Gülyanaq Məmmədova: “Bu xəbərdən xəstələr zövq ala bilər”

“Heç kim özünə əziyyət verməsin, həyat yoldaşım yanımdadır”




Sənət adamlarının şəxsi həyatları haqqında hər zaman müxtəlif şayiələr, söz-söhbətlər yayılır. Kimisinin boşandığı, kimisinin döyüldüyü, kimisinin də narkoman olduğu deyilir. Düzdür, bu şayiələr arasında həqiqət olanlar da olur, yalan çıxanlar da. Amma elə sənətçilərimiz var ki, onlar barədə gəzən söz-söhbətlər nə qədər çox yayılsa da, inandırıcı olmur.

Səbəb? Çünki onlar xalq arasında bəlli nüfuza sahibdirlər. İnsanlar onları ciddi sənətçilər, şəxsiyyət olaraq tanıyır. Belələri barədə yalan yayılsa da, bu yalanın ömrü uzun çəkmir. Elə bu yaxınlarda əməkdar artist Gülyanaq Məmmədovanın boşanması barədə xəbərlər də yayıldı. Sosial mediada gedən söz-söhbət barəsində sənətçi açıqlamalar versə də, hələ də şaiyələr səngimək bilmir. Bir daha boşanma xəbəri barədə "Şərq”ə açıqlama verən Gülyanaq Məmmədova "Bizim ailə barədə birinci dəfə deyil yalan məlumatlar ortaya atılır. Görünür, bu xəbəri çıxaran, yayan insanın psixoloji problemi var. Çünki normal insan bu boyda yalan yaymazdı. Xəstə insandır ki, bu xəbəri yaymaqdan zövq alır. "Dəli bir quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi” məsəli elə bura aiddir. Xəstə insandı, yalan xəbər yayır, sonra bir ay hamı onun yalan xəbərin arxasınca qaçır. Düzünü desəm, bizim ailə bu xəbəri əvvəl eşidəndə sadəcə güldük. Çünki yoldaşım yanımdadı. Ona görə mənim narahatlığıma heç bir səbəb yoxdu. Amma yenə insanlar üçün maraqlıdır ki, görən doğrudan ailə dağılıb, ya yox? Kim bir daha bunun şahidi olmaq istəsə, bizə qonaq gələ bilər. Qapım mətbuata açıqdı. Yenə deyirəm, biz sadəcə bu xəbəri yayan insanın nə qədər Allahsız olduğuna təəccüblənirik. Yoldaşım Ziyanın da guya bu xəbərdən sonra özündən çıxdığını yazdılar. Bu da yalandı. Sadəcə, belə insanlara yazığımız gəlir. Şükür Allaha ki, bizim evdə söz-söhbət yoxdu. Mən yoldaşımı çox sevirəm. O da məni sevir, mənə dəyər verir, sənətimdə məni dəstəkləyir. Qadına başqa nə lazımdı ki? Mən ailə dağıtmaq üçün ailə qurmamışam. Təbii ki, bizi sevməyən, bizə paxıllıq edən insanlar da var. Çox güman ki, bu yalanı onlar qurublar. Ancaq belə yalanlarla bizi xalqın gözündən sala bilməzlər. Ona görə də özlərinə əziyyət verməsinlər. Bir neçə il əvvəl də boşanmağım haqda xəbərlər çıxmışdı. Yoldaşım məndən bir addım da kənarda dayanmır. O deyəndə ki, çəkilişin çoxdu, tədbirləri təxirə sal, təxirə salıram. Mən güzəştə getməyi bacarıram. Mən evimin xanımıyam, uşaqlarımın anasıyam. Hər xırda məsələyə görə evimdə söz-söhbət yaratmıram”. Gülyanaq Məmmədova belə söz-söhbətlərin onların işinə heç bir təsir etmədiyini vurğuladı: "Bizi ruhdan salmaq istəyirlər. Ancaq alınmır. Şükür Allaha, yaradıcılıq işlərimiz də qaydasındadır. Bacım Gülyazla birgə bir çox yeni layihələr üzərində çalışırıq. Tələbələrimizlə bir yerdə konsert verməyə hazırlaşırıq. İnşallah, heç bir sponsora ağız açmadan tələbələrimizi də bir araya toplayıb maraqlı konsert proqramı ilə çıxışımız olacaq. Bir sözlə, bu yalanlar bizi sındıra bilməz”.

Tahirə