Millət vəkili Nuşirəvan Məhərrəmlini tam haqlı sayır

Televiziyalarda yaradılan bədii şuralar heç bir iş görmür




Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli növbəti dəfə televiziyaların fəaliyyətini tənqid edib. MTRŞ sədrinin budəfəki hədəfi bədii şuralar olub.

Televiziya kanallarında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış bədii şuraların fəaliyyətinin özünü doğrultmadığını iddia edən sədr deyib ki, telekanallarda bədii şuralar prezidentin il 9 aprel 2013-cü tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yaradılıb: "Ancaq telekanalların bəziləri yalnız Bədii Şuranın üzvlərinin adlarını yazıb, siyahı göndərməklə kifayətləndilər. Biz bu yaxınlarda "Xəzər” telekanalında bədii şura üzvləri ilə görüş keçirdik. "Xəzər” televiziyasındakı vəziyyət ürəkaçandır, bizi qane etdi. Amma təəssüf ki, digər telekanallarda bədii şuraların fəaliyyəti hələ lazımi səviyyədə deyil”.

N.Məhərrəmli bildirib ki, MTRŞ Azərbaycan ədəbi dili ilə bağlı məsələyə həmişə diqqətlə yanaşır və telekanallar da bunu bilirlər: "Biz xarici dilin tamamilə Azərbaycan efir məkanından çıxması ilə bağlı qərar verəndə bəzi istisnalara yol verirdik. Bu istisnalar maarifçilik məsələləri və xəbərlərlə bağlıdır. Amma bu, çox az miqdarda olmalıdır. MTRŞ bununla bağlı ayrıca bir qərar qəbul edib və bununla bağlı mövqeyi birmənalıdır”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili, akademik Nizami Cəfərov da MTRŞ sədri ilə həmrəy olduğunu vurğulayıb. Bizim televiziya və radiolarımızda nitq qüsurlarının həddindən artıq çox olduğunu deyən akademikin sözlərinə görə, xüsusən də, aparıcıların dilində ciddi qüsurlar nəzərə çarpmaqdadır: "Çıxışçıların nitqindəki qüsurlar müəyyn mənada onların özünün dil mədəniyyətinə, amma aparıcının dilindəki qüsurlar birbaşa televiziyanın dil mədəniyyətinə, peşəkarlıq səviyyəsinə aid olan bir məsələdir”.

Millət vəkilinin sözlərinə görə, bədii şuraların yaradılması müəyyən dövrdə media nümayəndələri tərəfindən aşırı həyəcanla qarşılandı ki, guya MTRŞ-nin bu addımı senzura deməkdir: "Bu cür söz-söhbətlərin də qarşısını almaq üçün MTRŞ-nin məsləhəti ilə bədii şuraların hər bir televiziyanın özlərinin yaratması tapşırıldı. Sadəcə, MTRŞ-nin tələbi bu idi ki, bədii şuralar formal xarakterli olmasın. Şura üzvləri vaxtaşırı olaraq, təhlillər aparmağı və nöqsanları göstərməyi bacarmalıdır”. Televiziya kanallarında dil və nitq qabiliyyətinin qorunmasında cəmiyyətin maraqlı olduğunu vurğulayan Komitə sədri deyib: "Azərbaycan cəmiyyəti olaraq biz onsuz da maraqlıyıq ki, hər sahədə olduğu kimi dil sahəsində qəbul olunmuş bütün normalar qorunsun, inkişaf artsın, zənginləşmə getsin, nitq mədəniyyəti təmin olunsun. Nitq mədəniyyəti nəticə etibarı ilə xalqın mədəniyyəti deməkdir. Bu mədəniyyətin isə ən göstərici cəhəti publisistika, mətbuat, televiziya və radiodur. Bu göstəricilərin hər biri ictimai xarakterli olduğu üçün cəmiyyətin maraq dairəsindədir. Publisistikada dil normalarının pozulması kimi bir narahatlığımız yoxdur, çünki onların hər biri mütəxəssisdir və normalara tam bələddirlər. Elmi üslubda da dil normalarının pozulması çox az

hallarda rast gəlinən faktordur. Bu sahələr kimi KİV-də də peşəkarlıq təmin olunmalıdır. Bu sahənin cəmiyyətə təsir imkanları çox genişdir. Hər gün, hər saat televiziya insanlara təsir edir. Bir şeyi də nəzərə almalıyıq ki, dilimizin inkişafı birbaşa publisistika ilə bağlıdır. Yəni həm yazılı, həm də şifahi KİV-də. Hesab edirəm ki, dil normalarının qorunmasında televiziya rəhbərliyi birbaşa maraqlı və eyni zamanda narahat olmalıdır. Əgər hər bir TV-nin tərkibində bədii şuralar yaradılıbsa, heç olmasa, onların effektivliyinə nail olmaq lazımdır. Formal olaraq, yaradılan Şuraların nə əhəmiyyəti var ki? Formaldansa, heç yaratmasalar, daha yaxşıdır. Ən azından nöqsanlar cəmiyyətin açıq müzakirəsinə çıxarılardı”.

MTRŞ sədrinin iradlarının tamamilə haqlı olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, televiziyalar işlək mexanizmə keçməlidir: "Hətta problemlərin aradan qaldırılması üçün Şuranın tərkibindəki mütəxəssislərə müəyyən qədər vəsait də ayıra bilərlər. Dil norması birbaşa Televiziya və radionun simasını müəyyənləşdirir. Amma telekanallar bu normalara əməl etməkdə maraqlı deyil. hətta bəzi özəl telekanalların rəhbərliyi MTRŞ-nin tənqid və iradlarına həddindən artıq qısqanc yanaşır, özlərin müdafiəyə keçirlər. Halbuki onlar bu iradlara həssas yanaşmalı və nəticə çıxarmağa çalışmalıdırlar. İnkişaf xatirinə, reytinq xatirinə aparıcının loru və ya əcnəbi sözlərdən istifadə etməsi ədəbi dilimizə laqeydliyin göstəricisidir ki, bu da birmənalı qəbuledilməzdir”.

Şəymən