Türkiyədə ordu “nurçular”dan təmizlənir

Azərbaycan Silahlı Qüvvələrində də ciddi yoxlamalar aparılmalıdır



Bir müddət əvvəl Türkiyədə dövlət sirlərini satan və ideoloji fəaliyyətlə məşğul olan şəxslərin Türkiyə Silahlı Qüvvələri (TSQ) sıralarından uzaqlaşdırılması ilə bağlı qanun qəbul edilib.

Bunu əsas gətirən müvafiq dövlət qurumları dini lider Fətullah Gülənə məxsus "paralel hökumət” şəbəkəsinin üzvləri ilə yaxın münasibətdə olan hərbiçiləri Türkiyə Silahlı Qüvvələri (TSQ) sıralarından uzaqlaşdırmaq qərarına gəlib. Qardaş ölkədə alınan qərarı şərh edən bəzi ekspertlər

"nurçuları dövlət idarələrindən təmizlənmə” prosesinin paralel şəkildə Azərbaycanda gedəcəyini də vurğulayıblar. Onların fikrincə, Azərbaycanda dövlət qurumları ilə yanaşı, Silahlı Qüvvələrdə özünə yer etmiş, Gülənçilərlə əlaqəsi sübuta yetirilmiş yüksək rütbəli hərbiçilər ordu sıralarından uzaqlaşdırılacaq.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, hər hansı təhlükədən söhbət gedirsə, bununla bağlı müvafiq qurumların adekvat addım atması vacibdir: "Türkiyədə gedən proses sözsüz ki, Azərbaycanda da bu məsələni aktual edir. Azərbaycanın Silahlı Qüvvələrində nurçular ola bilər. Bunun istisna etmirəm. Çünki yüz minlərlə insanın olduğu bir yerdə müəyyən təriqətlərə, hansısa dini maraqlara meyl edənlərin olması inkar edilə bilməz. Yəqin ki, müvafiq qurumlar dini sektalarla bağlı tez-tez orduda yoxlamalar aparır və nəzarətdə saxlayır”. Ü.Cəfərov deyir ki, din dövlətdən ayrıdır. Dövlət öz xəttini, nüfuzunu və imicini qoruyub saxlamalıdır: "Milli Ordunun tərkibində hər hansı bir yad ideologiyanın yer alması, kök salması olduqca zərərlidir. Heç kimə və heç nəyə görə dövlətin maraqlarını təhlükəyə atmaq olmaz. Bütün qoşun növlərində xüsusi təhlükəsizlik orqanlarının nümayəndələri təmsil olunur. Həmin qurumlar bu məsələyə son dərəcə həssas və diqqətli yanaşmalıdır. Əgər ordu sıralarında konkret hansısa dini qruplaşmaya meyilli şəxslər varsa, onlar əvvəlcə düzgün yola çəkilməlidir. Əgər bu mümkün deyilsə, yəni islah olunmurlarsa, onları zərərsizləşdirmək lazımdır”.

İsmayıl