Valideynlər, ayıq olun!

Nurçular 6-7-ci sinif şagirdlərini “ovlamağa” çalışırlar




DİN əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakının mərkəzi rayonlarından birində nurçuların ocağı aşkarlanıb. Əməliyyat zamanı nurçu liderlərdən 4 nəfər saxlanılıb. Mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin MDB və Azərbaycan üzrə koordinator olduqları bildirilir. Keçirilən əməliyyat zamanı bir neçə təhlükəli məqamlar da ortaya çıxıb.

Nurçuların məclisinə daha çox məktəb yaşlı uşaqlar və azyaşlılar cəlb olunur. Nurçular öz məzhəblərini və siyasi görüşlərini yaymaq, ayinlərini icra etmək üçün yetkinlik yaşına çatmayan uşaqlardan yararlanırlar. Bir sıra ekspertlər hesab edir ki, nurçuların düşüncəsində xristianlıqdan keçən bəzi nüanslar var. Məsələn, nurçular orduda xidmət etməyin əleyhinə çıxır və bunu öz inanclarına zidd sayırlar. Onların daha bir zərərli xüsusiyyəti isə ailə qurmağa neqativ yanaşmalarıdır.

İslamşünas alim Hacı Atif İsmayılov nurçuluğun Azərbaycan üçün çox böyük təhlükə olduğunu bildirib: "Nurçular vəhhabilərin sivil formasıdır. Vəhhabilər öldürməklə, baş kəsməklə, nurçular isə hiss olunmayan daha kəskin və təsirli üsullarla öz niyyətlərinə nail olmağa çalışırlar. Ola bilsin, hazırda bunun real təhlükəsi görünmür. Amma 5-6 ildən sonra nurçu problemi özünü bariz şəkildə göstərəcək”. İslam aliminin sözlərinə görə, cəmiyyətin inkişafı gənclərdən və azyaşlı uşaqlardan keçir. Gənclərimiz hansı əqidə üzrə inkişaf etsə, elə həmin amal uğrunda da gələcək prinsiplərini həyata keçirəcəklər: "Bu baxımdan nurçular məqsədyönlü şəkildə Azərbaycanın orta məktəblərinə nüfuz edərək, 6-cı sinifdən 11-ci sinfə qədər şagirdləri "ovlamağa” çalışırlar. Məqsədləri isə budur ki, yeniyetmə nəsil üzərindən öz ideyalarını yaysınlar və bu üsulla gələcəkdə hakimiyyət iddialarını reallaşdırsınlar. Rastlaşdığımız bəzi insanlar özləri də qeyd edirlər ki, nurçu təriqətinə girdikdən sonra xüsusi olaraq dövlət idarələrində çalışmaq üçün yetişdirilirlər. Nurçuların dövlətin yüksək vəzifələrində təmsil olunmaları isə olduqca təhlükəlidir. İndiyə qədər dəfələrlə görmüşük ki, təriqətçi dövlət məmurları öz vəzifələrini kənara qoyaraq, hansısa dini sekta uğruna ölkələrarası, məzhəblərarası nifaq yaratmaqla, çaxnaşma salmaqla məşğul olublar”.

A.İsmayılov maarifləndirmə işinin aparılmasını çox vacib sayır: "İlk növbədə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Valideynlər uşaqlarının təhsili ilə maraqlanır, amma onların hansı əqidəyə meyl etməsinə nəzarət etmirlər. Ona görə də, maarifləndirmə uşaqlardan əvvəl onların ata-analarına lazımdır. Nurçuların təsiri altında olan orta və ya ali məktəbləri bitirən yeniyetmələr artıq birbaşa bu təriqətin ideologiyasına yiyələnmiş sayılırlar. Bu cür gənclər hətta öz ailələrinə, valideynlərinə belə həmin ideyanı aşılamağa başlayırlar”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib ki, orduda xidmət edənlərin üzərinə bu cür ideoloji məcburiyyətlər qoymaq və onları dövlətə xidmətdən daşındırmaq insanları həqiqi mənada itaətsizliyə, fərariliyə sövq etməkdir: "Bu basqı həmin insanları kənar etiqaddan asılı vəziyyətə salır. Əlbəttə, biz tolerantlıq prinsipini önə çəkərək bunun normal hal olduğunu deyə bilərdik. Çünki Azərbaycan qanunvericiliyində insanların konkret hansısa dinə tapınması haqda inzibati əmr və göstəriş yoxdur. Ancaq nurçuluq fəaliyyətinin və onun imkanlarının genişləndirilməsi və bura azyaşlı uşaqların cəlb olunması çox təhlükəli planlardan xəbər verir. Ona görə də, hüquq-mühafizə orqanlarımız bu məsələyə həssaslıqla yanaşırlar. Ordunun içində belə tələlər qurmaq mənəvi terrordur. Bu, beyinlərə yönələn qəsddir”.

İsmayıl