Bakıda sahibsiz itlərin başını kəsirlər

“Bəlkə bu cür neçə-neçə hadisələr baş verir, heç kimin də xəbəri olmur”





Sahibsiz heyvanlarla bağlı sosial şəbəkələrdə dəhşətli videolar yayılıb. Xatırladaq ki, belə müdhiş olayların sayı son zamanlar artıb.

Bir müddət əvvəl gənclərin bir küçüyün boğazını necə qəddarlıqla üzdüyü videoları yayılmışdı. Sahibsiz heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar bu cür olayları pisləyir, heyvanlarla qəddar davrananların məsuliyyətə cəlb edilməsini istəyirlər. Təəssüf ki, qanunlar heç də həmişə cinayətə adekvat cəzanı nəzərdə tutmur. Bu da qəddar adamların əl-qol açmasına, cəzadan yayınmasına səbəb olur. Bu tip insanlar yüngül cərimə ilə, (hələ o da ələ keçəcəyi təqdirdə -red.) yaxalarını qurtaracaqlarına əmindirlər.

Əslində, insanlara qarşı heyvancasına davranılan hazırkı dünyamızda bəşər övladından heyvanlara insani münasibət gözləməyə bəlkə heç dəyməz də. Bununla belə dünyada bir çox təşkilatlar var ki, heyvanların müdafiəsi ilə məşğuldur və canlılarla humanistcəsinə davranılmasını təbliğ edirlər.

Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə sosial şəbəkələrdə yerləşdirilmiş videodan xəbərdar olduğunu dedi. L.Əlizadə qeyd etdi ki, itin qətl edilməsi olayı insanların getdikcə qəddarlaşması baxımından narahatlıq doğurur:

- Yadınızdadırsa, ötən il buna bənzər bir hadisə baş vermişdi. Şənbə-bazar günləri heyvan bazarı təşkil olunur. Bizim bir könüllü həmin gün it bazarına gedib və müşahidə edib ki, bir nəfər 20 manata küçük satır. Bir alıcı ona yaxınlaşır və küçüyü almaq istədiyini deyir, amma onu da bildirir ki, küçüyü öldürüb ona verməlidir. Satıcı bu iş üçün başqa adam tapıb. Parka gəliblər və orada küçüyü bıçaqla doğrayıblar. Bizim könüllü onların şəklini çəkmişdi. O vaxt belə xəbərlər yayılmışdı ki, guya it piyindən vərəm əleyhinə vasitə kimi istifadə olunur. Biz əlimizdə olan dəlilləri prokurorluğa təqdim etdik və həmin şəxsə qarşı cinayət işinin açılmasını tələb etdik. Prokurorluq həmin adamları tapdı. Onlar da dedilər ki, etdikləri işdən peşmandırlar. Ancaq bu, bizim xəbər tutduğumuz, təsadüfən şahidi olduğumuz yalnız bir hadisədir. Bəlkə bu cür neçə-neçə hadisələr baş verir, heç kimin də xəbəri olmur. Yaxşı ki, sosial şəbəkələr var, belə məlumatları yerləşdirirlər.

L.Əlizadə qeyd etdi ki, sahibsiz heyvanları öldürməyə görə 25-40 manat məbləğində cərimə tətbiq olunur. Lakin o, bu məbləği az hesab edir:

- Cərimənin məbləği artırılsa, insanlar belə hərəkətlər etməkdən daha çox çəkinərlər. Cərimələr də artırılmalıdır, cinayət məsuliyyəti də nəzərdə tutulmalıdır. Çünki kimlərsə tərəfindən həyata keçirilən bu cür hərəkətlər cəmiyyətdə də mənfi tendensiya formalaşdırır, vandalizm hərəkətlərinin təbliğinə rəvac vermiş olur.

