Barak Obama Qarabağ probleminin həllinə çalışacaq

Vəfa Quluzadə: “Bir gün görəcəyik ki, Rusiyanın köməyi ilə Ermənistan qüvvələri Azərbaycana hücum çəkir”
Rasim Musabəyov: “Vaxtında qarşısı alınmadığı üçün baxın, indi Rusiya haralara əl atır”





ABŞ-ın "Foreign Affairs” jurnalında Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc edilib. ABŞ və İsrail alimi, Amerika siyasi elmlər assosiasiyasının üzvü Brendi Şaffer yazdığı məqalədə bildirib ki, may ayının əvvəlindən etibarən ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri daha da artıracaq. Alimin fikrincə, Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etməyə çalışır: "Çünki rəsmi Moskva münaqişənin həlli müddətini uzatmaqla regionda öz təsirini saxlamağa çalışır”. Ermənistan hökumətinin Rusiya qoşunlarını ölkədən çıxarmaq fikrində olmadığını bildirən Şaffer iddia edir ki, belə olan təqdirdə rəsmi Moskva həm Ermənistana, həm də Qərbə regionda mövcud olan münaqişələrin həlli ilə bağlı təzyiqlər edə bilir. Müəllifin fikrincə, Dağlıq Qarabağ münaqişəsi bu günə qədər ona görə həll olunmayıb ki, ABŞ Rusiyanı heç vaxt ciddi qəbul etməyib:

"Vaşinqton münaqişəni Rusiyasız həll etməyə çalışıb. Lakin Krımın Rusiyaya birləşdirilməsindən sonra Ağ Ev rəhbərliyi başa düşüb ki, Moskva Dağlıq Qarabağda etnik münaqişədən istifadə edə bilər. Rusiya Ukrayna və Gürcüstanda sübut etdi ki, bu dövlət hər an hərbi gücündən istifadə edə bilər. Bəs, Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq? Vladimir Putin Krım məsələsində uğur əldə etdikdən sonra həvəslənib. İnanmıram ki, o, digər münaqişələrdə danışıqlara getsin”.

Cənab Şafferin fikirlərindən belə çıxır ki, Rusiyanın niyyəti Krım məsələsini birdəfəlik həll etdikdən sonra Qarabağa "boylanmaq”dır. Əgər Amerika müəyyən addımlar atmasa, o zaman Krım təhlükəsi Qarabağa da aiddir.

Xatırladaq ki, bir neçə gün öncə rusiyalı politoloq Stanislav Belkovski də buna bənzər ifadələrlə mətbuatda çıxış etdi. O söylədi ki, Putin Ukraynada maksimum planını yerinə yetirdikdən sonra, növbə Baltikyanı ölkələr və Qarabağa çatacaq.

Yerli analitiklər də bildirirlər ki, Rusiya hər zaman Qarabağ üçün təhlükəlidir. Amma bu təhlükə Krım proseslərindən sonra bir qədər də artıb. Ukrayna ərazilərini işğal edərək bir qədər arxayın davranan Kreml rəhbərliyinin bölgə ilə bağlı, xüsusən də dondurulmuş münaqişələrlə əlaqədar hansı addım atacağını proqnozlaşdırmaq bir qədər çətindir.

