Baş Prokurorluqdan Mətanət Əzizova ilə bağlı açıqlama - YENİLƏNİB






Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları Rauf Mirqədirov barəsində olan cinayət işi üzrə hüquqi qeydiyyatdan keçməyən Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı mənzildə məhkəmənin qərarı əsasında axtarış aparıblar.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın evində axtarış aparılması ilə əlaqədar bildirib.
E. Sultanov deyib ki, evdən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcılar maddi sübut kimi götürülüb.
***
17.52
Prokurorluq əməkdaşları Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparır.
Bu barədə APA-ya M. Əzizovanın anası, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, bu gün Baş Prokurorluğun əməkdaşları Mətanət Əzizovanın yaşadığı evə gələrək axtarışlara başlayıblar. M. Qəhrəmanlı bu axtarışın nə ilə bağlı olduğunu bilmədiyini qeyd edib.
O, hazırda özünün və qızının ölkədə olmadığını deyib. M. Qəhrəmanlı qızının hansı ölkədə olduğunu deməkdən imtina edib.
M. Qəhrəmanlı öz evində də axtarış aparıldığını desə də, bu məlumat təsdiqini tapmayıb.