3 Prezidentin Tbilisi görüşü...

“Qərb və Rusiya qarşıdurmasının yarandığı bir dönəmdə belə görüşün baş tutması böyük önəm daşıyır”





Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri görüşəcəklər.

Gürcüstanın Milli kitabxanasında "Tbilisi sammiti 2014” adlı beynəlxalq forumu keçiriləcək. Tədbiri sözügedən ölkə rəhbərləri açacaqlar.

Gürcüstanın dövlət başçısı Georgi Marqvelaşvili Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Abdullah Gülü şəxsən qəbul edəcək. Sammitdə son 20 ildə üç ölkənin iqtisadi, ticarət, nəqliyyat və energetika sahəsindəki əməkdaşlığının nəticələri barədə müzakirələr açılacaq. Tədbir çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, "Tbilisi sammiti 2014”ün keçirilməsi Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Bakı və Ankaraya səfərləri zamanı planlaşdırılıb.

Dövlət başçılarının Tbilisi görüşünü şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında bildirib ki, bu, regionda Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı birliyin bariz nümanəsidir: "Sammit geostrateji və geosiyasi əhəmiyyətə malikdir. Danışıqlarda başlıca olaraq enerji və təhlükəsizlik məsələlərinin müzakirə olunacağını düşünürəm”.

Ekspertin qənaətincə, Qərb və Rusiya qarşıdurmasının yarandığı bir dönəmdə belə görüşün baş tutması böyük önəm daşıyır: "Bütün postsovet ölkələri üçün təhlükə riski artıb. Bu məsələ də müzakirə obyekti ola bilər. Hesab edirəm ki, sammit Qərblə, Avropa və Amerika ilə razılaşdırılıb. Bu üçlüyün fəaliyyətə başlaması və mühüm qərarlar qəbul etməsi regionda təhlükəsizliyin qarantı ola bilər”.

Ayyət Əhməd