Spiker deputatları danladı

“Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir?”





Milli Məclisin ötən gün keçirilən toplantısında gündəlikdəki məsələlər bitdikdən sonra spiker Oqtay Əsədov tərəfindən açıq debat elan edilib. Parlament sədri deyib ki, hansı deputatın əlavə nə sualı və təklifi varsa, debat zamanı söyləyə bilər.

Debatın ilk danışanı spikerin özü olub. O.Əsədov mətbuatı yenidən tənqid edərək, bildirib ki, KİV-lər sadəcə olaraq neqativ yazılar yazmaqla məşğuldurlar: "Hələ bizim çıxışlarımız qurtarmamış mətbuatda "Parlamentin sədri tərəfindən deputatlara müsahibə verməyə qadağa qoyuldu”, "Spiker deputatlara televiziyalara çıxmağa icazə vermədi” kimi yazılar yazıblar. Çox təəssüflər ki, parlamentdə bu qədər məsələlər həll olunur, bu qədər müsbət məsələlər öz həllini tapır, amma bunların heç birini demirlər. Kimsə hansısa neqativ bir şey tapıb, ondan yazır. Çox təəssüflər ki, bizim özümüz də bunların yazılmasına rəvac veririk”.

Spiker daha sonra deputatları tənqid edərək bildirib ki, millət vəkilləri parlament iclaslarında iştirak etmirlər: "Milli Məclisin ayda iki iclası keçirilir. Bura bizim hamımızın iş yeridir. Amma ayda iki dəfə keçirilən iclaslara da deputatlar yarım saat gecikirlər. Elə bir az bundan əvvəl səsvermə zamanı gördük ki, yetərli səs yoxdur. Bizim başqa nə işimiz var axı? Biz deputat seçiləndə, öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir? Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə tədbiri? Hansı tədbir? Milli Məclisin iclasından daha vacib olan tədbir nədir axı? Bir dəfə dinmirik, iki dəfə dinmirik. Gedir tədbirə iclasın yarısına gəlirlər, sonra da bir-iki çıxış edir, yenidən çıxıb gedirlər. Biz özümüz-özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın. Mən öz fikrimi deyirəm, burada çəkinməli bir şey yoxdur”.

O.Əsədov həmçinin deputatların Milli Məclis binasına gəlməmələrinə irad tutub: "Bir sual verəcəm. Bu boyda bina tikilib. Mən bu binada komitə sədrlərindən başqa deputatların 70 faizini kabinetdə görməmişəm. Yaxşı, əgər deputatlar kabinetə gəlmirsə, həmin yerləri ekspertlərimizə verək, gedib otursunlar”. Daha sonra spiker deputatların telefon məsələsindən danışıb: "Deyirik ki, burada sakitlik olsun. Hamımız telefondan istifadə edə bilirik. Girirsən parlamentə, telefonu səssizə qoy. İclas gedir, hər tərəfdən bir zəng gəlir. Bunlar elementar məsələlərdir. Bunları demək heç yaxşı deyil. Amma xahiş edirəm, bunları nəzərə alın”.

Parlament debatında fikir bildirən millət vəkili Elton Məmmədov da jurnalistləri qınayıb: "Oqtay müəllim, siz sağlam ictimaiyyətə böyük mesaj yolladınız. İndi bunu hörmətli mətbuat işçiləri hər zaman olduğu kimi özlərinə sərf edən formada qiymətləndirir. Bu başqa məsələdir. Sizdən xahiş edirəm ki, çox hörmətli mətbuat işçilərinə, Milli Məclisə akreditə olunan mətbuat əməkdaşlarına tövsiyə və tapşırıq verin ki, millət vəkilinin boynunu ardından yuxarı "loja”dan çəkib ekran vasitəsilə reklam etdirməsinlər. Onların qeyd etdiyi həmin hərəkətlər etik normalara ziddir. Milli Məclis sivil və qanunverici orqandır. Milli Məclisin Mətbuat Katibliyi var. Sizin tapşırığınıza uyğun olaraq lazım bilinən süjetləri, çəkilişləri müraciət edərək akreditə olunmuş jurnalistlər alaraq ictimaiyyətə çatdıra bilərlər. Bura məxfi orqan deyil. Ona görə yararsız çəkilişləri, görüntüləri ictimaiyyətə çatdıraraq Milli Məclisi və deputatları gözdən salırlar”.

Millət vəkili Siyavuş Novruzov isə mətbuat və televiziyalarla bağlı müzakirələr zamanı deyib ki, cəmiyyət üçün nə maraqlıdırsa, televiziyalarda insanlar ona da baxacaq: "Biz burda özümüzü öldürsək də, kimin nəyə marağı var, ona baxacaq. İndi hamı Xoşqədəm Hidayətqızının verilişinə baxır. Nə etməliyik? İndi XXI əsrdir, hərə öz evində istədiyi kanala baxır, kimisi "euronews”-ə, "CNN”-ə, kimsi də Xoşqədəm Hidayətqızına baxır. Bunu kiməsə qadağan etmək mümkün deyil”.

Daha sonra millət vəkili xəbər portallarından da narazılıq edib: "Bu gün elə saytlar var ki, 5-6 uşağı yığıb başına, ancaq ara qarışdırmaqla məşğuldur. Sualı ona kimsə yazıb verir. Sonra da sənə zəng edir ki, buna münasibət bildir. Sual verəndə də görürsən ki, necə savadsız jurnalistdir. Hətta araşdıranda ortaya çıxır ki, bunun heç ali təhsili də yoxdur”.

Anar Bayramoğlu