Ən böyük azərbaycanlı

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq məfkurəsi Azərbaycan dövlətinin ideoloji əsasıdır




... Əvvəli ötən sayımızda

Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən ideologiya olaraq azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə ilk səfərlərindən başlayaraq, getdiyi hər bir ölkədə yaşayan həmvətənlərimizlə - oradakı azərbaycanlı icmasının böyük və ya kiçikliyindən asılı olmayaraq - görüşlər keçirir, onların problemləri, qayğıları ilə maraqlanır, tövsiyyələrini verirdi. Onun məqsədi və idealları sayəsində xarici ölkələrdə yaşayan soydaşlarımızda müqəddəs məfkurə faktoru əsas xətt kimi öndə tutulub.

Bu baxımdan dahi öndər Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılıq məfkurəsinin, Azərbaycan təəssübkeşliyinin ən lakonik, ən bariz və özündə tarixi möhtəşəmliyi ehtiva edən ifadəsi idi: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.

Artıq tam əminliklə qeyd etmək olar ki, nəcib, milli təəssübkeşliyə söykənən müqəddəs arzu bu gün uğurla həyata keçməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, azərbaycançılıq məfkurəsinin ümummilli ideologiya timsalında möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atılır. Hazırda qeyd edilən nöqteyi-nəzərdən bir daha qənaətə gəlmək mümkündür ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsi amili Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideoloji əsasını təşkil edir. Biz Vətənini, dövlətini, xalqını sevən vətəndaş olaraq, bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya, bu məfkurə mədəniyyətlərarası dialoqa mühüm bir körpüdür.

Odur ki, azərbaycançılıq fəlsəfəsini vahid Azərbaycanın ideya əsası, dünya azərbaycanlılarını birləşdirən ortaq dəyər və Azərbaycanı dünyaya tanıdan milli-mənəvi irs olaraq öyrənmək və təbliğ etməklə yanaşı, onu milli-dövlətçilik ənənəsinin mühüm postulatı kimi də diqqətdə saxlamaq gərəkdir. Bu baxımdan əminliklə qeyd etmək olar ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə dünyaya inteqrasiya olunduğu indiki vaxtda Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş azərbaycançılıq məfkurəsinin milli-ideoloji plast olaraq dərindən tədqiqi, onun dünya azərbaycanlıları arasında və bütövlükdə beynəlxalq miqyasda təbliği təkcə bugünün deyil, həm də sabahın tələbidir.

Heydər Əliyevin azərbaycançılıq ideologiyasının yaradılması və yayılması istiqamətindəki rolunu dəyərləndirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, azərbaycançılıq ideologiyasının kökləri dərindir və bu, regionda Azərbaycan xalqının formalaşdığı bir dövrdən başlayır: "Azərbaycançılıq təkcə bu torpaqla, xalqla, onun mədəniyyəti, tarixi ilə bağlılığı olmayaraq, dünyada müasir və inkişafa xidmət edən cəhətlərin birləşməsi deməkdir”. Prezident Administrasiyası Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Bakinski raboçi” qəzetində müsahibəsi dərc olunub. Müsahibədə azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol, təşəkkül prosesi geniş təhlil olunub”.

Azərbaycançılığın həmişə cəmiyyətdə aparıcı ideologiya olduğunu vurğulayan deputatın sözlərinə görə, dövlətimiz əlimizdən alınıb, sıxışdırılıb, başqa dövlətlər bizim torpağı işğal ediblər, ancaq bununla belə məhz azərbaycançılıq Azərbaycan xalqını xilas edib və onun inkişafına, öz yerini tutmasına kömək edib: "Azərbaycançılıq konkret bir ideologiya, praktikadır. Bu sadəcə bir nəzəriyyə deyil, eyni zamanda, həyatla sıx bağlıdır, onun daşıyıcıları, aparıcı qüvvələri, düşünən beyinləri olub. Tarixən hər zaman Azərbaycan xalqı öz layiqli övladları ilə bu dünyada özünə layiqli olan yeri tuta bilib. Akademik Ramiz Mehdiyevin "Bakinski raboçi” qəzetinə müsahibəsində həmin dövrün tarixi şəxsiyyətləri çox düzgün göstərilib. Ən əsası azərbaycançılıq müasir dövrdə də müstəqil, güclü Azərbaycan dövlətini qurmağa kömək edir. Azərbaycançılıq bir xalqın ideologiyası, bir dil daşıyıcılarının ideologiyası deyil, müasirliyin, müasir dövlətin ideologiyasıdır. Bu gün milliyətindən, dinindən, siyasi dünya görüşündən asılı olmayaraq, Azərbaycan dövlətində yaşayan nə qədər insan varsa, azərbaycançılığın formalaşmasında iştirak edirlər, onun yaşamasına dəstək verirlər”. Onun sözlərinə görə, azərbaycançılıq Azərbaycan dövlətinin tarixi, mədəniyyəti ilə bugünkü müasir təfəkkürün, inkişaf ideyalarının birləşməsi deməkdir:

"Bu ideyanın yaşamasına kömək edən isə şübhəsiz ki, Azərbaycan xalqının layiqli övladları olub. Konkret olaraq Heydər Əliyev şəxsiyyətinin azərbaycançılığın yaranmasında və bugünkü müasir forma almasında böyük zəhməti olub. O, təkcə nəzəriyyəçi deyil, praktik olub. O, dövrün problemlərini həll etməklə yanaşı, Azərbaycan xalqının gələcək yolunun müəyyənləşməsində böyük xidmətləri olub. Heydər Əliyev öz dövründə böyük bir məktəb yaradıb və bu məktəbi keçənlər öz xalqına, dövlətinə sədaqətlə xidmət edirlər. Bu məktəbin ən böyük parlaq yetirməsi Prezident İlham Əliyevdir. Onun fəaliyyəti bu gün Azərbaycan dövlətinin müasir formada qurulmasına, beynəlxalq birlikdə Azərbaycanın layiqli yer tutmasına xidmət edir”.

YAP Siyasi Şurasının üzvü, millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli azərbaycançılıq ideologiyasının müstəsna əhəmiyyətindən bəhs edərək deyib ki, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri də bu milli ideologiyanın yaradılmasıdır. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev həm müstəqil Azərbaycanın, həm də onun milli ideologiyasının banisidir: "Bu gün Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi geniş öyrənilir və təbliğ olunur. Bu, təsadüfi deyil. Çünki müstəqil Azərbaycan Ümummilli liderimiz, böyük dövlət xadimi Heydər Əliyevin şah əsəridir. Onun misilsiz xidmətləri sayəsində bugünkü müasir Azərbaycanın inkişafının əsası qoyulub”.

İsa Həbibbəyli əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq hazırda bütün dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirən ideologiyadır: "Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev milli ideologiyamızın təbliğinə xüsusi diqqət yetirir. Hazırda azərbaycançılıq ideyasına əsaslanan milli siyasət uğurla inkişaf etdirilir. Bütün bunlar nəticə etibarilə milli dövlətçiliyi möhkəmləndirir, təhsilin inkişafı, gənc nəslin öz ölkəsinə məhəbbət və onun ideallarına sədaqət ruhunda tərbiyəsi üçün şərait yaradır”.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə deyib ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirib. Millət vəkilinin sözlərinə görə, bütün dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən Ümummilli lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxarıb: "Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sabit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı”.

E.İbrahimov əlavə edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən dövlətinə çevrilib”.

Milli Məclisin deputatı Jalə Əliyevanın sözlərinə görə, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan milli ideologiyamız - azərbaycançılıq ideologiyası xalqımızın milli həmrəylik və bütövlüyünü təmin edən başlıca vasitədir. O bildirib ki, azərbaycançılıq ideologiyasının təməlində məhz Azərbaycan dili dayanır. Çünki azərbaycançılıq ideologiyasını Azərbaycan dili olmadan təsəvvür etmək mümkün deyil: "Nəhayət, Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasını gündəmə gətirərkən dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrindən bəhrələnərək milli keçmişimizi, mövcud reallıqları əsas götürüb ki, bu da milli maraqlarımıza xidmət edib”.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək deyib ki, müstəqilliyimizin ilk illərində ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirdi. Məhz Ulu öndər Heydər Əliyevin qayıdışından sonra ölkəmizin davamlı iqtisadi inkişafı təmin edildi, bütün sahələrdə dəyişikliklər baş verdi, iqtisadi inkişafın Azərbaycan modeli yaradıldı: "Bunlarla yanaşı, Ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası soydaşlarımızın həmrəyliyini təmin etdi. Eyni zamanda, milli həmrəylik davamlı inkişafa çox ciddi təkan verdi”.

Şəymən