5 əlil övladına baxan ata fəryad qopardı

Ailə üzvlərimin bəziləri Bakıda kirayədə yaşayır, həyatları dözülməzdir




Lerik rayonunun Səmərud kənd sakini Mirzəbab Muradov ailəsinin maddi durumu ilə bağlı redaksiyamıza məktub ünvanlayaraq kömək istəyir. Mirzəbab dayı 5 övladının hamısının anadangəlmə əlil olduğunu qeyd edib: "Əlilliyə görə uşaqlarıma verilən pensiya 45-50 manat olduqca azdır. Onların hər dəqiqə müalicəyə ehtiyacları var. Müalicə etdirmək üçün heç bir imkan və şəraitimiz yoxdur. Maddi baxımdan ailə vəziyyətimiz olduqca ağırdır”.

Mirzəbab dayı həmçinin məktubunda 1989-cu il təvəllüdlü oğlu Samid Muradovun isə doğulduğu gündən indiyə qədər yataq xəstəsi olduğunu, anasının himayəsində yaşadığını göstərib: "Anası ona baxır və qulluq edir. Anaya himayəsində xəstə uşaq olduğu üçün heç bir yardım edilmir”.

Lerik rayon sakini məktubda 1999-cu ildən Bakıya işləməyə gəldiyini yazsa da, hazırda heç bir yerdə çalışmır: "14 il peşə liseylərinin birində yaşayıb və çalışmışam. Lakin direktor dəyişdikdən sonra bizi oradan çıxardıb, məni isə işdən uzaqlaşdırdılar. İndi ailə üzvlərimin bir hissəsi ilə Bakıda kirayədə yaşayıram. Digər üzvləri də rayondadır”.

Məktubda yazılanlardan aydın olur ki, müraciət etdiyi dövlət qurumları və aidiyyəti təşkilatlar bu ailəyə heç bir yardım etməyib: "Ailə durumum və 5 xəstə əlil uşağımın acı taleyi barədə respublikanın ayrı-ayrı əlaqədar təşkilatlarına çoxsaylı məktub və teleqramlarla müraciət etmişəm, ancaq indiyə kimi səsimizə səs verən olmayıb. Olduqca acınacaqlı həyat tərzi keçiririk. Dövlətimizin bütün qayğılarından məhrumuq”.

Bütün bunlara baxmayaraq Muradovlar ailəsi yenə də dövlətimizdən və cənab prezidentimizdən, Allahı sevən vicdanlı insanlardan ümidini kəsmir: "Bir gün bizim məktubumuzu da oxuyub, maraqlanan tapılar. Dolana bilmədiyimiz və xəstə əlil uşaqlarımın müalicəsini çatdıra bilmədiyim üçün dövlətimizin köməkliyinə ehtiyacımız var”.

P.S. Sonda əzablar içində yaşayan atanın telefon nömrəsini (050 395-61-05) qeyd edirik ki, bəlkə əlaqədar orqanlar, xeyirxah insanlar bu ailəyə yardım əlini uzatdı.

Vüqar Şahinoğlu