Heyvan qatilləri: İtin başını kəsənlər 500 manat cərimə ilə canlarını qurtarırlar

Onlardan hər cür ağır cinayət gözləmək mümkündür. Bəlkə bu insanların psixikasında problemlər var?





İtlə qəddarcasına davrananlarla bağlı daha bir videonun sosial şəbəkələrdə paylaşılması cəmiyyətdə kəskin etirazla qarşılanıb. Bunu, məlum olayla bağlı sosial şəbəkələrdə yazılan rəylər də göstərir. "Heyvanla bu cür davrananların cəzasını Allah verəcək. Onlar özləri it kimi gəbərəcəklər” səpkili, hətta söyüşlərlə müşayiət olunan sərt ifadələrlə yanaşı, "Yazıq o valideynlərin halına ki, belə övlad yetişdiriblər” deyə, heyvan qatillərinin valideynlərinin halına acıyanlar da var. Daha da dəhşətli olansa bu cür halların və onları görüntüləyən videoların sayının getdikcə artmasıdır. Sanki cəza almayacaqlarına arxayınlaşanlar rahatlıqla öz qəddar əməllərinə davam edirlər. Belə təəssürat yaranır ki, heyvanlarla qəddarcasına davranan bir şəbəkə fəaliyyət göstərir.

Özləri bu işi görməsələr də, onu edəcək birilərini tapır, nələrsə vəd edir, çirkin əməlləri onlar vasitəsilə icra edir, özləri isə kənarda dayanıb olanları görüntüləyir, sonra da sosial şəbəkələrə yerləşdirirlər.

Bütün hallarda bunlar cəmiyyəti təhdid edən məsələlərdir.

Narahatlıq doğuran da, hüquq-mühafizə orqanlarının həmin qatilləri aşkarlamaması və nəticə etibarilə onların cəzasız qalmalarıdır.

Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında heyvanlarla bu cür qəddarcasına davranılmasının ümumilikdə cəmiyyət üçün pis bir nümunə olduğunu dedi:

- İtin o şəkildə öldürülməsi və bunu əks etdirən videonun sosial şəbəkələrdə yerləşdirilməsi insanlıq çərçivələrini aşır. İtin nə günahı var? Belə qəddarlıq olarmı? Əksər insanlar heç toyuğun boğazını kəsə bilmir, ürəyi gəlmir. Bunlarsa, itlə necə də amansızcasına davranırlar. İnsan normal halda bu cür qəddarlığa yol verə bilməz. Hardasa, ölüm, qətl hadisəsi baş verəndə, cinayət törətmiş şəxsin həmin anda anlaqlı və ya anlaqsız vəziyyətdə olması araşdırılır. Ekspertiza təyin edilir. Çünki bir insanın hər hansı bir canlını qətlə yetirməsi üçün onun normal haldan çıxması gərəkir. Ya bu insan alkoqol vəziyyətdə olmalıdır, ya narkotik qəbul etmiş olmalıdır, ya da heç olmasa, hədsiz əsəb, stress, depressiya vəziyyətinə düşməlidir. Məsələn, ötən dəfə buna oxşar hadisə baş vermişdi. Füzuli rayonunda 3 gənc iti amansızlıqla döymüşdülər və bunu videoya çəkmişdilər. İctimai qınaq, rezonans böyük olduğundan gənclər polis tərəfindən saxlanıldılar. Onlardan ikisi azyaşlı idi, biri 10-cu, digəri 8-ci sinif şagirdi idi, barələrində inzibati protokol tərtib edilərək rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinə göndərilmişdi. Biri isə inzibati qaydada 500 manat cərimə edilmişdi.

Amma daha araşdırılmadı ki, bu yeniyetmələr həmin hadisəni törədərkən hansı vəziyyətdə olublar. Bəlkə alkoqol qəbul ediblərmiş, bəlkə narkotik maddə istifadə ediblər. Çünki bu hərəkətlər normal insana xas ola bilməz. Digər vacib məqam belə cinayət əməllərinə görə, çox yüngül cəzaların verilməsidir. Bu cür hallar yalnız İnzibati Xətalar Məcəlləsi ilə cəzalandırılır. Belə əməl törətmiş şəxslər İXM-nin 129.1 (heyvanlarla rəhmsizcəsinə davranmaqla onların şikəst edilməsinə və ya tələf olunmasına görə) maddəsinə görə, 500 manat cərimə edilirlər. Hesab edirəm ki, heyvanlara qarşı belə amansızlıqla davranılması hadisələrinə daha ciddi yanaşılmalıdır. Çünki bu gün itlə, pişiklə, hər hansı bir heyvanla heyvancasına davranan "insan” sabah insanlara qarşı da eyni hərəkəti edəcək. Bu vəhşiləşmiş insanlar artıq potensial qatildirlər. Onlardan hər cür ağır cinayət gözləmək mümkündür. Bəlkə bu insanların psixikasında problemlər var? Onları cəmiyyətdə sərbəst gəzməyə qoymaq olmaz. Bəlkə, bu, bir məşqdir, həmin adam edir?! Cəmiyyət üçün təhlükə daşıyan bu tip şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunmalı və onlarla aidiyyəti üzrə davranılmalıdır. Bu işdə böyük məsuliyyət sahə müvəkkillərinin üzərinə düşür. Sahə müvəkkili ərazi ilə maraqlanmalıdır, insanlara kənardan nəzarət etməlidir və təhlükəli vəziyyətlərdə hüquq-mühafizə orqanlarını xəbərdar etməlidir. Bu tip manyakları heç bir halda nəzarətsiz qoymaq olmaz.

