Evakuator gəlir, tələsin...

İndi avtomobil sahibləri yol polislərindən çox bu maşınlardan gizlənirlər




Şəhərdə evakuatorların "at oynatması”ndan çox yazılıb, çox deyilib. Evakuatorların hansı hallarda avtomobilləri öz "belinə alıb” aparmasına dair qanunvericiliyin müddəaları da bəllidir. Amma nə yazıq ki, qanunlara məhəl qoyan yoxdur. Evakuasiya xidmətinin kimlərinsə şəxsi gəlir mənbəyinə çevrilməsindən dəfələrlə deyilib.

Vəziyyət isə dəyişməz qalır. Evakuatorlar avtomobil ovlamaqda yol polislərini daha arxada qoyub. Avtomobil sahibləri yol polislərindən daha çox evakuatorlardan gizlənirlər.

Sürücülərin tək dərdi avtomobilin cərimə meydançasına aparılması və ya cərimənin ödənməsi olsaydı, nə vardı!.. Sürücülər bundan daha artıq evakuatorların daşıdığı avtomobillərinin əzilməsindən əziyyət çəkir.

Dərd burasındadır ki, əzilmiş avtomobilə dəymiş ziyanın ödənməsi məsələsi də problemə çevrilir. Srağagün sosial şəbəkələrdə evakuatorun belindən aşan avtomobilin fotoları paylaşılıb. Şəklə münasibət bildirənlər oxşar halların tez-tez baş verdiyini, evakuatorların maşınları tezbazar "oğurlamaq” üçün tələskənliyə yol verdiyi, təhlükəsizlik qaydalarına riayət etmədikləri, nəticədə avtomobillərə maddi ziyan dəydiyindən, eləcə də də avtomobilə dəymiş ziyanın ödənməsində problem yaşandığından yazıblar.

Srağagünki hadisə ilə bağlı sürücüyə maddi ziyanın sığorta şirkəti tərəfindən ödənməli olduğu da deyilib.

Məsələyə münasibət bildirən hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, hər kəs bir yol göstərə bilər, önəmli olan qanunların nə diktə etdiyidir:

- Adamlar çox söz deyə bilər. Baxmaq lazımdır ki, qanun nə deyir? "Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsində göstərilir ki, nəqliyyat vasitələrinin evakuasiyası zamanı zərər dəyibsə, bu halda zərərçəkmiş məhkəməyə müraciət etməlidir. Dəymiş zərərin ödənməsi həm Mülki, həm də Mülki Prosessual Məcəllə ilə tənzimlənir. MM və MPM-yə görə isə vətəndaşa və ya onun mülkiyyətinə dəymiş ziyan ziyan vuran tərəfindən ödənməlidir. Ölkəmizdə evakuasiya xidmətinin həyata keçirilməsi Dövlət Yol Polisinə həvalə edilib. O da bu işi təhlükəsiz, zərərsiz həyata keçirməlidir. Deməli, vətəndaşa dəymiş ziyanın ödənməsi DYP-nin üzərinə düşür. Burada bir məqam da ondan ibarətdir ki, evakuasiya xidməti DYP-yə həvalə edilsə də, DYP evakuasiya xidməti ilə bağlı özəl şirkətlərlə müqavilə bağlayır, əməkdaşlıq edir. Əgər vətəndaşın avtomobili özəl şirkətə məxsus evakuator tərəfindən aparılarkən ziyan görübsə, maddi təzminatı həmin özəl şirkət ödəməlidir. Gələk, sığorta məsələsinə. Burada sığorta şirkəti də dəymiş ziyanı ödəyə bilər. Amma

ödədiyi məbləği DYP və ya özəl şirkətdən tələb etməklə. Sığortanın iki növü mövcuddur. İcbari sığorta və kasko - ümumi sığorta. İcbari sığortada avtomobil sahibi öz maşını ilə digər bir avtomobilə ziyan vurubsa, zərərçəkmişə təzminat ödəyir. Ümumi, könüllü sığortada isə vətəndaşın avtomobilinə istənilən şəkildə dəymiş ziyanı sığorta şirkəti ödəyir. Ola bilər, avtomobil yansın, yol-hərəkəti qaydasını pozmaqla hansısa ziyan çəksin və ya evakuasiya zamanı avtomobilə zərər dəysin. Bütün hallarda sığorta şirkəti dəymiş ziyanı ödəməlidir. Və ödədiyi məbləği DYP-dən tələb etməlidir. Amma əgər vətəndaşın sığortası yoxdursa, dəymiş ziyanın ödənməsi birbaşa DYP-nin üzərindədir.

