Mükafat qalmaqalı...

“Mən kiməm ki, ad, təqaüd verim?”
İsrafil İsrafilov: “İnanmıram ki, Sənubər xanım belə açıqlama versin”


Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərlinin cəzalandırılması məlumatı mətbuatın hələ də maraq dairəsində olan məsələdir. Deyilənə görə, teatrın direktoru İsrafil İsrafilov Prezident Mükafatına təqdim olunan builki siyahıdan S.İsgəndərlinin adını çıxarıb. Bununla da hər il Prezident Mükafatı alan Xalq artisti bundan məhrum edilib. Direktorun belə bir addım atıb-atmaması isə maraqlı məqamlardan sayıla bilər.

Məlumata görə, S.İsgəndərlinin cəzalanması bu yaxınlarda onun rejissor Rövşən Almuradlı barədə müdafiə xarakterli çıxışı olub. Söz-söhbətlər arasında rejissorla direktor arasında soyuq müharibə getdiyi də bildirilir. Rövşən Almuradlı İsrafil İsrafilovu ona qərəzli münasibət göstərməkdə ittiham edir. Belə bir məqamda S.İsgəndərlinin Rövşən Almuradlını müdafiə etməsi teatr direktorunu qəzəbləndirib.

Qeyd edək ki, Əməkdar artist rejissor haqqında bu fikirləri səsləndirib: "Rövşən bəy əsl peşəkardır və çox istedadlıdır. Teatrın ona ehtiyacı var. Sözün əsl mənasında professional rejissordur. Rövşən bəy iki ildir ki, "İblis” əsərini səhnələşdirmək istəyir ancaq ona şərait yaradılmır”.

Rejissorla teatrın aktrisası arasında yaranan soyuq müharibə barədə Akademik Milli Teatrının direktoru İsrafil İsrafilovla əlaqə yaratdıq. Maraqlandıq görək, budəfəki qalmaqala səbəb nədir? İsrafil İsrafilov "Şərq”ə açıqlamasında bildirdi ki, mətbuatda yer alan bu məsələ qətiyyən həqiqətə uyğun deyil: "Mən həmin məlumatı yazan jurnalistə deməyə söz tapmıram. Yalandı. Həqiqətən çox uzaq bir informasiya ilə səs-küy yaratmağa çalışırlar. Mən mətbuata açıq insan olmuşam. Mətbuatın ünvanladığı bütün suallara cavab verməkdən ehtiyat etməmişəm. Əvvəla, teatr truppası dünən qastrol səfərindən qayıdıb. Teatr Adana Beynəlxalq Festivalında iştirak edirdi. Mən də teatrla birgə o səfərdə iştirak etmişəm. Məsələdən tam xəbərim yoxdu. Sərəncam imzalananda da mən burda olmamışam. Məgər aktyorlara mən fəxri ad, ya təqaüd verirəm ki? Buna görə məni necə suçlaya bilərlər. Sənubər xanımın da belə bir açıqlama verdiyinə inanmıram. Teatr yaradıcı mühitdir. Teatrda bəzən yaradıcı insanlar arasında incikliklər də ola bilər. Bizdə də zaman-zaman belə xırda incikliklər olur. Adi ailədə belə ata-bala arasında söz-söhbət yaşanır. Amma buna başqa don geyindirib mətbuatın əsas xəbərinə çevirmək düzgün deyil. Sənubər xanım teatrımızın ən istedadlı aktrisalarından biridir. Münasibətimiz də yaxşıdır. Mən bilmirəm bu məsələ niyə belə çirkin şəkildə təqdim edilir? Mən heç kimə ad, təqaüd vermək səlahiyyətinə sahib deyiləm ki, buna görə məndən incisinlər. Yenə deyirəm. Mən Sənubər xanımı hələ ki görməmişəm. Amma yenə deyirəm ki, mən Sənubər xanımın məhz belə bir açıqlama verəcəyini düşünmürəm. Bu yenə jurnalistin şişirtməsi olub”.

Rejissor Rövşən Almuradlı da qəzetimizə açıqlamasında bu məlumatı təsdiqləmədi: "Mən inanmıram ki, Sənubər xanım belə bir açıqlama ilə mətbuat qarşısında çıxış etsin. Sənubər xanım o qədər böyük sənətkardır ki, belə xırdalıqlara getməz. O istər aktrisa, istərsə də bir xanım olaraq belə mənasız və xırda intriqalardan daha yüksəkdə duran biridir. Belə xırda məsələlər onun yaradıcı ruhunu narahat edə bilməz. Bizi yalnız yaradıcılıq işi, yaradıcılıq axtarışı maraqlandırır. Hər sahədə olduğu kimi, teatr sahəsində də problemlər, söz-söhbətlər olur. Ancaq bizim dilimizdən yalan yazmaq düzgün deyil”.

Tahirə