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə də deyir ki, Krımdan sonra Qarabağ məsələsində problemlər var. Keçmiş dövlət müşaviri "Şərq”ə bildirib ki, ATƏT-in Minsk Qrupu münaqişəni Dağlıq Qarabağda referendum keçirməklə həll etmək niyyətindəydi: "Amma indi anlayırlar ki, referendumlar saxta olur. Krımdakı saxta referendum böyük bir problem yaratdı və bu, hələ uzun çəkəcək. Azərbaycanlıları etnik təmizləmə ilə Dağlıq Qarabağdan çıxarandan sonra orada heç bir referendum keçirmək olmaz. Ona görə həmsədrlər bu barədə düşünüb yeni təkliflər verməlidir. Mən deyə bilmərəm ki, Obama hansı addımları atacaq, nə iş görəcək. Amma mütləqdir ki, problemin həlli istiqamətində hansısa təklif verilsin, həllinə çalışılsın. İkinci məsələ isə Rusiyanın qrupda həmsədrliyidir. Rusiya qrupda qalacaqsa, münaqişə onun kefi istədiyi kimi həll olunacaq. Burada heç bir beynəlxalq hüquq, ya qanun işləməyəcək”. V.Quluzadə hesab edir ki, əvvəlcə Rusiyanın Minsk Qrupuna daxil edilməsini yada salmaq lazımdır: "Rusiya Budapeşt sammitində Dağlıq Qarabağı işğal etmək üçün BMT-nin mandatını istəyirdi. Lakin ABŞ buna etiraz etdi. Onda Rusiyaya regionun ən böyük dövləti olduğuna görə daimi həmsədrlik təklif etdilər. Moskva da buna razılaşdı. Daimi həmsədr də o deməkdir ki, onun razılığı olmadan digər həmsədrlər - ABŞ və Fransa heç nə edə bilməzlər. Ona görə Rusiya Minsk Qrupunda olana qədər Dağlıq Qarabağ məsələsi ya həll olunmayacaq, ya da ki, Krımdakı kimi nəticələr verəcək. Bir gün görəcəyik ki, Rusiyanın köməyi ilə Ermənistan qüvvələri Azərbaycana hücum çəkir, özümüzü də bunda ittiham edəcəklər. Rusiya Dağlıq Qarabağda baş vermiş hansısa "fakt” prinsipi ilə məsələni öz xeyrinə həll edəcək. Krım göstərdi ki, Rusiya bütün regionlara təhlükədir. Məsələn, Dağlıq Qarabağ münaqişəsindən məkrli planları naminə istifadə edər, Qazaxıstana qoşun yeridə bilər, Dnestryanı bölgəni tərkibinə qatar. Yəni Rusiya istədiyini edə bilər. Çünki Rusiya Ukraynanı işğal edib, bir hissəsini tərkibinə qatdı, Qərb isə bunun qarşısında susur. Sanksiyalar Rusiyaya təsir etmir. Putin hazırda keçmiş Sovet İttifaqını bərpa edir. Faktiki Rusiya bunu səsləndirir ki, biz SSRİ-ni qaytarırıq. Qərb isə hansısa cavab vermir. Putinin fikirlərini səsləndirmək üçün ortalığa Jirinovskini buraxıblar. Hamı da deyir ki, o, bir təlxəkdir. Məncə o, təlxək-zad deyil. Jirinovski Putinin fikirlərini səsləndirir, ondan sonra bu fikirlər həyata keçir”.

Millət vəkili, politoloq Rasim Musabəyov Krımın Rusiyanın nəzarəti altına keçməsinin Azərbaycan və digər postsovet respublikaları üçün də təhlükə vəd etdiyini düşünür. Onun fikrincə, Rusiyanın qarşısının illərdir alınmaması hazırkı vəziyyətə gətirib çıxarıb: "Azərbaycanın torpaqlarını da ermənilər ruslarla birgə işğal ediblər, 20 ildən artıqdır dünya buna göz yumur. Bundan sonra Rusiya arxayınlaşdı və bu, başqa respublikalara da təsir göstərdi. Dnestryanı bölgədə rus ordusu dayanıb. 2008-ci ildə Rusiya dünyanın gözü qarşısında Gürcüstanı işğal etmək istəyirdi. Tiflisi ələ keçirməsinin qarşısını dünya ala bildi. Ancaq Abxaziya ilə Osetiyanın Rusiya tərəfindən işğalına göz yumuldu. Nəticədə Rusiya bir qədər də arxayınlaşdı və Krıma ordu yeridərək açıq şəkildə Ukraynanın ərazi bütövlüyünə təcavüz etdi”. R.Musabəyov qeyd edib ki, Qərb, dünya birliyi Rusiyanın bu addımlarına artıq reaksiya verməyə başlayıb: "Ancaq bu reaksiya nə dərəcədə sərt, prinsipial olacaq, bunu hələlik dəqiq söyləmək mümkün deyil. Sanksiyalara əl atılır, amma bu hələ ki, təsirli görünmür. Azərbaycan, Gürcüstan, Moldova daim dünya qarşısında məsələ qaldırırdı ki, Rusiyanı durdurmaq lazımdır. Vaxtında qarşısı alınmadığı üçün baxın, indi Rusiya haralara əl atır. Dünya birliyi Rusiyanın qarşısını almazsa, vəziyyət ürəkaçan olmayacaq”.

Anar Bayramoğlu