Onlar ordudan dərhal uzaqlaşdırılmalıdır

“İnsan özü boynuna almırsa, onun cinsi azlıq olduğunu aşkar etmək çətindir”




İşgəncələrə Qarşı Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov "N” saylı hərbi hissədə monitorinq aparıb. Hüquq müdafiəçisinin apardığı monitorinq zamanı məlum olub ki, bir əsgər cinsi azlığın nümayəndəsi olduğuna görə, hərbi hissədən tərxis edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cinsi azlığın ordudan tərxis olunması ilə bağlı bildirilib ki, tibbi müayinə zamanı çağırışçının şəxsiyyət və davranışında dəyişiklik müşahidə olunursa, belə şəxslər əsgər aparılmır: "Amma bəzən bu xəstəlik gizli olduğundan tibbi müayinə zamanı aşkarlanmır və belə halda həmin şəxs həqiqi hərbi xidmətə aparılır. Sonradan isə həmin əsgər ordudan uzaqlaşdırılır. Çünki şəxsiyyət və davranışda dəyişiklik xəstəlik kimi qiymətləndirilir”. Problemi şərh edən hərbi ekspert, psixoloq Azad İsazadə deyir ki, Azərbaycan Ordusunda cinsi azlıqların xidmət etməsi qadağandır. Ancaq bəzi xarici ölkələrdə, yeni verilmiş qanunlara əsasən cinsi azlıqların əsgərlik çəkməsinə icazə verilir: "Cinsi azlıqların hərbi xidmət öncəsi tibbi yoxlanışdan keçmə məsələsi isə bir qədər mürəkkəbdir. Birincisi, cinsi azlıq nümayəndəsi olanlar xəstə sayılmır. Çünki bu hal xəstəlik deyil. İnsanın sosial seçimidir və diaqnostika ilə əlaqəsi yoxdur. Problem ondadır ki, bizdə bunu araşdıracaq nə bir mütəxəssis var, nə

də bir aparat. Yəni insan özü boynuna almırsa, onun cinsi azlıq olduğunu açıq şəkildə aşkar etmək çətindir. Sovet vaxtı belə insanlar birmənalı olaraq xəstə kimi qəbul edilirdilər və bu "işlə” məşğul olanlar Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən həbs olunurdu. Amma bu yanaşma gülünc idi. Ən doğrusu odur ki, hərbi hissələrdə cinsi azlıqların nümayəndələri aşkar olunursa, onlar dərhal xidmətdən uzaqlaşdırılsın”.

Hərbi ekspertin sözlərinə görə, homoseksualizm hormonlarla bağlı olan psixoloji durumdur: "Əgər bir insanda hormon çatışmazlığı varsa, zahiri görünüşü kişi, daxili görünüşü qadın olsa belə həmin şəxsin cinsi azlıq nümayəndəsi olduğunu ortaya çıxartmaq mümkün olur. Yox əgər sadəcə psixoloji meyillik varsa, ancaq laboratoriya ortamında bunu aşkarlamaq olar. Onu da sırf psixoloqlar ortaya çıxara bilər. Ancaq bir məsələni vurğulamaq lazımdır ki, burda söhbət təkcə ordudan getmir. Ümumiyyətlə, cəmiyyətimiz cinsi azlıq nümayəndələrini normal qəbul etmir. Ona görə də, bəzi cavanlar belə problemləri olduqlarını gizlədirlər”.

A.İsazadə məsələnin digər tərəfini də qeyd edir: "Kişi kollektivində kimsə istər-istəməz, yəni məcburi qaydada əxlaqsızlığa cəlb oluna bilər. Düzdür, belələri əsgərlikdən qayıdandan sonra normal həyatına dönə, hətta özünə ailə də qura bilər. Çünki o, əsgərlikdə zorla bu "işə” sövq edilib. Ancaq bu cür insanları da xidmətdən dərhal uzaqlaşdırmaq lazımdır. Çünki hərbi qulluq müddəti onlar üçün əsl cəhənnəmə çevriləcək”.

İsmayıl