“Biz heç vaxt baş-başa şam yeməyi yeməzdik”

İradə xanım: “Hər zaman dostlarımızla həyatımızı bölüşürdük”
“Anarın mənə hədiyyə etdiyi güllərə quluq edirdim ki, gec solsunlar, bu da onu təsirləndirirdi”




(Əvvəli ötən sayımızda)
- Nişanlı olduğunuz dönəmdə sizə etdiyi maraqlı bir jest olubmu ki, hələ də unuda bilmirsiz?

- Deyim ki, Anar romantik olub, yalan deyərəm. Heç vaxt romantik gecələrimiz olmayıb. Həmişə ətrafımız səs-küylü, maraqlı olub. Ətrafımızda dostlar olub. Demək olar ki, biz baş-başa şam yeməyi belə yeməzdik. Hər zaman dostlarımızla həyatımızı bölüşürdük. Amma onu da deyim ki, bəlkə romantik deyildi, amma Anardan həmişə böyük çiçək dəstəsi alardım. O bilirdi ki, mən gülləri sevirəm. Ona görə də mənə qızılgül hədiyyə edərdi. Bir xatirə yadıma düşdü. Mənim doğum günümdə bütün komandanın uşaqları mənə gül dəstəsi hədiyyə etdilər. Hərəsi 25 gül gətirmişdi. Anar onlardan gec gəldi. Sonda o daxil oldu və əlində olan böyük qızılgül dəstəsi ilə məni təbrik etdi. Maraqlı günlər idi. Hətta onu da deyim ki, Anarın mənə hədiyyə etdiyi güllərə quluq edirdim ki, gec solsunlar, bu da onu təsirləndirirdi.

- Ata kimi Anar Məmmədxanovu xatırlamağınızı istərdik. Evdə çoxmu ciddi idi, yoxsa uşaqlarla zarafatı, əylənməyi sevərdi.

- Ata kimi Anar çox mehriban idi. Uşaqlarına qarşı dost olmağa çalışırdı. Mən bəlkə də uşaqlara qarşı daha çox sərt olmuşam. Ancaq Anar ata kimi sərt olmayıb. Qızları öpərdi, deyərdi ki, dünyanın ən gözəl qızları mənim balalarımdı. Onları sığallayardı, qayğı göstərərdi. Adətən atalar belə söz demirlər axı... Amma Anar deyərdi ki, mənim qızlarım gözəldi. Onlar bir yerdə olanda sanki ata-bala yox, evdə 4 uşaq idilər.
- Asudə vaxtlarında uşaqlarla daha çox vaxt keçirərkən nə edərdilər?

- Anar çox vətənpərvər olub. Uşaqlarına da hələ kiçik yaşlarından Vətəni tanıtmağa, sevdirməyə çalışardı. Kitablar gətirərdi. Uşaqlarımızın üçü də vətənpərvər yetişib. Bilirəm ki, bu Anarın əməyinin nəticəsidir. Uşaqlarla stadionlara getməyi, bir yerdə futbol izləməyi sevərdi.

- 3 övladınız var. İki qız, bir oğlan. Anarın ruhu hansı uşağa daha yaxın olub. Deyək ki, o övladınız onu daha dərindən hiss edib...

- Anar uşaqları ilə bağlı danışanda həmişə deyərdi ki, İslama qəşəngliyimi, Məryəmə ağlımı, Mədinəyə isə xarakterimi vermişəm...

- Bu gün uşaqların yəqin ki, ata sevgisinə ehtiyacları olur, o qayğını əvəz edə bilirsiz? Onlar atalarına olan ehtiyac hisslərini sizinlə bölüşürlərmi?

- Evimizdə əslində bu barədə danışılmır. Təbii ki, onlar atalarından doymadılar. O ehtiyac həmişə var. Mən çalışıram ki, Anarın yoxluğunu onlara hiss etdirməyim. Amma nə qədər çalışsam da bu yoxluğu doldura bilmərəm. Buna gücüm çatmır. Anar kimi atanı necə əvəz etmək olar ki? Sadəcə biz uşaqlarla biri-birimizi başa düşə bilirik. Uşaqlar bilir ki, onlar mənim həyat amalım, dayağımdılar. Mən də onların hər addımında yanlarındayam. Onlara göstərməyə çalışıram ki, onların arxasında mənim kimi anaları var.

- Övladlarınız indi harda təhsil alır? Hansı sahəyə maraq göstərirlər?

- Oğlum xaricdə təhsil alır. Hazırda Bakıdadır, AFFA-da çalışır. İspaniyada təhsil alır. Ortancıl qızım ADA-da oxuyur, may ayında diplom işini təhvil verməlidir. Kiçik qızım isə bu il 10-cu sinifi bitirir.

- Anar müəllimin övladları ilə bağlı arzuları olub yəqin. Hansı sahədə onları görmək istəyirdi? Bu barədə hisslərini bölüşürdümü?

- Bu baxımdan çox demokratik bir ata idi. Hər zaman onlara seçim sərbəstliyi verirdi. Deyirdi ki, hansı sahədə olsanız da o sahənin peşəkarı olun.

- Bayaq qeyd etdiniz ki, övladlarınız onların arxasında güclü bir ana olduğunu hiss edir. Anar müəllim sizi güclü qadın olduğunuzu bildiyi üçünmü sevirdi həm də.

- Əslində o dövrdə nə Anar, nə də mən bilməzdik ki, mən bu qədər güclü dayana bilərəm. Sadəcə Anar məni güclü qadın kimi formalaşdıra, uşağı kimi yetişdirə bildi. Mənə ürəkli sözlər deyərdi, dəstəyini hiss etdirərdi. Bu məni zamanla güclü qadın etdi, böyütdü. Məni Anar güclü qadın etdi. O həyatımın müəllimi oldu. O məktəbi mən Anarla keçdim. Mənə qadın nə qədər güclü ola bilər - öyrətdi. Sanki məni həyata hazırlaşdırdı.

- O təkcə ŞHK-nun kapitanı yox, 20 əsrin ən güclü KVN kamandasının kapitanı olaraq qəbul edildi. Evdə necə, ona kapitan olaraq müraciət edirdizmi? Özünü evdə kapitan kimi hiss edirdimi?

- Yox heç vaxt elə bir müraciət olmayıb. O evdə sadə idi. Amma evdə hamı da bilirdi ki, birinci və sonuncu söz Anarındı. Hətta qohumlar arasında da, baxmayaraq ki, digərlərindən yaşda kiçik idi, ailəsində də onun sözünə önəm verilirdi. Anar deyirdisə, onun sözünün üstünə söz gətirmirdilər. Bacısı ondan böyük idi, amma son söz onun olurdu. Maraqlıdır ki, o evdə də ailədə də, dostlar arasında da lider idi.

- Anar müəllimin vəfatı gözlənilməz, ani oldu. Bu itkiyə, bu ölümə hazır deyildiniz yəqin. Amma deyirlər ki, insanlar özləri ölümlərini öncədən hiss edirlər. Hiss etmişdimi? Ölümündən əvvəl belə bir eyhamı, hansısa sözləri oldumu?

- Bu gün dərk edirəm ki, o ölümünü hiss edirmiş. O həmişə deyərdi ki, mən dünyadan tez köçəcəm. Mən fikir vermirdim. Bəlkə də ölümü ona yaraşdırmırdım deyə o sözünü ciddi qəbul etmirdim. Ölümündən 2 ay əvvəl bizim ailə dostumuz, onun ən yaxın dostlarından biri vəfat etdi. Bu itki ona ağır təsir etdi. Tanınmış bir ziyalı, diplomat idi. Hamımız o ölümün təəssüratı altında idik. O məqamda Anar dedi ki, növbəti mən olacam. Biz onun dediyinə əhəmiyyət vermədik. Amma onun hissləri heç vaxt onu aldatmırdı. Qəfil oldu. Biz buna hazır deyildik. Amma sanki o bizi bu günə hazırlayırdı.

- Ailədə necə insan idi. Anar müəllim xarakter etibarilə çətin insan olubmu?

- Əslində sadə olduğu qədər də xarakterli bir insan idi. Çətin xarakterə sahib idi. Onu oxumaq hər insanın işi deyildi. Qısa müddət hamı istərdi ki, onun dostu olsun. Amma onun həyat yoldaşı olmaq, onunla həyat qurmaq hər qadının gücü deyildi. Mən onu oxumağa öyrənmişdim. Məhz onu tanıdığım üçün də onunla ömür yolumuzu davam edə bildik. Əgər mən onu tanıya bilməsəydim onunla ailə olaraq yaşamaq asan olmazdı. Mən onu hiss edə bilirdim. Oxşar xarakterlərimiz var idi. Mən onun nəyi sevib-sevmədiyini o dilə gətirmədən bilirdim.

- Ünsiyyətdə çətin insan deyildi. Dostluğa dəyər verirdi. Ağıllı insanlara dəyəri var idi. Dostları bəzən ondan yaşda daha böyük olurdu. Sadə idi. Tanımadığı birinə belə kömək edərdi. Amma böyük mənada dostluğunu qazanmaq o qədər asan deyildi. O dostluqda dürüstlüyə, səmimiliyə üstünlük verirdi.

- Anar müəllim sonralar böyük siyasətə qatıldı. Millət vəkili seçildi. Siyasətə qatılarkən sizinlə məsləhət etdimi?

- Bayaq qeyd etdiyim kimi, Anar vətənpərvər idi. Millətinə bağlı biri idi. O vaxtlar çətin anlar idi. Millətin sabahı onu narahat edirdi. O siyasətə qatılmazdan əvvəl də millət adına işlər görərdi. Musiqimizin, incəsənətimizin təbliği üçün hər fürsəti dəyərləndirərdi. Bir çox müğənnilər, xanəndələr var ki, onların Azərbaycandan kənarda çıxışlarını təşkil edirdi, öz qatıldığı tədbirlərə onları da dəvət edərdi. O deyirdi ki, mən millət vəkili olsam, siyasətə gəlsəm daha çox milətimə, dövlətimə faydam ola bilər. Bu məqsədlə siyasətə gəldi. Əslində o siyasət adamı deyildi. O mənada ki, təmiz, saf insan idi. Yalanı sevməzdi. Amma siyasətdə olan insan bir az diplomatik insan olmalıdır. Mən hiss edirdim ki, ona siyasətdə çətin olacaq. Çünki o düzgünlüyü sevərdi. Hər sözü üzə deyirdi. Siyasət isə diplomatları sevir. Bu baxımdan ona siyasi aləmdə çətin idi.

- Alın yazısına inanırsızmı. Bu qədər böyük arzuları, iddiaları olan insan bir anda dünyadan köçdü.

- Mən alın yazısına inanıram. İnsan dünyaya gələndə onun alın yazısı yazılır. Bəlkə həyatın kiçik məqamlarını insan öz əməli ilə dəyişə bilər. Amma daha böyük, qlobal məqamlarda insan taleyini yaşamalı olur.

- Musiqiyə marağı necə idi?

- Musiqini çox sevirdi. Dəhşətli dərəcədə caz musiqisinə, muğama marağı var idi. Oxumağı sevirdi, amma səsi yox idi. Deyirdi ki, kaş o istedadım olaydı. Hətta onun səsinin olmamasını, amma ifa etmək sevgisi ilə bağlı yaxınları tez-tez zarafat edərdilər. Musiqini mütaliə edirdi. Burdan bir çox istedadlı gəncləri, xanəndələri Moskvaya aparmışdı. Rəşad Həşimov o zaman gənc idi. Onları KVN-lə Moskvaya aparmışdı. Hətta o zamanlar Şahin Növrəslini heç kimi tanımayanda Anar onu özü ilə Rusiyaya aparmışdı. Ona dəstək olurdu ki, tanınsın. Onunla dostluq edirdi. Şahin yaşda ondan çox kiçik olsa da, istedadlı idi deyə, onu çox sevirdi, evə dəvət edirdi. Tünzalə Ağayevaya, Sevda Ələkbərzadəyə, Abbas Bağırova dəstək olmağa çalışırdı.

- Mətbəxdə sizə kömək edərdimi? Hansı yeməkləri sevərdi?

- Mənə mətbəxdə heç vaxt kömək etməzdi (gülür). Amma yemək yeməyi çox sevərdi. Dadlı yeməkləri xüsusilə iştahla yeyərdi. Ətli yeməklərə üstünlük verirdi. Aşı o qədər yeməsə də qaranı çox yeyirdi. Xəmir yeməklərlə arası yox idi.

- Səyahətləriniz olurdumu, macəranı sevərdimi?

- Səyahəti sevən insan idi. Hər il yayda, ya imkan tapan kimi uşaqları da götürüb səyahətə gedərdik. Elə səfərlər olurdu ki, işlə əlaqəli idi, amma məni də özü ilə aparardı. Uşaqlarla səyahət etmək xoşuna gəlirdi. Macəraları sevirdi deyəndə, macəra özü onu axtarıb tapırdı. Çox vaxt başına maraqlı, hadisələr, macəralar gəlirdi. Səyahətlərdə çantasını tez-tez itirərdi. Ona görə yox ki, diqqətsiz idi. Sadəcə belə hadisələr başına tez-tez gəlirdi. Hərdən zarafatla deyirdi ki, mən həyatda böyük işlərdə bəxti gətirənlərdən olmuşam, xırda məsələlərdə bəxtim gətirmir. Deyirdi ki, həyatda vacib olan ailədir - mənim ailədə, səni seçməyimdə, övladlarımda, dostlarımda bəxtim gətirib. Amma xırda məsələlərdə bəxtim gətirmir. O xırdaçılığı sevməzdi.

- Sonda bir neçə cümlə ilə Anar müəllimi bizə tanıdın.

- Anar ilk növbədə vətənini sevən vətəndaş idi. Biz insanları ilk görəndə onun enerjisi, aurası bizə yaxşı, ya da pis təsir bağışlayır. O çox güclü energetikası olan insan idi. Elə insanlar var ki, ilk andan onu sevirdilər, bu enerjini hiss edirdilər. Elə insanlar da var ki, Anarın enerjisi onlara mane olurdu. Ona görə də elə insanlar var idi ki, onu çox sevirdilər, elələri də var ki, ona düşmən idilər. Ona görə yox ki, Anar çətin, pis adam idi, bu üzdən onu sevmirdilər. Ona görə ki, Anarın enerjisi onları kölgəyə salırdı. Anar dürüst idi. Mən onun həyat yoldaşı olduğum üçün demirəm. Anar həqiqətən səmimi, şəxsiyyətinə dəyər verən insan idi. Anar mükəmməl ata idi, Anar qayğıkeş həyat yoldaşı idi. Anar sədaqətli və güvənilən dost idi. Mən Anar kimi insanların həyata az-az gəldiyinə inanıram. Ona görə də onun adı ilə bağlı istənilən layihənin dəstəyini əsirgəmirəm. O hörmətlə anıla bilən şəxsiyyətə sahib idi. Anar Məmmədxanovu heç kimlə müqayisə etmək olmaz.

Tahirə Məmmədqızı