Mikayıl Cabbarovun dini dərslərə qadağası əsassızdır

Hacı Şahin Həsənli: “Orta məktəblərdə dinin tədrisi məsələsinə də, ümumiyyətlə dini maarifləndirmə sahəsindəki vəziyyətə də yenidən baxılmalıdır”



Təhsil naziri Mikayıl Cabbarov orta məktəblərdə dini dərslərin keçirilməsinin gündəmdə olmadığını deyib. Nazir nə bir səbəb göstərib, nə də izah verib. Jurnalistlərin sualına qısaca "bu məsələ gündəmdə deyil” cavabı verməklə keçinib. Görünür, nazir KİV nümayəndələri ilə ayaqüstü görüşübmüş. Jurnalistlərin təkrar sualına əlavə şərh istəməsinə imkan olmayıb.

Fəqət, imkan verilmiş olsaydı, təbii olaraq belə bir sual qoyulardı: "niyə gündəmdə deyil və bu məsələnin gündəmə gəlməsi üçün gündəmin özü hansı vəziyyətdə olmalıdır görəsən?” Nazir deməsə belə, cavab da var, əslində. Orta məktəblərdə dinin tədrisi üçün əsl münbit zaman məhz indidir. Çünki gənclərimizin beyinlərinin uzun illər müxtəlif radikalizm meylləri ilə doldurularaq təməl islamdan kənar dini cərəyanlara təhrik edildiyi məlum olub. Sübut, Suriya! Artıq nə qədər gəncimiz Suriya torpaqlarında canını tapşırıb. Kimə və nəyə görə döyüşdüklərini dərk etməyən bu insanların terror və silahlı qruplaşmaların tərkibinə qoşulmaq üçün valideynlərinin gözünü yaşlı qoyub evini, ailəsini tərk etməsindən tutarlı daha hansı əsas olmalıdır?

Bizim nazirsə, məsələnin hələ gündəmdə olmadığını deyir. Əcəbdir!..

Artıq neçə aydır ki, ölkədə dini maarifləndirmənin gücləndirilməsinin vacibliyi vurğulanır. Görəsən, ziyalılar, din xadimləri bu işi hansı səviyyədə icra etməyi düşünürlər? Və ümumiyyətlə, düşünürlərmi? Orta və yaşlı nəsli maarifləndirməyin hansı yolları ola bilər? "Şparkalqa” metodu ilə bir-iki məsləhət verə bilərik. Məscidlərdə normal xütbələrin oxunması, yas mərasimlərində iştirak edən din xadimlərinin söhbətləri (təbii, əgər savadlıdırlarsa - red.) və efir. Yəni, telekanallarda günün müəyyən vaxtlarında dini verilişlər efirə verməklə insanlarımızın dini biliklərini artırmaq.

Bunun sayəsində gözlənilən nəticəyə nail olacağımıza da ümid edə bilmərik. Birincisi, ona görə ki, Azərbaycan televiziyaları böyük tamaşaçı kütləsini itirə-itirə gedir. Tamaşaçıları yenidən ekran qarşısına cəmləməyin özünün dərin bir konsepsiyaya ehtiyacı var. İkincisi və ən əsası, Suriyaya gedən orta və ya yaşlı nəsil deyil ki. Radikal dini cərəyanların "ovu” böyüklər olmur. Onların işi kiçiklərlədir. Suriyaya gedənlər də məhz gənclərdir. O gənclər ki, bir neçə il əvvəl orta məktəbi bitiriblər. Hələ bir neçə il əvvəl orta məktəblərimizdə şagirdlərə normal dini biliklər verilsəydi, bu gün biz neçə-neçə gəncimizi Suriya atəşindən sığortalamış olardıq. İllər əvvəl bu şansı itirmişik. Məktəblərdə dinin tədrisini gecikdirməklə hələ bundan sonra daha neçə il itkilərə imkan yaratmış olacağıq?

