“Ölkədə kommunistlərin fəaliyyətinə son qoyulmasını istəyənlər haqlıdır”

Əli Əliyev: “Azərbaycanın müstəqilliyinin əleyhinə fəaliyyət göstərən istənilən qrupa və ya fərdə siyasi baxışlarından asılı olmayaraq sərt davranılmalıdır”




Gündəmi zəbt edən bir çox mövzular var. Ən mühümü isə Krımın Rusiya tərəfindən ilhaqından sonra keçmiş SSRİ xülyası ilə Kreml tərəfindən həyata keçirilən aqressiv siyasət və Putinin rus vətəndaşlığının sadələşdirilməsi istiqamətində atdığı addımlardır. Bu mövzular "postsovet ölkələrini narahat edən Rusiya təhlükəsi” adı altında hər gün mətbuatda müzakirə edilir. Digər önəmli məsələlər isə Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma və ölkə daxilində yaşanan siyasi proseslərdir. Bütün bu mövzularla bağlı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Şərq”in suallarını cavablandırıb.

- "Rusiya təhlükəsi”ni Azərbaycan üçün ciddi təhdid hesab edirsinizmi?

- Keçən prezident seçkiləri bir daha göstərdi ki, Azərbaycan siyasətində, qeyri-hökumət sektorunda və ziyalılar arasında Rusiyaya meyilli olan, Kremlin planlarında yer almaq istəyən xeyli sayda insanlar var. Azərbaycan əhalisinin 1 milyona yaxınının Rusiyaya dolanışıq arxasınca getdiyini və müvəqqəti də olsa, orada yaşadığını nəzərə alsaq, Moskvadan asılı insanların heç də az olmadığının şahidi olarıq. Həm siyasi elitada, həm də əhali arasında Rusiya maraqlarından çıxış edən vətəndaşlar varsa, "Rusiya təhlükəsini” gözardı etmək ağıllıca olar. Eyni zamanda Krım hadisəsindən sonra Rusiyanın aqressiyası və Kremlin siyasi iddialarının perspektivi dəyərləndirilərsə, Azərbaycanın yaxın gələcəkdə Rusiya tərəfindən ciddi təhdidə məruz qalacağını gözləmək olar.

- Putinin rus vətəndaşlığını sadələşdirmək qərarını necə dəyərləndirirsiniz? Azərbaycanda keçmiş SSRİ nostalgiyası ilə rus pasportuna can atanlar olacaqmı?

- Rusiya, ötən il prezident seçkiləri yolu ilə öz adamını hakimiyyətə gətirmək və onun əli ilə Azərbaycanı Avrasiya İttifaqına və Gömrük Birliyinə qoşmaq niyyəti güdürdü. Həmin plan baş tutmadığı üçün Rusiya Azərbaycanın daxilinə təsir etmək üçün yeni rıçaqlar, üsullar axtarmağa başladı. Ukraynada rıçaq rolunu yerli, rus əsilli vətəndaşlar oynadı. Krımdakı "ruslar” Ukraynanın böyük və tarixi bir ərazisini Moskvaya peşkəş etdilər. İndi eyni proses Ukraynanın cənub-şərq əyalətlərində gedir. Azərbaycanda da buna bənzər rıçaq əldə edilməsi üçün rus vətəndaşlarının sayını artırmağa çalışırlar. Çünki Kreml onların hüquqlarının müdafiəsi adı altında Azərbaycana təzyiq etmək imkanına sahib olacaq. Bu ideya gələcəkdə Rusiyanın Azərbaycana müdaxiləsi üçün nəzərdə tutulmuş təxribat xarakterli bir addım ola bilər.

- Sol partiyalar, xüsusən də kommunistlər Kremlin planlarını dəstəkləməkdə ittiham olunur. Siz bu qüvvələri Azərbaycanın müstəqilliyinə təhlükə kimi görürsünüzmü?

