Azərbaycançılıq ideologiyasının baş memarı

“Ümummilli liderin hakimiyyətə gəldikdən sonra rüşeym halında formalaşdırdığı ideyanın alternativi yoxdur”




Azərbaycançılıq dövlətçilik konsepsiyamızın əsas prinsiplərindən birini, bəlkə də birincisini təşkil edən milli ideologiyamızın özəyi, onun sivil ideya modelidir. Azərbaycançılıq deyilən ülvi konsepsiya qədim və kəşməkəşli tariximiz, milli, mədəni, dini ənənələrimiz üzərində pərvəriş tapanda, milli ideyanın milli təkrarsızlığı yaranır. Biz bu gün inteqrasiya prosesinə qlobal sivilizasiyanın ayrılmaz tərkib hissəsi kimi, öz "mən”imizlə, öz milli mentalitetimizlə, dil və dinimizlə, bütün əxlaqi dəyərlərimizlə, milli özünüdərkimizlə, etnik şüur intibahımızla, xalqın həmrəyliyi şəraitində milli ideyanı milli ideologiyaya çevirməklə, bir sözlə, bəşəriyyət adlı bütövlüyün komponenti kimi daxil oluruq.

Heç kəs üçün sirr deyil ki, azərbaycançılıq ideologiyasının yaradıcısı və banisi Azərbaycan siyasi sisteminin yaradıcısı, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyevdir. Onun Azərbaycan xalqının dövlətçilik tarixinə gətirdiyi böyük yeniliklər, gördüyü böyük işlər saya gəlməz dərəcədə çoxdur. Onun milli ideyamızın formalaşdırılması və təbliği istiqamətində gördüyü işlərin fonunda onun fəaliyyətini heç nə ilə tam əhatə etmək olmur. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz, bu olmalıdır.

Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı...

Biz bu gün Ulu öndərin bu vaxta qədər tədqiqatdan və ümumi kütləvi yanaşmadan kənarda qalan fəaliyyətinin bəzi spektrləri haqqında fikirlərimizi bildirməyə çalışacağıq. Ümumi yanaşma Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra başlatdığı yönündədir... Ancaq biz hesab edirik ki, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də, məhz, bu sistemdən doğurdu. Və biz bilirik ki, Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin, ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ziyalılarına qarşı törətdiyi repressiyanın mərkəzi, məhz, təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları sanki Azərbaycanın daxilində Antiazərbaycançı qüvvələrin mərkəzini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma Ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından Antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.

Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni, bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Təsadüfi deyil ki, bu ideologiyaya çevrilmə prosesi də, məhz, ideya müəllifi tərəfindən həyata keçirildi. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Bu istiqamətdə atılan ilk addımın ilkin nəticəsi isə Bakı şəhərinin azərbaycanlılaşdırılması oldu. Çünki biz bilirik ki, o dövrdə Bakını istənilən yerdə və istənilən şəkildə ümumi universal möhürü

beynəlmiləl şəhər möhürü idi. Bu beynəlmiləl şəhər bir kosmopolit bakılılar anlayışını özündə birləşdirməklə, milli ünsürləri rədd edirdi. Beləliklə, hətta o dövrdə mərkəzi hakimiyyətdə Dərbənd kimi neft mərkəzi olan Bakını da hansısa bir şəkildə federasiyaya bağlamaq, bu mümkün olmayanda isə, heç olmasa, Bakını azərbaycanlılarından qorumaq siyasəti həyata keçirilirdi.

Məhz bu zəncirləri, yəni, Bakını azərbaycanlılardan ayıran o zəncir halqalarını Ulu öndər qırdı. 1969-cu ildən başlayaraq 1970-ci illərdə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən Azərbaycanın regionlarından, rayonlarından, kəndlərindən azərbaycanlıların məhz Bakı şəhərində məskunlaşdırılması ilə Bakı bir Azərbaycan şəhərinə çevrildi və azərbaycançılığın ilk nəticəsi Bakının azərbaycanlılaşması oldu. Və əlbəttə ki, bu proses həm iqtisadi, həm siyasi, həm milli intellektual müstəvidə baş verirdi. Yəni, regiondan gələn gənclərin işlə, qalacaqla təmin olunması, məskunlaşması prosesi vardır. Həmin dövr Azərbaycanda həm sənaye müəssisələri tikildi, həm yataqxanalar tikildi, həm də yeni qəsəbələr və mikrorayonlar salındı. Beləliklə də, Bakı azərbaycanlaşdırıldı. Biz, sadəcə Ulu öndərin siyasi ideoloji fəaliyyətini təhlil etdiyimiz üçün iqtisadi və sosial məsələlər barəsində çox danışmaq istəmirik.

Heydər Əliyev erası müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir. Biz Ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu öndərin hakimiyyətinin ikinci dövrü onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daima Ulu öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət, Ulu öndərin sonrakı mərhələdəki fəaliyyəti onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin, öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrilib.

Söz yox ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər böyük xidmətlər göstərib.

20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən Ulu öndərin bu addımı bütün dünyaya səs saldı. Əslində bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin elan olunması və hədəflərinin göstərilməsi idi. Əlbəttə ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə, istər siyasi baxımdan, istər iqtisadi baxımdan, istərsə də mənəvi-psixoloji baxımdan daim məhdudiyyətlər və təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda, Azərbaycanın tarixi bayrağını - 1918-20-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Hesab edirik ki, bu da tariximizin yaddaqalan, maraqlı və gərəkli səhifələrindəndir.

Ondan sonrakı mərhələdə, əlbəttə ki, Ulu öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin çıxarılması və bir xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında tariximizə yazılan qızıl səhifələrdəndir. Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Əlbəttə ki, başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı.

Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, Ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni, formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır.

Ulu öndərin başqa böyük keyfiyyətlərindən biri də onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev "ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi, məhz, Ulu öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni, hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də qərinələr, yüzillər aparır. Amma Ulu öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyulub. Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliyini də təmin etmiş oldu.

Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün çalışıb. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı və Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu.