Göyçay: Doludan sonra sakinlər rayon rəhbərliyinə etiraz edib





Mayın 4-də dolu yağması səbəbindən təsərrüfatına ziyan dəyən Göyçayın Qarabaqqal kənd sakinləri rayon rəhbərliyinin "laqeydliyinə etiraz olaraq" Bakı-Şamaxı-Yevlax magistral yolunu bağlayıblar.
Kənd sakinləri BBC Azərbaycancaya deyib ki, dolu yağması nəticəsində "ən çox ziyan görən" Qarabaqqal kəndi olub.

"Dolunun "episentri" bizim kənd olub. Bütün təsərrüfat məhv olub. Doludan sonra yağış yağıb və evləri su basıb, demək olar ki, gecəni çöldə keçirmişik. Heç bir nəfər də gəlib maraqlanmır".
Sakinlərin sözlərinə görə, yarım saat davam edən etiraz aksiyası icra hakimiyyətinin nümayəndələri ilə danışıqlardan sonra başa çatıb.
"Bizə dedilər ki, şikayətlərinizi nəzərə alacağıq. Düşündük ki, istəyimizə qismən nail olduq və yarım saat sonra camaat dağılışdı", sakinlərdən biri deyir.
Mayın 4-də Göyçaya, Qəbələyə, Şamaxı və İsmayıllı rayonlarına dolu yağıb. Göyçay rayon sakinləri BBC Azərbaycancaya kənd təsərrüfatına "böyük miqdarda" ziyan dəydiyini və elektrik təchizatının kəsildiyini bildiriblər.
Rayonun Ləkçıplaq kənd sakini Elnur Rüstəmov BBC Azərbaycancaya deyib ki, on dəqiqə ərzində yağan dolu dənəsindən biri anasının üzünü zədələyib.
"Anam dolu yağmağa başlayan kimi evdən çıxıb "parnik"ə gedən vaxtı bir dənə bunun alnına düşüb və alnı partlayıb".
Cənab Rüstəmovun sözlərinə görə, kənddə istixanada meyvə-tərəvəz yetişdirən sahibkarlara "böyük ziyan dəyib".
"5-6 günə bu meyvə-tərəvəzlər bazara çıxarılmalı idi. İndi isə yumurta boyda yağan dolu "parnik"ləri deşib və məhsul yararsız hala düşüb. Bundan başqa xeyli taxıl sahələri yanıb. Dolu elə güclü yağıb ki, yüz kiloluq bar verən meyvə ağaclarının yarpaqları belə tökülüb".
Kənd sakini bir neçə maşının şüşələrinin sındığını, amma evlərin ziyan çəkmədiyini bildirib.
"Dolu yağmadan öncə işıq kəsildi və indiyənə qədər də eletrik enerjisinin təchizatı bərpa olunmayıb".
dolu
Rayon sakini Laçın Vəliyev BBC Azərbaycancaya deyib ki, yarım saat ərzində dolu rayonun bir hissəsinə düşüb.
"Qırx dəqiqə dolu yağdı və yerdə 10-15 sm buz örtüyü yarandı. Kəndlərin yarısından çoxunda dolu istixanalarda becərilən məhsulu zay edib. Ən çox ziyan Çayarxı, Ləkçıplax, Qaraman kəndlərinə dəyib".
BBC Azərbaycancanın Göyçay Rayon İcra Hakimiyyəti ilə danışmaq cəhdləri baş tutmayıb.
Rayon sakinlərinin dediyinə görə, sonuncu dəfə 2008-ci ilin mayında güclü dolu yağması səbəbindən təsərrüfat sahələrinə ciddi ziyan dəyib.