İnsan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir

Bu hədəfin gerçəkləşməsi isə xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı vəzifə ilə sıx bağlıdır




Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prioritet istiqamətlərdən biri olmalıdır. Onun sözlərinə görə, bunun üçün ali təhsilin keyfiyyəti yüksəldilməli, qlobal təhsil məkanına inteqrasiya təmin olunmalı, ali təhsilli kadrlara tələbat ödənilməli, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndirilməlidir.

M.Abbaszadə hesab edir ki, yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənməlidir.

Şura sədrinin fikrincə, ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq.
Ölkəmizdə ali təhsil alan şəxslərin sayı kifayət qədər çoxdur. Buna baxmayaraq Məleykə xanım qlobal təhsil məkanına inteqrasiyanın vacibliyini bildirib. Yəni ölkəmizdə elə təhsil sistemi formalaşmalıdır ki, yetişən kadrlar intellektual, hərtərəfli bilik və bacarıqlara malik olsunlar. Bütün bunlar isə ölkə iqtisadiyyatına öz töhfəsini versin. Bəs nə etməli, hansı addımlar atılmalıdır ki, təhsilimiz sosial və iqtisadi baxımdan daha səmərəli olsun?

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, ölkəmizdə prezident tərəfindən təhsilin inkişafına böyük diqqət göstərilir. Onun sözlərinə görə, cənab prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf edib və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl qoyulub: 

"Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” - bu sözlər ulu öndər Heydər Əliyevə məxsusdur. Ümummilli liderimiz daim təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Təhsil sahəsi Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Cənab Prezident qeyd edir ki, "Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir”.

Ölkəmizdə neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən ölkə başçısının milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur. İ.Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu yöndə konkret fəaliyyət proqramıdır”.

K.Əsədovun sözlərinə görə, reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaradıb. Azərbaycan artıq yeni dövrə - modernləşdirmə dövrünə qədəm qoyub: 

"Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəfin gerçəkləşməsi isə xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı vəzifə ilə sıx bağlıdır. Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, kadr hazırlığının gücləndirilməsi, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür. Sözügedən strategiyanın reallaşdırılması şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun təhsil infrastrukturunun təşəkkülünə zəmin yaradacaq. Bu sənəd, eyni zamanda, ölkəmizin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsinə, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcək. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin rəhbəri də bunu nəzərdə tutur”.

Yeganə Bayramova