Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır
“Qeyri-peşəkar şəxslərin dil haqqında, jurnalistika barədə iradlar səsləndirməsi yersizdir”
Son günlər sosial şəbəkələrdə klassik və yeni mediada çalışan əksər jurnalistin dil normalarına əməl etməməsi məsələsi gündəmə gəlib. Məsələ sosial şəbəkə istifadəçilərinin ciddi müzakirə mövzusuna çevrilib. "Kim daha düzgün yazır?” polemikasına qoşulan hər kəs özünü doğru sayır. İnternet mediada çalışanlar işlərinin operativliyini, çevikliyini əsas tutaraq ədəbi dil normalarının pozulmasını "təbii” adlandırır və bu kimi hallara çox da fikir verməyin əleyhinə olduqlarını yazırlar. Çeviklik, operativlik, sürətli xəbər yayımı ədəbi dil normalarına biganə qalmaq üçün əsas ola bilərmi? Mövzunu media təmsilçiləri ilə davam etdiririk.
"Qeyri-peşəkarların dil haqqında iradlar səsləndirməsi yersizdir”
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bu fikirdədir ki, ənənəvi mediada çalışan şəxslər ali təhsillidir, jurnalistika məktəbi keçiblər və ədəbi dil normalarına bələddirlər.
Ənənəvi mediada Azərbaycan dilinin ədəbi normalarına riayət olunması ilə bağlı problem yoxdur. Bu problem daha çox bəzi elektron informasiya portallarında və "reket” saytlarda dərc olunan yazılarda duyulur:
- Ona görə, Azərbaycan mediasının qarşısında bu problemin dayandığını düşünmürəm. Sosial şəbəkələrdə bəzən elə şəxslər aidiyyəti olmayan mövzular ətrafında müzakirələr aparır ki, insan təəccübünü gizlədə bilmir. Bəzilərinin ümumiyyətlə, Azərbaycan dilinin ədəbi normalarından xəbəri yoxdur. Qrammatik, fonetik, leksik qaydaların elmi şəkildə dilə gətirilməsi dili mükəmməl bilmək anlamına gəlmir. İnternet resurslarında dilin qrammatikası haqqında müxtəlif terminlər tapmaq olar. Bunlardan sosial şəbəkələrdəki statuslarda istifadə etməklə müəyyən tənqidi fikirlər səsləndirirlər. Lakin insanların özünü daha ağıllı göstərməsi üçün atdığı bu addımları şəxsən mən dəstəkləmirəm. Qeyri-peşəkar şəxslərin dil haqqında, jurnalistika barədə iradlar səsləndirməsi yersizdir. Yaxşı olar, hər kəs öz işi ilə məşğul olsun.
Elçin Mirzəbəyli qeyd edib ki, mediada çalışan peşəkar insanlar ədəbi dil normalarının KİV-lərdə pozulmasının nə dərəcədə problem olduğunu yaxşı bilir:
- Biz problemin həlli yollarını göstərir, müzakirələr təşkil edirik. Bir müddət əvvəl iştirak etdiyim tədbirlərin birində də Azərbaycan mətbuatında dilimizin tələblərinin qorunması müzakirə edilirdi. Mətbuata, çap mediasına irad tutulurdu. Amma sonra məlum oldu ki, tənqid səsləndirən dilçilərin özləri Azərbaycan dilində heç normal danışa bilmir.
İnsanlar ilk növbədə özünü ifadə etməyi, səlis danışmağı, yazmağı öyrənməlidirlər. Azərbaycan mətbuatına ciddi yanaşmaq, peşəkar medianı oxuyub, nəticə çıxarmaq lazımdır. Sosial şəbəkələrdə hər kəsin yaydığı informasiyanı, statusu oxumaqla dil haqqında qənaət irəli sürmək düzgün deyil.
