Ziyan verir

Uorlikin geri çağırılmasına çalışmaq lazımdır




ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "Twitter” səhifəsində verdiyi bəyanatlar ictimai-siyasi çevrələrdə birmənalı qarşılanmayıb.

Çünki Uorlik öz profil səhifəsində münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ olduğunu yazıb və Dağlıq Qarabağın birbaşa iştirakı ilə danışıqlar aparılmasını təklif edib. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov C.Uorlikin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi qərəzli bəyanatlarını və diplomata xas olmayan davranışlarını əsas gətirərək onun geri çağırılması məsələsini qaldıracağını bildirib.

Həmsədrin ajiotaj yaradan "tvit”ini şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, C.Uorlikin fəaliyyəti bütünlüklə ermənipərəstlik mövqeyi üzərində qurulub: "O, açıq-aşkar Ermənistanı proseslərdən kənarlaşdırmaq və Azərbaycanla qondarma bir qurum olan Dağlıq Qarabağ rejiminin dialoqunu təşkil etmək istəyir. Bu cür bəyanat Minsk Qrupunun tarixində görülməmiş bir hadisədir. Düzdür, Uorlik Dağlıq Qarabağ münaqişəsinin anatomiyasını yaxşı bilir. Amma bununla yanaşı, qərəzli mövqe sərgiləməkdən çəkinmir. O, diplomata yaraşmayan bir tərzdə gah "Twitter” səhifəsində, gah da müsahibələrində məntiqsiz mülahizələrlə çıxış edir. Zənnimcə, amerikalı həmsədrin açıqlamaları diplomatik əqli çatışmazlığın göstəricisidir. Heç Rusiyadan olan həmsədr onun qədər proseslərə ziyan vurmur”.

Politoloqun sözlərinə görə, Uorlikin Minsk Qrupunda olması qurumun işinə ciddi əngəllər yaradır və ABŞ-ı nüfuzdan salır: "Azərbaycan haqlı olaraq həmin şəxsin geriyə çağırılmasını tələb edib. Çünki Uorlikin Minsk Qrupunda qalması destruktiv addımların yaranmasına zəmin yaradır”.

Q.Hüseynli Uorlikin geriyə çağırılması mexanizmindən də danışıb: "Belə bir mexanizm mövcuddur. Minsk Qrupunun həmsədrliyinə namizədlər irəli sürüləcəyi təqdirdə dövlətlərdən biri əsaslı şəkildə ATƏT-in sammitində etiraz edərsə, onda sözügedən beynəlxalq təşkilat bu barədə düşünüb qərar verə bilər. Ancaq amerikalı həmsədrin vəzifəsindən uzaqlaşdırılması müəyyən enerji tələb edəcək. Amma Azərbaycan buna mütləq nail olmalıdır”.

İsmayıl