Bakıda virus yayılıb

Zemfira Vahidova: “Zəifləmiş orqanizm infeksiya və viruslara tez yoluxur”
Adil Qeybulla: “Əhali immun sisteminin möhkəmləndirilməsinə, qidalanmaya diqqət etməlidir”



Ölkədə havaların qeyri-sabit keçməsi, iqlim şəraitinin tez-tez dəyişməsi səbəbindən əhali arasında qrip və yuxarı tənəffüs yollarının infeksiyasının yayılmasına dair məlumatlar var. Verilən xəbərlərdə bildirilir ki, son günlər ərzində əhali arasında qrip və boğaz ağrısı xəstəlikləri çoxalıb. Bunu, qışdan çıxan əhalinin immunitetinin zəifləməsi ilə bağlayanlar da var.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Zemfira Vahidova "Şərq”ə açıqlamasında qrip infeksiyasının yayılması xəbərlərini təkzib etdi. Z.Vahidova bildirdi ki, kəskin respirator xəstəliklərə yoluxmada heç bir artım yoxdur:

- Əksinə, yazın gəlişi ilə yuxarı tənəffüs yollarının infeksiyası daha da azalıb. Epidemioloji hal qeydə alınmayıb. Əgər qış aylarında orta hesabla 1700-1800 çağırış olurdusa, çağırışların sayı hazırda 1600-ə enib. İndi daha çox allergik xəstəliklər çoxalır. Əlbəttə, havaların sabit keçməməsi, iqlim dəyişikliyi xroniki xəstələrə, yaşlı insanlara, ürək-damar sistemində problemi olanlara mənfi təsir edir. Ona görə də belə insanlar gərək müalicələrinə fikir versinlər, dərmanlarını vaxtlı-vaxtında qəbul etsinlər. Yaz aylarında uşaqlarda və yaşlılarda avitaminoz müşahidə edilir. Vitamin çatışmazlığından orqanizmin zəifləməsi mümkündür. Zəifləmiş orqanizm də infeksiya və viruslara tez yoluxur. Amma hazırda ölkədə heç bir infeksion xəstəlik qeydə alınmayıb.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla da "Şərq”ə açıqlamasında əhali arasında yayılmış xəstəliyin hansısa infeksiya deyil, yuxarı tənəffüs yollarının xəstəliyi ola biləcəyini dedi:

- Hazırda ancaq yuxarı tənəffüs yollarının infeksiyasının olması mümkündür. Burun axması, öskürək, gözlərin sulanması, qızdırma, baş ağrıları - hamısı soyuqdəymənin əlamətləridir. Buna iqlim dəyişikliyi də səbəb olur. Hava fəslə uyğun olmayan tərzdə keçəndə, iqlim tez-tez dəyişəndə soyuqdəymə üçün münbit fon yaradır. Belə şəraitdə hava-damcı yolu ilə keçən infeksiyalar da çox yayılır. İnsanların soyuqdəyməyə tez yaxalanmasının səbəblərindən biri də fəslə uyğun geyinməmələridir. Görürlər ki, günəş çıxıb, hava sakitdir, geyimlərinə fikir vermirlər və soyuqlayırlar. İndi yazdır və bu aylarda həssas insanlar daha da ehtiyatlı olmalıdırlar. Çünki havalar daha tez-tez dəyişir, temperatur "oynayır”. Səhər bir cür, günorta başqa, axşam saatlarında isə tamam fərqli hava müşayiət olunur. Ona görə də əhali özünü qorumalıdır, immun sisteminin möhkəmləndirilməsinə, qidalanmaya diqqət etməlidir. Bir cəhəti də bildirim ki, oturaq həyat tərzi keçirənlər daha tez xəstələnir. Bacardıqca hərəkətli olmaq lazımdır.

Məlahət Rzayeva