- Solçuları deyə bilmərəm, amma kommunistlərlə bağlı iddialar tamamilə doğrudur. Onların fəaliyyətinə son qoyulmasını istəyənlər haqlıdır. Dövlət qurumları Azərbaycanın müstəqilliyinin əleyhinə fəaliyyət göstərən istənilən qrupa və ya fərdə siyasi baxışlarından asılı olmayaraq sərt davranmalıdır. Bu yaxınlarda həmin partiyanın təmsilçisi Azərbaycanın suverenliyini şübhə altına alan bir bəyanatla çıxış etdi. Mənə elə gəlir ki, hakimiyyətin içində olan bəzi ruspərəst qüvvələr kommunistlərin cəzalanmasının qarşısını alırlar.

- Azərbaycanı narahat edən məsələlərdən biri də son günlər qardaş ölkə Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmadır. Sizcə, sözügedən yaxınlaşmanı labüd edən başlıca səbəblər nədir? Bu proses daha da irəli gedəcəkmi?

- Bu məsələ həddindən artıq həssasdır. Azərbaycan daxilində "ölkəmizə Rusiya qoşunu yeridilsin və bunun müqabilində biz Qarabağı ermənilərdən alaq” kimi "vətənpərvər” bəyanatlar səsləndirən şəxslər bir neçə gün əvvəl Türkiyə əleyhinə sərt çıxışlar edirdilər. Əminliklə deyirəm, bu cür yanaşma Azərbaycanın beynəlxalq aləmdə təklənməsinə yönəlmiş məkrli siyasətin tərkib hissəsidir. Türkiyə Azərbaycan dövlətçiliyinin beynəlxalq səviyyədə qorunmasının qarantıdır. Türkiyə qardaş dövlət olaraq Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, regional gücə çevrilmək mərhələsini yaşayır. Qardaş ölkənin dünyada güclənməsi Azərbaycanın da güclənməsi anlamına gəlir. Bir məsələni birdəfəlik anlamaq lazımdır. Türkiyə İsveçrədə imzalanan sazişdən sonra Ermənistan sərhədlərinin açılması məsələsinə birmənalı münasibət bildirib. Rəsmi Ankara deyib ki, Azərbaycan torpaqları boşaldılmayana qədər, Ermənistanla sərhədlər açılmayacaq. Bu məsələ ətrafında hay-küy yaradan şəxslər Türkiyə-Azərbaycan münasibətlərinin sərtləşməsinə nail olmaq məqsədi güdürlər.

- Mətbuatda VİP ilə ADP-nin birləşmə məsələsi müzakirə olunur. Sərdar Cəlaloğlu ilə partiyaları birləşdirmək barədə söhbətiniz olubmu?

- Biz ADP sədri ilə partiyaların birləşmə məsələsini müzakirə etməmişik. Bu söz-söhbət mətbuata kimlərsə tərəfindən sızdırılıb. S.Cəlaloğlu ilə mən yalnız partiyalararası əməkdaşlığın formaları barədə danışmışıq. Müzakirələrimiz də bu istiqamətdə davam etdirilir.

- Sizcə, Müsavat Partiyasının uzun zamandır gözlənilən qurultayı niyə baş tutmur? Bunun səbəbi münasib zalın ayrılmamasıdır, yoxsa Müsavat, ümumiyyətlə, qurultay keçirmək istəmir?

- Uzun zamandır bu prosesi izləyən adam kimi məsələnin detallarını da bilirəm. Qurultay söhbəti 2009-cu ilin qışından bu günə kimi davam edir. Qurultayın keçirilməməsinin səbəbi qətiyyən uyğun yerin ayrılmaması ilə bağlı deyil. Düzü, hakimiyyəti anlaya bilmirəm ki, niyə görə Müsavata münasib yer ayırmır. Bəlkə də, müəyyən siyasi dairələrə Müsavat başında İsa Qəmbərin qalması daha çox sərf edir. Amma görünən odur ki, Müsavat daxilində də qurultayın keçirilməsi o qədər önəm daşımır. Əks halda, sıradan bir qurultayın keçirilməsi bu qədər problemə çevrilməzdi.

İsmayıl