Tozlu hava axınları artır

Səhhətində problemləri olanlar sağlamlığına daha ciddi diqqət yetirməlidir





Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, dünən və bu gün ölkə ərazisində havadakı tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, buna səbəb aprelin 18-də günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz dumanının daxil olmasıdır.
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov belə vəziyyətdə əhaliyə bir neçə məsləhət verdi. "Şərq”ə açıqlamasında həkim xüsusilə səhhəti ilə müəyyən problemlər yaşayanları diqqətli olmağa çağırdı:

- Tozlu hava bronxial patologiyası olanlara, astma, ürək-damar xəstəlikləri, hipertoniya, allergik xəstələr üçün ziyanlıdır. Belə xəstələr tozlu havada xüsusilə diqqətli olmalı, bir yerə gedirlərsə, açıq havadadırlarsa, mütləq tibbi maskalardan istifadə etməli, mümkün olduğu qədər evdən çıxmamalıdırlar. Təzyiqi olanlar təzyiqlərinə mütəmadi nəzarət etsinlər. Həkimin məsləhət bildiyi dərmanlar varsa, onları qəbul etməyi yaddan çıxarmasınlar. Gün ərzində bol miqdarda maye qəbul etmək, maye qəbulunu artırmaq lazımdır ki, zərərli toz hissəcikləri orqanizmi tez tərk etsin. Bu məsləhətlər əhalinin digər təbəqələrinə də aiddir.

Tozlu hava axınlarının son zamanlar tez-tez müşahidə edildiyinə gəlincə, Ş.Məmmədov bunun dünyada baş verən proseslərlə sıx bağlı olduğunu dedi:

- Dünyada qlobal iqlim dəyişiklikləri, kataklizmlər baş verir. Raket müharibələri aparılır. Bunlar hamısı ekologiyanı çirkləndirməyə bilməz. Ona görə də hər bir insan bacardıqca, sağlamlığının keşiyində dayanmalıdır.

Məlahət