Azərbaycan Əfqanıstana humanitar yardım göndərib



  

 Azərbaycan Əfqanıstanda təbii fəlakətdən ziyan çəkənlərə humanitar yardım göndərib.
APA-nın məlumatına görə, Əfqanıstanda selin yaratdığı fəsadlardan əziyyət çəkənlər üçün nəzərdə tutulan yardım mayın 4-də Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola salınıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında göndərilən 122 tonluq humanitar yardıma qida məhsulları – yağ, makaron, şəkər, düyü və s., habelə ədyal, geyim əşyaları və digər zəruri tələbat malları daxildir.
Ümumi dəyəri 211 min 500 manat olan yardın mayın 4-də günortadan sonra Əfqanıstanın paytaxtı Kabil şəhərinə çatacaq.
Yardım Azərbaycan səfirliyinin əməkdaşları tərəfindən Əfqanıstan hökumətinə təqdim olunacaq.
Qeyd edək ki, mayın 2-də Əfqanıstanın Bədəxşan əyalətində baş verən sel daşqınları nəticəsində 2000-dən çox insan ölüb, xeyli insan yaralanıb və evsiz-eşiksiz qalıb.