"Ədəbi dil normaları onlayn mediada pozulur”
Əməkdar jurnalist Azər Həsrət qeyd edir ki, Azərbaycan dilinin ədəbi dil normaları birmənalı şəkildə, məhz onlayn mediada pozulur:
- Bu, tamamilə açıq və aşkardır. Məhz onlayn mediada Azərbaycan ədəbi dil normaları gözardı edilir, dil normalarına laqeyd yanaşılır. Bunun da əsas səbəbi onlayn medianın xəbər ardınca "qaçmasıdır”. İnformasiya əldə etmək və tez də yaymaq istəyi keyfiyyətə deyil, kəmiyyətə üstünlük verilməsinə gətirib çıxarır. Onlayn mediada hər kəs - savadı olan da, olmayan da, dilin qrammatikasını, dil normalarını bilən də, bilməyən də yazır. İnformasiya paylaşır. Dil normaları bu şəraitdə pozulur. Amma çap mediasında vəziyyət fərqlidir axı. Bir nəfər mətbuata, hansısa qəzetə məqalə göndərirsə, birincisi, özü məqalənin düzgün yazılıb-yazılmadığına diqqət edir. Bilir ki, məqaləyə redaktor baxacaq. Məsuliyyət hiss edir özündə. İkincisi, o məqalə qəzetin baş redaktoru, redaktor müavinləri, məsul katiblər tərəfindən də oxunur, yoxlanır. Çünki kütləvi oxucuya təqdim ediləcək. Oxucuya keyfiyyətli material təqdim etmək lazımdır. Ona görə də istər-istəməz materiallarda dil normaları gözlənir, keyfiyyət önə çıxır. Onlayn medianınsa belə bir narahatlığı yoxdur. Onlar üçün xəbər yaymaq əsasdır. Xəbəri istədikləri formada, hər hansı qayda-qanun gözləmədən təqdim edirlər. Əsas problem də onlayn mediada verilən xəbərdə yol verilmiş dil səhvlərinin başqaları tərəfindən təkrarlanmasıdır. Birisinin etdiyi səhvi digəri də təkrar edir, beləcə Azərbaycan dili korlanır. Çoxunda da belə yanlış təsəvvür formalaşır ki, əgər sosial şəbəkədə hansısa söz bu cür yazılıbsa, deməli, düzgünü elə budur.
"Alınma sözlər dilimizə uyğunlaşdırılmalıdır”
Qeyd edək ki, mediada müzakirə olunan məsələlərdən biri də alınma sözlərin Azərbaycan dilində yazılış qaydasıdır. Görürük ki, müasir texnologiyanın inkişafı ilə əlaqədar dilimizə daxil olmuş bir sıra sözlər - məsələn, feysbuk, yutub, vatsap... ifadələrinin dilimizdə ingilis versiyası, yoxsa Azərbaycan dilinə uyğunlaşdırılmış formada yazılması ilə bağlı müzakirələr aparılır, fərqli fikirlər irəli sürülür. Doğrudur, yeni nəşr olunmuş "Azərbaycan dilinin orfoqrafiya sözlüyü”ndə sözlərin yeni yazılış forması verilir. Bununla belə, yenə də müzakirələr bitmir, razı qalanlarla narazılar ayrılır. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu dilimizin qorunması istiqamətində çox işlər görür. Vaxtaşırı mətbuat, internet media, həmçinin telekanallarda ədəbi dil normalarına riayət edilməsi sahəsində vəziyyət öyrənilir, monitorinqlər aparılır. Hesab edirəm ki, bu, çox vacib işdir və davamlı olmalıdır.
