuliyyət 151.2-ci maddədən çıxarılıb, ayrıca maddədə verilsin və sanksiya ən azı 100 manata kimi qaldırılsın”.

Anar