Kazarmanın qoxusu: Kəndçi balası da əsgər getməlidir, nazir balası da





Azərbaycanda hərbi çağırışa qəbul qaydaları dəyişdirilir. Mətbuatda yayılan məlumatlara görə, təhsil keçmiş və ilk çağırışçılar olan hərbi qulluqçuların hərbi xidmət müddəti artırılacaq və onların hərbi qulluq müddəti təhsilsizlərlə bərabər tutularaq, iki il müddətində olacaq.

Bundan başqa, müxtəlif şərtlərə görə həqiqi hərbi xidmətə getməyən şəxslərlə bağlı yeni qaydalar tətbiq olunacaq. Bundan sonra xaricdə təhsil alan və qanunla heç bir güzəşt olmadan indiyədək ordudan yayındırılan məmur övladları da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və qoşun növlərinin tərkibində həqiqi hərbi xidmət keçməyə məcbur olacaqlar.

Sözsüz ki, məmur övladlarının hərbi xidmətə getməməsi cəmiyyət içində də danışılır və heç də yaxşı qarşılanmır. Məmurlar öz övladlarını hərbi xidmətdən yayındırdıqlarından, bu məsələni mediadan qapalı saxlayırlar. Övladlarının gələcək karyerasını düşünərək onları əsgərliyə göndərənlər isə gənclərin paytaxtın mərkəzi hissəsində yerləşən hərbi hissələrə düşməsinə can atır, bundan ötrü müxtəlif vasitələrdən yararlanmaqdan belə çəkinmirlər. Təki hərbi biletdə "hərbi xidmət keçmişdir” sözləri yazılsın. Bəzi vətəndaşlar da harınlamış məmur övladlarını misal gətirərək, "müharibə olsa, getməyəcəm. Hansısa varlının, məmurun oğlu qaçıb gizlənəcək, mən isə döyüşəcəm?” kimi sözlər deyirlər. Əgər məmur övladları hərbi xidmətə aparılarsa, bunun cəmiyyətdə "Niyə ancaq bizim balalarımız əsgər gedir, niyə ancaq bizim övladlarımız orduda ölür” sual-ittihamının qarşısını ala biləcəkmi? Ümumiyyətlə, bu dəyişikliyin təsiri nə qədər olacaq? Təbii ki, Azərbaycan reallığında adamın buna inanmağı gəlmir. Onlar ən şəraitli kazarmalarda xidmət edəcəklər. Filankəsin oğlu olduğu üçün də onlara yenə "gözün üstə qaşın var deyən” olmayacaq.

Məsələ ilə bağlı danışan sabiq millət vəkili Əlövsət Ağalarov indidən dəyişikliklərlə bağlı danışmağın tez olduğunu deyib: "Müzakirələrin nə nəticəsi olacaq? Sadəcə, mənim təklifim budur ki, nazir müavini, şöbə müdiri, polis rəisi və başqa vəzifə sahibləri olan şəxslərin də övladları hərbi xidmətdə olsun. Vətənpərvərlikdən hamı danışır. Müharibə başlayanda hamı uşağını geri qaytarır. Deyir, mənim uşağım müharibəyə getməsin. Vətənpərvərlik elə bu kasıb tayfası üçündür?”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Konstitusiyamızda şəxslər arasında fərq qoyulmur, amma reallıqda bu, var: "Konstitusiyamızda şəxslər arasında fərq qoyulmur. Bu, istər kəndçi oğlu olsun, istərsə də nazir oğlu olsun. Heç bir fərqi yoxdur. Qanun hər kəs üçün eynidir. Azərbaycan reallığında isə ayrı-seçkilik edilir. Fərqlər qoyulur. Amma qanunvericilikdə də fərqin olması mümkün deyil. Bu, gülüncdür. Bütün dünya bizi ələ salar. Deyərlər ki, 21-ci əsrdə bu nə cür ölkədir ki, qanunvericiliyə imtiyazlı şəxslərin adlarını salırlar. Hətta elə bir şey məntiqlə də düzgün deyil. Hesab edək ki, hansısa nazirin oğlu əsgər gedir. Bir neçə gün sonra atası işdən çıxarılır. Keçmiş nazirin oğlu 2 il xidmət etməlidir, yoxsa sıravi qaydada 1 il və ya 1 il 6 ay xidmət etməlidir?”. Hərbi ekspert bu məsələ ilə bağlı yanlış dəyərləndirmələrin olduğunu da vurğulayıb: "Bu kimi xəbərlərin yaranma səbəbi, bu suallara düzgün cavabı verəcək olan qurumların mətbuatdan qaçması ilə bağlıdır. Bir neçə gün öncə məlumat yayılmışdı ki, Müdafiə Nazirliyinin rəhbər şəxsləri Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsində müzakirələr aparacaqlar. Bəziləri orada ediləcək müzakirələri yanlış qiymətləndiriblər. Əslində isə ailənin tək oğullarının məsələsi, magistrların məsələsi, hərbi qulluqçuların sosial problemlərinin həllini tapması və bu kimi məsələlər müzakirə olunacaq. Bu məsələni bu şəkildə təqdim etməklə cəmiyyətdə qeyri-sağlam ab-hava yaradırıq. Nazir övladları, harınlamış məmur övladları... Prinsip etibarı ilə biz bunu qəbul edirik. Azərbaycan reallığında bu, var. Hərbi xidmət zamanı ayrı-seçkilik edilir. Amma bunun qanunvericilikdə də fərqli şəkildə olması gülüncdür. Tam səmimi olaraq deyirəm ki, inandırıcı deyil ki, Prezident Administrasiyasında belə absurd məsələyə müsbət rəy verilsin. Mən tam lehinəyəm ki, fərq qoyulmasın, onlar da hərbi xidmətə getsinlər. Həqiqətən də belə bir şey olarsa, bunu müsbət hal kimi qəbul etmək olar. Misal üçün, hansısa hərbi hissədə qulluq edən məmur oğlu, orada olan problemləri daha yaxşı biləcək. Nəyin çatışıb, nəyin çatışmadığını yaxşı biləcək. Amma ümumilikdə məsələ burasındadır ki, qanun düzgün işləmədiyi üçün belə məsələlər ortaya çıxır”.