"Şərq”ə açıqlama verən "Mənəvi dünya” İctimai Birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli qeyd etdi ki, orta məktəb səviyyəsində dini biliklərin öyrədilməsi praktikası artıq mövcuddur:

- Avropa dövlətlərinin əksəriyyətində şagirdlərə din fənni tədris olunur. Bir halda ki, demokratik dəyərlərə üstünlük verdiyini iddia edən Avropa təhsili həm də dini tədris edir, biz niyə bundan çəkinməliyik? Yaxın qonşumuz, qardaş Türkiyədə də bunun ən mükəmməl nümunəsi var. Türkiyə də dünyəvi dövlətdir. Demokratik ölkədir. Amma Türkiyə liseylərində din dərsləri tədris olunur. Bakıda fəaliyyət göstərən Atatürk Liseyində "İslam və əxlaq” fənni keçilir. Türkiyə təhsili dünyəviliklə dini uzlaşdırır. Deməli, təcrübə var. Biz də bu təcrübədən yararlana bilərik. Dinin tədrisi dünyəvilik prinsipi ilə heç bir ziddiyyət təşkil etmir. Orta məktəblərdə şagirdlərə dinimiz haqqında biliklərin verilməsinin mahiyyəti budur ki, uşaqlarda din haqqında dolğun təsəvvür yaransın. Uşaqlara islamın təməl prinsipləri - əlifbası öyrədilsin. Bilirsiz, insanların din haqqında bir ziyalının dilindən eşitmələri daha effektli olacaq. Bir var, insan dinlə bağlı din xadimindən eşidir, bir də var, tanıdığı, inandığı ziyalının dilindən. Şagirdlər üçün də müəllimləri bu səviyyədədir. Məktəbdə bütün fənləri şagirdlərə müəllimlər öyrədir. Dini də müəllimlər öyrətsin. Bunun şagirdə təsiri daha böyük və daha müsbət olacaq. Artıq neçə ildir Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, İslam Universiteti fəaliyyət göstərir, hər il bu ali məktəbləri neçə-neçə məzun bitirir. Onlar təhsil müəssisələrində din tədrisinə cəlb edilməlidirlər. Yaxud, məktəblərdə humanitar fənləri tədris edən müəllimlərə xüsusi treninqlər keçirilməklə din fənninin tədrisinə cəlb edilə bilərlər. Burada problem yaradacaq heç nə yoxdur. Bilirsiz, insanların yanlış istiqamətə yönlənməsi, radikallığa meyllənməsinin əsas səbəbi məlumatsızlıq, bilgisizlikdir. İslam dini haqqında məlumatı olan insan heç vaxt radikallığa meyl etməz. Çünki islamın mahiyyətində bəşəri hisslər, sülhpərvərlik, şəfqət, mehribanlıq dayanır.
 H.Ş.Həsənli bəzi ziyalıların orta məktəblərdə "Həyat bilgisi” dərsliyinin olması və orada islam dini barədə zəruri məlumatların verilməsi iddiası üzərində də dayandı:

- Mən o dərsliklə tanışam, həmin bölümləri də oxumuşam. Orada yazılanlar islam dini ilə bağlı çox səthi məlumatlardır. Tədris ili ərzində bir-iki dəfə bu bölümün keçilməsi ilə uşaqlarımıza dinimiz haqqında zəruri biliklərin verildiyini iddia etmək doğru olmaz. İslam dini bir-iki dərsə sığışacaq mövzu deyil. İbtidai sinif şagirdinin qavrama qabiliyyəti ilə yuxarı sinif şagirdininki əlbəttə, fərqlidir. Bir var, uşağa din haqqında 6-7 yaşında danışırsan, bir də artıq yeniyetməyə bu haqda məlumat verirsən. Həm məlumatlarda fərq olur, həm də qavrama dərəcəsində. Hesab edirəm ki, orta məktəblərdə dinin tədrisi məsələsinə də, ümumiyyətlə dini maarifləndirmə sahəsindəki vəziyyətə də yenidən baxılmalıdır. İslamın sülhməramlılığı vurğulanmalıdır ki, dövlətimiz üçün təhlükə yarada biləcək qüvvələr yaranmış boşluqdan istifadə edib zərərli fikirlərini yaymasınlar.

Məlahət Rzayeva