Spiker deputatları haqlı qınayır

İqbal Ağazadə: “Biz iclaslara qatıldıq-qatılmadıq, elə bir fərq etmir”
Vahid Əhmədov: “Sədrdir, yuxarıdan baxır, yəqin ki, müəyyən məsələləri hiss edir və tövsiyələrini də verdi”

Azərbaycan Milli Məclisinin bir qrup deputatı parlamentin və üzvü olduqları komissiyaların iclaslarına qatılmırlar. Həmin deputatlara parlamentin rəhbərliyi tərəfindən göstərdikləri biganə münasibətə görə dəfələrlə xəbərdarlıq olunub. Onların bəziləri üzrlü səbəblərə görə iclaslara gələ bilməsələr də, böyük bir qismi müxtəlif bəhanələrlə saymazlıq edib nə plenar iclaslarda, nə də üzv olduqları komissiyaların keçirdikləri iclas və görüşlərdə iştirak etmirlər. Qeyd edək ki, Milli Məclisin ötən plenar iclasında parlament sədri Oqtay Əsədov deputatları növbəti dəfə iş yerinə biganəliyə görə, tənqid edib.

Onun sözlərinə görə, millət vəkilləri parlament iclaslarında iştirak etmir və ya iclaslara vaxtından gec gəlirlər. Parlamentin hər bir millət vəkilinin iş yeri olduğunu vurğulayan spiker deyib ki, Milli Məclisin ayda iki iclası keçirilir. Amma ayda iki dəfə keçirilən iclaslarda deputatlar yarım saat gecikir:

"Biz deputat seçiləndə öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir? Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə

tədbiri? Hansı tədbir? Milli Məclis olan gün iclasdan daha vacib tədbir nədir axı, bir dəfə dinmirik, iki dəfə dinmirik. Gedir tədbirə, iclasın yarısına gəlirlər, sonra da bir -iki çıxış edir, yenidən çıxıb gedirlər. Biz özümüz-özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın”.

Millət vəkilləri "Şərq”ə açıqlamasında spikerin səsləndirdiyi iradların haqlı olduğunu bildiriblər.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə spikerin bu iradını normal qəbul etdiyini deyib: "Oqtay Əsədov parlamentin spikeridir. Hər halda o məsələni qaldırıbsa, deməli, doğrudan da Milli Məclisdə deputatların qayda-qanunlara əməl etməsi ilə bağlı müəyyən problemlər var”.

Konkret olaraq, İqbal Ağazadənin iclaslarda iştirakına gəldikdə isə millət vəkili bildirib ki, spikerin iradı daha çox hakim partiyanın təmsilçilərinə şamil olunmalıdır: "Biz iclaslara qatıldıq-qatılmadıq, elə bir fərq etmir. Çünki olduqca azıq. Milli Məclisin əsasını hakim partiya çoxluğu təşkil etdiyi üçün spikerin iradlarından da onlar nəticə çıxarmalıdır. Biz onsuz da, azlıqdayıq. Spiker Yeni Azərbaycan Partiyasının rəhbər şəxslərindən biridir. O cümlədən Konstitusiyaya görə, dövlətin üçüncü adamıdır. Parlamentin böyük əksəriyyəti isə Yeni Azərbaycan Partiyasını və hakimiyyətin siyasətini dəstəkləyən şəxslərdir. Öz adamlarını, öz partiya yoldaşlarını danlayıblar. Mən bunu normal qəbul edirəm”.

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, hər hansı bir deputat tədbirə gedərkən qabaqcadan spikerdən icazə almalıdır: "Deputatlarımızın etikası, səviyyəsi var, burada qeyri-adi bir şey yoxdur. Sədrdir, yuxarıdan baxır, yəqin ki, müəyyən məsələləri hiss edir və tövsiyələrini də verdi. Rayonda müəyyən tədbirlər olur. Ola bilər ki, o zaman deputatlar Milli Məclisə çatmırlar, amma onların hara getməyindən asılı olmayaraq, əsas iş yeri Milli Məclis olduğu üçün, getməmişdən əvvəl sədrlə razılaşdırılmalı, icazə alınmalıdır. Hesab edirəm haqlı iraddır”.

Millət vəkili Zahid Oruc isə hesab edir ki, parlamentin ötən iclasında spiker tərəfindən səslənən iradlar heç bir halda kimisə aşağılamaq, kimlərisə əlahiddə tənqid etmək niyyətində deyildi: "Düşünmürəm ki, spikerin tənqidlərini dilə gətirməsi hər hansı bir millət vəkilinin üzərində dərs keçmək, onları məktəbcəsinə öyrətmək niyyəti idi. Burada söhbət daha artıq dərəcədə parlamentin işinin keyfiyyətcə yeni əsaslara keçirilməsi və dövlət quruculuğunda qanunverici orqanın önəmli yerinin bir daha hər kəsə xatırladılması və ona adekvat addımların atılması, millət vəkilinin adının və statusunun yüksəlməsindən gedir”.

