Gülər Əhmədova azadlığa buraxılıb

Sabiq deputatın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb





Ötən gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə sabiq deputatın hüquqlarının müdafiəçisi Əfsər Talıbov bildirib ki, məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub.

Hakimlər isə qeyd ediblər ki, kassasiya şikayətinin icraata qəbul edilib-edilməməsi ilə bağlı Ali Məhkəməyə sorğu göndərilib və sorğunun cavabını gözləyirlər.

Vəkilin bu vəsatətinə görə dünənki məhkəmə prosesində yarım saatlıq fasilə elan olunub.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmənin ilkin baxış iclasında prosesin qismən istintaqla keçirilməsi, şahidlərin hamısının dindirilməsi barədə qərar qəbul edilib. Müdafiə tərəfi şahidlərin hamısının dindirilmədiyini, ilkin baxış iclasının qərarına əməl olunmadığını iddia edərək etiraz əlaməti olaraq kassasiya şikayəti verib.

"Gülər Əhmədovanın halı pisləşib, təcili yardım çağırılıb”

Fasilədən sonra hakim Ə.Qasımov deyib ki, məhkəmədən Ali Məhkəməyə göndərilən sorğuya cavab gəlib. Cavabda Gülər Əhmədovanın müdafiəçilərinin kassasiya şikayətlərinin baxılmamış saxlanıldığı bildirilib. Hakim bu səbəbdən vəkillərə müdafiə çıxışı etməyi təklif edib: "Sizə hazırlaşmaq üçün kifayət qədər vaxt verilib. Əgər çıxış etməsəniz, bu, çıxışdan imtina kimi qiymətləndiriləcək”.

Bundan sonra G.Əhmədova ilə məsləhətləşmək üçün vəkillərə beş dəqiqə vaxt verilib. Məsləhətləşmədən sonra vəkillərdən Fazil Nemətov və Lətif Ağayev çıxış edərək ittihamların əsassız olduğunu bildirib, sabiq millət vəkili haqqında bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş ediblər.

Vəkil Ə.Talıbov çıxış edəndə isə G.Əhmədova özünü yaxşı hiss etmədiyini söyləyib. Buna görə də yenidən prosesdə beş dəqiqəlik fasilə elan olunub. Həmçinin G.Əhmədovaya görə təcili yardım çağırılıb.

Prosesə beş dəqiqəlik fasilə verilsə də, fasilə xeyli müddət çəkib. Vəkillər isə fasilənin gecikməsinə səbəb kimi G.Əhmədovanın müayinə olunduğunu, ürəyinin kardioqramasının çıxarılmasını əsas gətiriblər.

"...bunu eləmişəm, günahımdan keçin”

G.Əhmədova özünə gəldikdən sonra proses davam etdirilib. Hakim sabiq deputata son söz demək üçün imkan yaradıldığını diqqətə çatdırıb. G.Əhmədova isə yuxu dərmanı qəbul etdiyini, ona görə də bir gün vaxt verilməsini xahiş edib. Hakim isə son söz deməsə, bunun imtina kimi qiymətləndiriləcəyini söyləyib.

Bundan sonra G.Əhmədova son söz olaraq çıxış edib.

Keçmiş millət vəkili ekspert rəyini gözləmədən onun barəsində qanunsuz olaraq cinayət işi başlandığını deyib: "Eyni zamanda mən deputat ola-ola ölkədən çıxmağıma qanunsuz şəkildə qadağa qoyulub. Ekspertlər burada danışanda dedilər ki, videolar montaj da ola bilər, olmaya da bilər. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bağlı zərərçəkmiş yoxdursa, iddia yoxdursa, Bakı Ağır Cinayətlər Məhkəməsi nəyə görə mənə iş kəsib? Bunu anlaya bilmirəm. Hesab edirəm ki, bu, analoqsuzdur. Mən uzun müddət parlamentdə qanunvericilik işi ilə məşğul olmuş insanam. Deyirlər ki, Səlcuq Ağlayanın barəsində Türkiyə məhkəməsinin hökmü bizim üçün əsassızdır. Bu çox gülməli səslənir. Camaat kar, kor deyil, adamı dağ başında gizlədərlər. İstanbulda istədiyi yerə gedib, nə istəyir edib. Bu işdə qanuni bir şey yoxdur, deyim bunu eləmişəm, günahımdan keçin”.

"Elşad da, Gülər də qurban olsun Azərbaycan dövlətçiliyinə”

G.Əhmədova vurğulayıb ki, onun üçün ən vacib olan Azərbaycan dövlətçiliyi və qanunvericiliyidir: "Keçən dəfə prokuror Avropa Konvensiyasından danışdı. Mənə Avropaya gedən yolu göstərməyə ehtiyac yoxdur. O yolu çox prokurordan, hakimdən yaxşı bilirəm. Elşad da, Gülər də qurban olsun Azərbaycan dövlətçiliyinə. Mənim qətiyyən günahım yoxdur. Adam 50 yaşında dələduz ola bilməz axı. Əgər dələduz olsaydım, 3 dəfə deputat seçilməzdim. Ailəmizin vəziyyəti çox acınacaqlıdır. Elşad Abdullayev Azərbaycan dövlətçiliyinin düşmənidir, mən isə dövlətçiliyin müdafiəsində durmuşam. Sizdən sadəcə ədalət və mərhəmət diləyirəm”.

Məhkəmə qərar verdi

Bundan sonra məhkəmə qərarı elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıtdıqdan sonra hakim Ə.Qasımov məhkəmənin qərarını elən edib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla G.Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Bununla da sabiq millət vəkili məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

Anar Bayramoğlu