“5-ci kolon” təhlükəsi yoxdur

Aydın Ağayev: “Gündə bir termin uydurub qəzetlərin səhifəsinə buraxmaq artıq işdir”



Krımın Rusiya tərəfindən ilhaqından sonra Azərbaycanda da Rusiya təhlükəsi böyüməyə başlayıb. Ekspertlər Rusiya prezidenti Vladimir Putinin oyun kartlarını açıblar. Hesab edirlər ki, Ukraynada yaranmış böhranın əsas oyunçuları Moskvanın "5-ci kolon”un nümayəndələridir.

Son günlər sözügedən qüvvənin Azərbaycana da əl qatdığı bildirilir. İctimai-siyasi xadimlər də həyəcan təbili çalıblar. "5-ci kolon”un ölkəmizi qarışdıracağını iddia edirlər. Onların Azərbaycan parlamentində və dövlət strukturlarında təmsil olunması barədə də məlumatlar yayılıb. Bəzi siyasilər ölkəmizdə sözügedən təşkilat nümayəndələrinin yetərli sayda olduğunu deyirlər. V.Putinin vətəndaşlıqla bağlı siyasətinə yenidən baxması və qaydaları sadələşdirməsi bunun əyani sübutu kimi yozulur. Onu da diqqətə çatdıraq ki, vətəndaşlıq məsələləri gündəmə gələndən Rusiyanın ölkəmizdəki səfirliyinə pasport almaq barədə müraciət edənlərin sayında artım müşahidə olunub. Xatırladaq ki, bir müddət öncə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə də "5-ci kolun”un ölkəmizdə aktivləşməsini söyləmişdi.

Milli Məclisin Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev "Şərq”ə açıqlamasında "5-ci kolon” terminini qəbul etmədiyini deyib. Onun sözlərinə görə, proseslərə səthi və mahiyyətdən uzaq yanaşmaq olmaz: "Dünya qaynayır. Regionda da çox dövlətlərin maraqları var. Azərbaycan prosesləri ayıq gözlə izləyir. Öz sərrast siyasətini aparır. Lazım olan məsələyə münasibət bildirir. Uzunmüddətli proseslər nəzərə alınır. Hesab edirəm ki, gündə bir termin uydurub qəzetlərin səhifəsinə buraxmaq artıq işdir. Ölkəmizin milli maraqları və təhlükəsizliyi baxımından proseslərin dərinliyinə diqqət etmək lazımdır. Məsələlərə ölkəmizin böyük dövlətlərlə əlaqələri kontekstindən baxmaq lazımdı. Dərin münasibət lazımdı. Səthi yanaşmalar gərəksizdir. Bir stəkan suda fırtına qoparmaq olmaz. Bu bizə müsbət heç nə vəd etmir”.

Ekspert qeyd edib ki, xarici siyasi əlaqələr çox ciddi məsələlərdir: "Müvafiq dövlət orqanları prosesləri izləyir. Bu işlərdə iştirak edir. Amma belə hay-küylü terminlərlə əsassız məsələləri qabartmaq olmaz. Belə məsələlər heç də ciddiyə alınmır”.

Ayyət Əhməd