Ona görə də istər İXM-nə, istərsə də Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir, belə qəddar əməllər daha sərt qaydada cəzalandırılmalıdır.

İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay da hesab edir ki, Cinayət Məcəlləsində bu cür əməllərə görə konkret cəzanın nəzərdə tutulması həmin adamları arxayınlaşdırır. Azərbaycan demokratiya yolu tutub, Avropaya inteqrasiya edirik, ölkəmiz sürətlə inkişaf edir. Belə olan halda qanunvericiliyimiz də bu inkişafa uyğun olmalıdır. Heyvanlara qarşı qəddar hərəkətlərə yol verənlərə qarşı Cinayət Məcəlləsində konkret cəzalar nəzərdə tutulmalıdır. Bu iş də Milli Məclisin üzərinə düşür. Millət vəkilləri qanunvericiliyə dəyişiklik etməlidirlər ki, hüquq-mühafizə orqanları da qanuna istinad edib cəza tədbirləri görsünlər. Hazırda bu cür hallara qarşı yalnız inzibati cəza tətbiq edilir. Ancaq biz görürük ki, bu cür qəddar əməl sahiblərini inzibati cəzalar qorxutmur. Deməli, daha sərt cəzalara ehtiyac var. Bu cür əməlləri ictimaiyyəti açıq təhdid, insanların şüuruna mənfi təsir kimi dəyərləndirib dolayısıyla cəza vermək mümkündür. Amma niyə dolayısıyla olsun, bir halda ki, qanunvericiliyə dəyişiklik etməklə birbaşa konkret cəza tədbirləri nəzərdə tutmaq olar. Bəzən cəzaların sərtliyi insanları cinayət törətməkdən çəkindirir. Avropa ölkələrində təbiətin, ətraf mühitin mühafizəsi, heyvanların hüquqlarının qorunması ilə bağlı sərt qanunlar tətbiq edilir. Siz Avropa ölkələrində sahibsiz heyvanların küçələrdə dolaşdığını nadir hallarda görə bilərsiniz. Belə hal olan kimi sahibsiz heyvanlar tutulur və xüsusi saxlanma yerlərinə aparılır və xüsusi dərman preparatları vasitəsilə yatızdırılırlar. Cəmiyyətdən təcrid edilirlər. Avropada sahibsiz heyvan tapmaq çətindir. Kimsə ev heyvanını küçəyə atırsa, o da cərimələnir. Amma bizdə qoşalüləni götürüb itləri güllələyirlər. Ya da qəddarcasına qətl edirlər. Bu, sivil bir ölkə üçün qəbulolunmaz haldır. Hesab edirəm ki, ətraf mühitin mühafizəsi ilə bağlı xüsusi bir komissiya yaradılmalıdır. Bütün bu məsələlər komissiya tərəfindən nizamlanmalıdır.

İ.Altay sahibsiz heyvanlarla amansızlıqla davrananların məsuliyyətə cəlb edilməsinin çətin olmadığını da dedi:

- Azərbaycan hüquq-mühafizə orqanları çox güclüdür. Ölkəyə tam nəzarət edə bilirlər. Heyvanlarla qəddarlıqla davrananları, bunları videoya çəkib internetdə yayanları üzə çıxarmaq onlar üçün çox asan bir işdir. Taparlar. Ancaq hansı maddə ilə məsuliyyətə cəlb edəcəklər. Belə qatilcəsinə davrananların, qəddarlıqla məşğul olanların qarşısını almaq üçün Milli Məclis qanunvericiliyə lazımi dəyişikliklər etsə, hüquq-mühafizə orqanlarının əlində qanuni əsaslar olar.

Məlahət Rzayeva