L.Əlizadə bildirdi ki, sahibsiz heyvanlarla bağlı dəqiq statistika aparılmasa da, bu sayın 600 mindən artıq olduğunu demək mümkündü:

- Apardığımız araşdırmalara əsasən deyə bilərəm ki, hazırda təxminən 600 minə yaxın sahibsiz it və pişik var. Sahibsiz heyvanlarla mübarizə həmişə aktual olub. Lakin bunun düzgün, humanist yolu seçilməlidir. Bəzən xarici, həmçinin yerli telekanallarda da görürük ki, sahibsiz itlərə qarşı necə qeyri-insani davranırlar. Harda gəldi, tuturlar, güllələyirlər, yandırırlar. Bu heyvanları heç bir halda güllə ilə vurmaq, öldürmək, şikəst etmək olmaz. Azərbaycan 2007-ci ildə evsiz heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulub. Heyvanları öldürmək qadağandır və buna görə cinayət məsuliyyəti nəzərdə tutulur. Yalnız heyvan xəstədirsə, onun məhv edilməsinə icazə verilir. Bu da ona iynə vurulması və "yatızdırılması” yolu ilə olmalıdır. Bizdə Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. Bu idarə çağırışlar əsasında sahibsiz heyvanları toplayır, bəzən güllə ilə vururlar, heyvan yerdə qalıb saatlarla can verir. Bəzən balaca itləri tutub başını yerə çırpırlar, qəddarcasına davranırlar. Yarımcan heyvanı sonra da yandırırlar. Bunu idarə "ərazilərin sahibsiz heyvanlardan təmizlənməsi” adı altında həyata keçirir. Səhv etmirəmsə, həmin idarə Bakı Şəhər İcra Hakimiyyəti nəzdindədir və onlara dövlət büdcəsindən pul ayrılır. Biz dəfələrlə idarəyə müraciət etmişik ki, gəlin, əməkdaşlıq edək. Ancaq onlar bizimlə işləmək istəmir. Yəqin, elə bilirlər, onlara ayrılan vəsaitə şərik çıxmaq istəyirik. Ancaq bu, belə deyil. Biz sadəcə, sahibsiz heyvanlarla humanistcəsinə davranılmasını istəyirik. Çünki onlar da canlıdır.

L.Əlizadənin fikrincə, sahibsiz heyvanların sayını azaltmağın ən doğru yolu onların axtalanmasıdır. Avropa ölkələrində də bu üsuldan istifadəyə icazə verilir:

- Ancaq bu yolla sahibsiz heyvanların sayını azaltmaq mümkündür. Bu işlər rəsmi qaydada, dövlət strukturu tərəfindən həyata keçirilməlidir. Məsələn, Avropada iti, pişiyi olanlar buna özləri qərar verir. Bəzən axtalayırlar, bəzən də yox. Kim heyvanın nəsil verməsini istəyirsə, bunun üçün müvafiq strukturlardan xüsusi lisenziya alır. Azərbaycanda təəssüf ki, bu məsələ də həllini tapmayıb. Fərdi qaydada müraciətlər olur. Bu işin öz dəyəri var. Pişiklərin axtalanması üçün 60 manat, itlərə görə isə 150 manat tələb olunur. Biz hesab edirik ki, sahibsiz heyvanlarla mübarizə işi Baytarlıq İdarəsinə həvalə edilməlidir. Bu işlə baytar həkimlər məşğul olmalıdır. Amma Sahibsiz Heyvanlara qarşı Mübarizə İdarəsində baytar həkim yoxdur. Onlar yalnız ovçudurlar. Heyvanları ovlayıb, qəddarlıqla öldürməklə məşğuldurlar.

L.Əlizadə qeyd etdi ki, bir problem də sahibsiz heyvanlar üçün sığınacağın olmamasıdır:

- Biz sahibsiz heyvanları şəxsi təşəbbüslər hesabına qoruyuruq. "BARS” İctimai Birliyinin sədri Leyla Axundova konkret şəxslərə müraciət etməklə sahibsiz, şikəst heyvanları müdafiə edir. Sahibsiz heyvanlara qulluq edəcək ayrı-ayrı şəxslər tapılır və onlara bunun müqabilində pul ödənilir. Sahibsiz heyvanlarla insancasına davranılmalıdır. Biz heyvan deyilik ki, heyvani davranış sərgiləyək. Sahibsiz heyvanlarla bağlı maraqlı videoçarxlar hazırlamaq, onların yayımını təşkil etmək lazımdır. Bu cür videoçarxlar insanlarda, xüsusilə də kiçik yaşlı uşaqlarda təbiətə, heyvanlara, ümumilikdə bəşəriyyətə mərhəmət hissinin formalaşmasına böyük təsir edə bilər.

Məlahət Rzayeva