Üzeyir Cəfərovun fikrincə, Azərbaycan qanunvericiliyində olan boşluqlardan kim necə istəyirsə, elə də yararlanır: "Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməyən və ya hərbi qulluqçu olmayan şəxslər dövlət orqanlarında hər hansı vəzifə tuta, dövlət sirrini daşıyan hər hansı qurumda işə götürülə bilməzlər. Bu qanun belə, işləmir. Hərbi xidmətdə olmayan şəxslər dövlət vəzifəsi icra edirlər. Misal üçün, Milli Məclisdə Fuad Muradov kimi, Ceyhun Osmanlı kimi deputatlar var ki, onların heç biri hərbi xidmətdə olmayıblar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da hərbi xidmətdə olmayıb. Hətta o, bir müddət əvvəl təhsil nazirinin müavini idi. Buradan belə bir sual ortaya çıxır. Bunlar hansı haqla gedib, o vəzifələrdə oturublar? Onlar tabeliklərində olan insanlara

necə örnək ola bilərlər? Yəni istərsə, 50 qanun qəbul olunsun. Qanunlar işləməsə, heç bir xeyri yoxdur. Biz vəziyyətdən çıxa bilməyəcəyik. Sosial ədalətsizlik olacaq”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbas isə deyib ki, Azərbaycanda hərbi xidmətdən yayınanlara qarşı xüsusi cəza mexanizmi var və hər kəs qanun qarşısında eynidir: "Onsuz da Azərbaycanda hərbi xidmət məcburidir. Müxtəlif səbəblərdən hərbi xidmətdən yayınan şəxslər məsuliyyətə cəlb olunur. Bu bütün dünyada belədir. O cümlədən də, Azərbaycanda. Heç kəs ordudan yayına bilməz. Əks təqdirdə, cinayət məsuliyyətinə cəlb olunur və həbs cəzası alır”.

Yeni dəyişikliklərin məmur balalarının hərbidən yayınmasının qarşısını alıb-almayacağına gəldikdə isə millət vəkili bildirib ki, Azərbaycanda heç bir məmur övladını bilə-bilə "od”a atmaz: "Məmur övladlarının ordudan yayınması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Məmur heç vaxt öz balasını hərbidən qaçırmaz. Ola bilsin ki, xaricdə təhsil aldığına görə bir neçə il geciksin. Bu da normal haldır. Şəxsən öz adıma deyə bilərəm ki, heç vaxt övladlarımı ordudan yayındırmağı düşünməmişəm. İki oğlum var. Biri ali təhsil aldıqdan sonra bir il hərbi xidmətdə olub. Digəri isə Türkiyədə Polis Akademiyasında oxuyub və 4 il əsgər həyatı yaşayıb. Demək istəyirəm ki, heç bir məmur bilərəkdən öz balasının gələcəyinə bais olmaz. Ən azından bilirlər ki, övladları əsgər getməsə, onları dövlət qulluğuna işə düzəltmək mümkün olmayacaq. Qanunvericilikdə göstərilib ki, hərbi xidmətdə olmayan adamlar dövlət qurumlarında işləmək hüququndan məhrum edilir. Məmur bütün bunları bilə-bilə öz övladını niyə "şikəst” eləsin ki? Hamı istəyir ki, övladı hakimiyyətdə yer alsın. Hansı məmur istəyər ki, oğlu yüksək təhsil alsın, sonra da ordudan yayındığı üçün vəzifəyə götürməsinlər. Oğlunu ondan ötrü xaricdə oxutmur ki, gəlib Azərbaycanda restoran işlətsin, yaxud da alverçi olsun? Ola bilsin ki, varlı şəxslər övladlarını ordudan saxlasın. Məsələn, biznesmen oğlu böyüdükdən sonra atasının şirkətlərinə rəhbər keçəcəksə, orduya getməsə də olar. Şəxsən tanıdığım dövlət məmurlarının hər birinin övladı hərbi xidmətdə olub”.

Şəymən