Ə.Hüseynov evakuasiya qaydaları ilə bağlı da izahat verdi:

- Nə "Yol hərəkəti haqqında” qanunda, nə İnzibati Xətalar Məcəlləsində, nə də "Yol Patrul Xidməti” haqqında Təlimatda dayanma-durma qaydalarını pozan, yol hərəkətinə mane olan, tıxac yaradan avtomobilin evakuator tərəfindən ərazidən kənarlaşdırılması zamanı sürücüyə xəbərdarlıq edilməsi qaydası var. Heç bir qanunverici aktda bu hal nəzərdə tutulmayıb.

Dünya təcrübəsində belədir ki, meqapolislərdə avtomobil iki halda ərazidən kənarlaşdırılır. Bir, əgər tıxac yaranmasına, hərəkətin ləngiməsinə səbəb olursa, iki, əgər təhlükəli yerdə saxlanıbsa. Yəni, həmin nöqtədə qaz xətti, yüksək gərginlikli elektrik xətti keçirsə, sürücünün həyatı üçün təhlükə

varsa. Mən özüm belə bir halın şahidi olmuşam ki, Hökumət Evinin arxasındakı küçədə 5 avtomobil yan-yana dayanıb və 5-i də dayanma-durma qaydasını pozub, evakuator gəlib birinci dayanan avtomobili götürüb gedib, 4-ü öz yerində qalıb. Əgər bu avtomobillər qaydanı pozublarsa, niyə ancaq biri aparılır, qayda pozuntusu digər 4 avtomobilə aid deyilmi? Və yaxud həftənin iş günlərində adətən hərəkət sıxlığı yaşanan elə küçələr var ki, şənbə-bazar günləri oradan 15 dəqiqədən-bir maşın keçir. Tutalım bir avtomobil gəlib dayanıb o küçədə. Heç bir tıxac, hərəkət sıxlığı da yoxdu. Yol patrul xidməti əməkdaşları heç bir xəbərdarlıq etmədən avtomobili evakuatora yükləyib aparırlar. Daha yaxşı olar ki, o avtomobilin şəklini çəksinlər və sahibinə cərimə barədə bildiriş yazsınlar. Dayandığı müddətdə ətrafda heç bir narahatlıq törətməyən avtomobilin evakuatora yüklənib aparılması nəyə lazımdı? 1-2 ay əvvələdək qaydaları pozan avtomobillərin şəkillərinin çəkilməsi və bildirişlərin ön şüşəyə vurulmasından geniş istifadə olundu. Bu, daha müasir metoddur. Amma sonra bunu dayandırdılar. Maraqlanmışam ki, niyə bu üsuldan daha istifadə edilmir, mənə səbəb göstərirlər ki, şikayətlər çox olub, cərimələr vaxtında ödənmirdi və s. Bunlar əsaslı səbəb deyil axı. Cərimə ödəməyənin məsuliyyətə cəlb olunması qaydası var. Biz hüquqi dövlətdə yaşayırıqsa, belə məsələlər hüquq çərçivəsində həll edilməlidir. Evakuator xidmətini sivil üsullarla icra etmək mümkündü. Tutalım, avtomobil dayanma-durma qaydasını pozub. Bəlkə hansısa ekstremal şərait yaranıb, sürücü avtomobili saxlamağa məcbur olub. Yaxşı olar ki, evakuator avtomobili uyğun bir yerə çəksin, sürücüyə isə hərəkət qaydasını pozduğuna görə, bildiriş yazsın, cəriməsini təyin etsin. Digər tərəfdən evakuatorlarda kompyuter quraşdırılmayıb. Yol polisi maşınlarında isə kompyuter var. Orada elektron sistemlə istənilən avtomobilin sürücüsünü, onun əlaqə nömrəsini tapmaq mümkündü. Yaxşı olar ki, evakuatorlar da kompyuterlə təchiz edilsin və avtomobili dayanacağa aparmazdan öncə sürücüyə xəbərdarlıq edilsin.

Məlahət Rzayeva