Rusiya Ukrayna savaşında qalib çıxa bilməyəcək

Bundan ötrü onun maliyyə resursları, siyasi müttəfiq blokları və alternativ ideologiyası yoxdur





Kremlin sərt küləkləri Ukraynanın başı üstündən çəkilmir. Cenevrə uğursuzluğundan sonra ölkənin Cənub və Şərq vilayətlərində gərginlik daha da şiddətlənib. Putinin barmaq işarəsi ilə hərəkətə gətirilən separataçıları iri sənaye şəhərlərində əməlli-başlı aktivləşiblər. Kramatorskda təhlükəsizlik xidmətlərinin binasını və teleqülləni ələ keçiriblər. Luhanksda da ictimai binalar və televiziya zəbt olunub.

Separatçılar yerli xalqı Ukrayna ordusuna qarşı mübarizəyə səsləyir. Donetskdə Ukrayna bayraqları endirilərək yandırılıb. Rusiyameyillilər Moskvaya birləşmə barədə referendum tələb edirlər. Vəziyyətin dramatikləşməsinə səbəb isə rəsmi Kiyevin separatçılara qarşı antiterror əməliyyatlarına başlaması göstərilir. Ölkədə yaranan vəziyyətə görə, baş nazir Arseni Yatseniuk Rusiyanı ittiham edib. Hökumət rəsmisi bəyan edib ki, Moskvanın niyyəti Ukraynanın müstəqilliyini və toxunulmazlığını əlindən almaqdır. A.Yatseniukun açıqlamasına cavabında Moskva bildirib ki, Rusiya deyil, məhz Kiyev dialoqdan boyun qaçırır. Rəsmi Kreml qeyd edib ki, Ukrayna proseslərin dinc yolla həllini əngəlləyir. Xatırladaq ki, Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Rusiyanın üçüncü dünya müharibəsinə hazırlaşdığını söyləmişdi.

Ukraynadakı gərginliyin nəticələri barədə "Şərq”ə danışan politoloq Qabil Hüseynli bildirib ki, hadisələrin III Dünya müharibəsinə səbəb olması real görünmür. Onun sözlərinə görə, Putin belə bir savaşa getməyəcək: "Putin belə bir müharibənin nə ilə nəticələnə biləcəyini və Qərbin hansı

potensiala malik olmasını yaxşı bilir. Son dövrlərdə nüvə texnologiyalarının inkişafı baxımından Qərbin Rusiyanı qat-qat qabaqladığı Putinə məlumdur. Kreml rəhbəri nüvə savaşından şantaj kimi istifadə edir”.

Rusiyanın Gövhər Dudayev dövrünün Çeçenistanı ilə müharibədən üzüağ çıxmadığına diqqət çəkən ekspertin fikrincə, Moskvanın Vaşinqtonla toqquşması Kreml üçün daha fəlakətli olacaq: "Rusiyanın belə bir müharibədən qalib çıxmaq şansı sıfırın altındadır”.

Q.Hüseynli onu da diqqətə çatdırıb ki, III dünya savaşı baş verərsə, bu, Rusiya üçün çox uğursuz bir başlanğıc olacaq: "Rusiya tərəfindən ara qarışdırılmazsa, o zaman III dünya müharibəsi baş verməyəcək”.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı isə Ukrayna ilə Rusiya arasındakı böhranın üçüncü dünya müharibəsinə gətirib çıxaracağını ehtimal edir. Deputatın fikrincə, Ukrayna ilə bağlı Moskva daha çox dərinə gedir: "Görünür ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə yönəlmiş daha ciddi planları var. Krımdan fərqli olaraq Ukraynanın Şərq vilayətlərində ukraynalılar əhalinin ən azı 50 faizini təşkil edir. Rusiya qoşunları artıq sərhədi keçərək Şərqi Ukrayna vilayətlərində yerləşdirilib. Ancaq hələ ki, Ukraynanın Şərq vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən mitinqlər kütləvi deyil. Burada daha çox aqressiv xarakter daşıyan hərəkətlər müşahidə olunur ki, bunun da arxasında şübhəsiz Rusiya dayanır”.

F.Ağamalı deyib ki, hazırda vəziyyət çox mürəkkəbdir: "İnana bilmirəm ki, ABŞ və Qərb beynəlxalq münasibətlərə zərbə vuran və böyük çatlar yaradan Rusiyanın bu hərəkətinə sonadək müdaxilə etməyəcək. Çünki beynəlxalq münasibətlər sistemində II dünya müharibəsindən sonra yaradılmış olan ərazilərin pozulmaması prinsipi indi Rusiya tərəfindən açıq-aşkar pozulur. Bu isə dünyada böyük problemlər və təhlükələr yarada bilər. Nəzərə alsaq ki, dünyada ayrı-ayrı ölkələrin bir-birinə qarşı ərazi iddiaları var. Bunların əksəriyyəti hələ ki, böyük qarşıdurma xarakteri daşımır. Ancaq Rusiyanın bu hərəkətləri ola bilsin ki, dünyada bu cür ölkələrin də hərəkətini stimullaşdırar və nəticədə yeni münaqişə ocaqları yaranar. Hətta, NATO ilə Rusiya arasında da münaqişə yarada və bu da üçüncü dünya müharibəsinə qədər gətirib çıxara bilər”.

"Krımın Rusiyaya birləşdirilməsi o demək deyil ki, Moskva ərazi bütövlüyü ilə bağlı öz müqəddəratını təyinetmə prinsipini prioritet sayaraq beynəlxalq hüquqa münasibətini kardinal şəkildə dəyişib”. Bu barədə parlamentin deputatı, politoloq Rasim Musabəyov bildirib. Ekspertin fikrincə, dünya düzənini dəyişmək üçün Rusiyanın nə qüvvəsi, nə resursu, nə də ideologiyası mövcuddur: "Rusiya üçüncü dünya müharibəsinə başlaya bilər. Amma "soyuq müharibə” apara bilməz. Bundan ötrü onun maliyyə resursları, siyasi blokları, alternativ ideologiyası yoxdur. Rusiyanın hərbi potensialı ona öz ərazisi xaricində hərbi əməliyyatlar aparmağa imkan vermir. O, öz sərhədləri çərçivəsində hərbi əməliyyatlar keçirə bilər”.

Ayyət Əhməd