Millət vəkilinin sözlərinə görə, ümumi tənqid ruhundan asılı olmayaraq, əslində parlamentarizm belə də olmalıdır. Diskussiyalar, debatlar bir-birilə çarpaz baxışlar və s. "Real tənqidlərin məzmunu ilə bağlı etiraf etmək lazımdır ki, Milli Məclisdə hazırkı dönəmdə kifayət qədər yüksək bir iş şəraiti yaradılıb. Bu baxımdan hər mərtəbədə cəmi iki-üç millət vəkilinin əyləşməsi gerçəkdir. Bu bir tərəfdən onun sübutudur ki, ikinci iş yerləri müəyyən mənada problemlər doğruldur. Halbuki "parlamentin üzvü” adı mühüm bir hakimiyyət qolu kimi daha önəmli yer tutmalıdır və o otaqlar dolu olmalıdır. Mən ondan narahatam ki, parlament tam tərkiblə salonda olsun, amma bununla da bizim istəklərimiz və hər hansı bir tənqidlərimiz yenə də öz yerində qalsın. Mən bu iradı faydalı hesab edirəm, bunu xüsusi olaraq, kiminsə xəbərdarlıq qarşısında qalması, tənbeh edilməsi, danlanması və yaxud da kiminsə aşağılanması kimi səciyyələndirmirəm və elə hesab edirəm ki, bu, parlamentin bütövlükdə cəmiyyətin maraqalarının qorunmasına xidmət edir”.

Z.Orucun sözlərinə görə, millət vəkillərinin iclaslara laqeyd yanaşması yalnız parlamentin işinə deyil, həmçinin vətəndaşların məclis üzvlərindən gözləntilərinə də mənfi təsir göstərir: "Bu adamları heç kəs məcburi olaraq deputat seçməyib. Onların parlamentə ayıracaq vaxtları yoxdursa, o zaman hansı zərurətdən millət vəkili olmaq qərarını verirlər? Zənnimcə, parlament fəal siyasətçilərin, hüquq adamlarının və elm-təhsil kontingentinin təmsilçilərinin və beynəlxalq münasibətlər sistemi üzrə peşəkar olan insanların toplaşmalı olduğu yerdir. İstəyiriksə, Milli Məclisin üzvlərinin bəlli texniki şəraitdən yalnız başlarının arxaları deyil, bütöv simaları cəmiyyətə təqdim olunsun, belə olan halda diskussiyalar zamanı fəal olan insanların fəaliyyətini real olaraq ictimaiyyətə çıxarmaq lazımdır”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı da spikerin iradının haqlı olduğunu bildirib: "Məncə bu, doğru idi, əlavə nə söz deyim? Təbii ki, Milli Məclisin yığıncaqlarında millət vəkilləri daha fəal olmalıdır. Elə millət vəkili var ki, beş ildə bir dəfə səsi eşidilir, sadəcə qeydiyyatdan kecib, orada oturub, çay içib, siqaret çəkib çıxıb gedir. Eləsi də var ki, iclasın tez bitməyini gözləyir. Hər cür millət vəkil var. Görünür dünyanın bütün Milli Məclislərində bu var. Kimisi dinləyir, kimisi çıxış edir. İclasın gedişində səhlənkarlıq olur, bəzən iclasın birinci hissəsində oturanlar ikinci hissəsində olmurlar. Bütün bunların hamısını Oqtay müəllim hamıdan yaxşı görür. Fikrini də bildirib. Bizim burada nə münasibətimiz ola bilər?”.

Millət vəkili Elman Məmmədov: "Hər kəs özünə cavabdehdir. Şəxsən öz adıma deyə bilərəm ki, hər zaman işimin başındayam. İclas oldu-olmadı parlamentə gəlib, otağımda otururam. Heç kəsə minnət də qoymuram. Gündəlik işimiz budur. Deputat seçilmişiksə, deməli, Konstitusiyaya uyğun öz vəzifələrimizi icra etməliyik. Bu bizim həm də seçicilərimiz qarşısındakı başlıca borcumuzdur. Əgər cənab sədr məsələni plenar iclasda qaldırıbsa, deməli, həqiqətən də bu problem var və bəzi deputatlarımız qayda-qanunları pozurlar. Ancaq öz adıma həmin iradları qəbul etmirəm. Tam əminliklə deyə bilərəm ki, pioner vaxtımdan bu günə qədər həmişə qayda-qanunlara tabe adamam. Boynuma düşən vəzifəni də tələb olunan səviyyədə şərəflə yerinə yetirməyə çalışıram”.

Şəymən