“Topaz” gənclərə tor hörür

Uğursuz ailələr, işsizlər, məşğuliyyəti olmayan cavanlar günlərini bu qumarxanada keçirirlər




Telekanallarımız qumarı reklam etməyə başlayıb. Yanlış anlaşılmasın deyə, dərhal izahını verək ki, söhbət "Topaz” mərc oyunlarından gedir. "Topaz”ın qumarın müasir növü olması da hər kəsə bəllidir. İstər müasir olsun, istərsə də, "dədə-baba” qumarı, onun necə ziyanlı, evyıxan olması da hamıya məlumdur.

Bu məsələ dəfələrlə ictimai müzakirələrə səbəb olub, hətta bir neçə dəfə Milli Məclis tribunasından da "Topaz” və bu kimi mərc oyunları ilə bağlı iradlar bildirilib, həyəcan təbili çalınıb. Xatırladaq ki, Milli Məclisin ötən sessiyasında "Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkilləri Məlahət İbrahimqızı və Fazil Mustafa mərc oyunlarına kəskin reaksiya bildirmişdilər. Qeyd edilmişdi ki, mərc oyunlarında iştirak üçün yaş həddi tətbiq edilməlidir və 18 yaşı tamam olmamış gənclərin mərc oyunlarında iştirakı qadağan edilməlidir. Xanım millət vəkili isə məhz mərc oyunları səbəbindən ailələrin bədbəxtliklə üzləşdiklərini demişdi:

- Təkcə Nəsimi rayonundan 13 ana mənə müraciət edib. Guya ki, bu oyunlar gənclərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulub. Amma adamlar orada evlərini uduzur. Universitetlər də şikayət edirlər ki, tələbələri oradan yığmaq olmur. Bu günlərdə mənə 3 müraciət də daxil olub. Daha çox analar müraciət edir. Hətta bir müraciətdə qadın qeyd edib ki, onun həkim olan həyat yoldaşı "Topaz”da külli miqdarda pul uduzub və evini satmaq məcburiyyətində qalıb. Digər iki müraciətdə isə analar bildirir ki, övladlarını həmin yerdən çəkə bilmirlər. "Topaz”ın işi, gənclərin, insanların asudə vaxtının təşkili ilə bağlı, dövlət başçısının, parlamentin, dövlətimizin həyata keçirdiyi siyasətin tam əksinə olan bir fəaliyyətdir. Yəni bir yerdə ki pulla oyunlar var, bunun nəticəsi də artıq məlumdur, hansı formada oynanılmasının fərqi yoxdur. Başlanğıc, nəticədə və niyyət eynidir”. Parlamentdəki çıxışında xanım deputat "Topaz” bukmeker kontorlarını "mənəviyyatsız yer” adlandırmışdı.

Görünür, millət vəkillərinin iradları rəsmi qaydada qumar oyunu təşkil edənlərə təsirsiz ötüşüb. O dərəcədə ki, artıq televiziyalarda bunun reklamını də təşkil edirlər. Reklama işləyən telekanallarımız da gəlirlərini ailələrin, gənclərin bədbəxtliyindən üstün sayaraq bu reklamlara bol-bol efir vaxtı ayırırlar.

Problemə ciddi şəkildə təpkinin gözləndiyi bir vaxtda Milli Teleradio Şurası reaksiya verib. Ancaq məsələnin yalnız bir tərəfinə. Mərc oyunlarının gündüz deyil, yalnız gecə saatlarında efirə verilməsi ilə bağlı. MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, mərc oyunları ilə bağlı reklamların gecə saatlarında, yəni saat 23:00-dan sonra efirə getməsi daha məqsədəuyğundur. Açığı, buradakı məqsədəuyğun ifadəsinin özü, məqsədəuyğun görünmür. Burada hansı "məqsəddən” söhbət gedir, anlaşılması zordur.

Belə çıxır ki, televiziyalarda istənilən zadı reklam etmək olar. Təki saatlar düzgün seçilsin?! Deyirsiz, yəni, bizim uşaqlar saat 23:00-dan sonra yatır?! Və ya "Topaz”a insanları cəlb etmək üçün mütləq reklamını təşkil etmək lazımdır? Onsuz da bəziləri az qala "Topaz”da gecələyir. Nəticəsi də məlumdur.

Gələk sırf reklam məsələsinə. Bu barədə "Şərq”ə danışan televiziya mütəxəssisi Zeynal Məmmədli qeyd etdi ki, qadağaların hər zaman lazımi effekt verməməsi prizmasından yanaşılanda MTRŞ sədrinin münasibətində məntiq tapmaq mümkündü. Amma:

- Gəlin görək, demokratiya yalnız kompromizm, hər şeydə güzəştə getmək deməkdirmi? Demokratiya ən əvvəl cəmiyyəti, cəmiyyətin çıxarlarını düşünməlidir. Analiz etmək lazımdır, doğrudanmı futbol qumarı futbolun inkişafına xidmət edir? Və ya doğrudanmı futbol qumarı ailələri xoşbəxt edir? İşsizlər iş tapır, qazanc əldə edirlər? İşsizliyin olduğu bir yerdə bu tip qumar oyunlarına yol verilməsi insanların qumarxanalara axın etməsinə səbəb olur. Uğursuz ailələr, işsizlər, məşğuliyyəti olmayan cavanlar günlərini bu qumarxanalarda keçirir. Bu artıq bütövlükdə cəmiyyəti təhdid etdiyi üçün ona yasaq qoyulmalıdır. Düzdür, elə bir dövr ola bilər ki, mərc oyunlarının müsbət nəticələri olsun. Amma bizim indiki dövrümüzdə bu cür oyunlar ancaq insanları qumara öyrədir. Bunun nə futbolun inkişafına aşağı-yuxarı təsiri var, nə də ailələrin sosial durumlarının yaxşılaşmasına. Bir reklamın xeyrindən çox, zərəri varsa, deməli, onun yasağı barədə düşünülməlidir. Reklamın vaxtını dəyişmək, saatlar təyin etmək müsbət bir işə yaramayacaq. O zaman niyə siqareti reklam etmirlər? Və ya spirtli içkilərin reklamını yenə də gecə saatlarına saxlayırlar? Uşaq reklam toruna düşə bilər, böyüklər yox?! Bir şey ziyanlıdırsa, onu reklam etmək ümumiyyətlə lazım deyil.

Məlahət Rzayeva