A.Həsrət bildirdi ki, alınma sözlərin Azərbaycan ədəbi dil normalarına uyğunlaşdırılmasına ehtiyac var:
- Azərbaycan 70 il təkcə ərazi baxımından deyil, həm də dil baxımından işğal altında olub. Qərb mənşəli sözlər dilimizə məhz rus dili vasitəsilə keçdiyi üçün onların yazılış və deyiliş qaydasında rus dilinin basqın təsiri bu gün də duyulur. Götürək, son günlərdə ətrafında müzakirələr açılmış herb sözünü. Mən millət vəkili Rəfael Hüseynovla tamamilə razıyam ki, "gerb” sözü "h” hərfi ilə - herb yazılmalıdır. Araşdırmışam, məlum olub ki, "herb” sözü polyak mənşəlidir. Və polyak dilindəki orijinalında da məhz "h” hərfi ilə yazılır. Amma almanlarda bu söz ümumiyyətlə, samitsizdi - "erb” formasında yazılır. Bizim dilimizə bu söz rus dili vasitəsilə keçdiyindən "h” hərfi "g”ya - rus dilindəki "q” hərfi ilə olan səslənişinə uyğun deyilir. Bununla bağlı mənim məqaləm də var. Ona görə də hesab edirəm ki, alınma sözlərlə bağlı vəziyyətə bir an öncə çəki-düzən verilməlidir. Ərəb mənşəli sözlərlə bağlı da eyni problemli vəziyyətdir. Məsələn, Türkiyə türkcəsi bu mənada bizim üçün daha uyğundur. 2 "y” hərfi ilə yazılan sözləri biz 1 "y” ilə yaza bilərik. Türkiyə türkcəsində "hürriyyət”, "milliyyət” kəlmələri 1 "y” hərfi ilə yazılır. Biz də bu praktikadan istifadə edə bilərik. Alınma sözlərin yazılışında müəyyən çaşqınlıq var və bu məsələ tez bir zamanda həllini tapmalıdır.
Mətbuatda yerində olmayan adamlar çoxdur
Jurnalist-publisist Ramilə Qurbanlı fikirlərini "Şərq”lə bölüşüb:
- Hərdən adama elə gəlir ki, dilimizə hardansa, gözəgörünməz qüvvələr tərəfindən hücum var. Məqsədli şəkildə ədəbi dilin qolunu, qıçını şah damarını qırıb şikəst etməyə çalışırlar. Acınacaqlısı da odur ki, mətbuat həmin "qüvvə”yə kömək edir, prosesi bir az sürətləndirir. Son illər Azərbaycan dili az qala, məhəllə dili, jarqon səviyyəsinə salınıb. Xüsusilə efirlərdə ədəbi dil normaları unudulub. Saytlarda, qəzetlərdə loru dil, kənar dillərin şaxəli müdaxiləsi hökm sürür.
Dilçilik İnstitutunda bununla bağlı nə isə bir iş görmək istəyirlər, amma nədənsə, əks effekt verir. Bunun da öz səbəbləri var, çünki bütün sahələrdə olduğu kimi dilçilikdə də, mətbuatda da peşəkarlar sıxışdırılır kənara, onların yerini bu sahələrə aid olmayan təsadüfi adamlar tutur. Təbii ki, bu da özünün acı nəticələrini dilimizin vəziyyətində göstərir. Həyatda təsadüfi heç nə yoxdur, fikrindəyəm.
Daha bir məsələyə toxunmaq yerinə düşür; əksər iş yerlərində, idarə və şirkətlərdə rus dilində təhsil alanlara üstünlük verildiyindən kütləvi şəkildə ailələr övladlarını rus bölmələrində təhsilə yönəldirlər. Bu minvalla ana dilimiz, dövlət dilimiz divara qısnanmış olur. Təhsilli, intellektli insanlar rus dilində təhsil görmüşlər hesab olunur. Hələ də, sovet dönəmində olduğu kimi Azərbaycan dilində danışmaq aşağı səviyyənin adamı olmaq kimi qəbul edilir - qələmə verilir. Bütün bunların nəticəsində "ədəbi dil normaları” anlayışı pozula-pozula yox səviyyəsinə çatdırılıb.
Hamı monitorinqlərin nəticəsini gözləyir
Ədəbi dil normaları təkcə çap mediası, yaxud onlayn medianın deyil, eyni zamanda televiziyaların da əsas problemidir. Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu televiziya verilişlərində ədəbi dil normalarına hansı səviyyədə riayət olunduğunu müəyyənləşdirmək üçün monitorinqlər aparılır. Növbəti monitorinq artıq başa çatıb və Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyevanın məlumatına görə, yaxın günlərdə monitorinqin nəticələri ictimaiyyətə açıqlanacaq. Yaxşı haldır ki, teleməkanda dil normalarının qorunması istiqamətində monitorinqlər mütəmadi xarakter almaqdadı. Hazırkı monitorinqdə məhz teleproqramlarda ədəbi dil normalarına nə dərəcədə riayət edildiyi yoxlanıb. S.Əliyeva bildirir ki, xəbər aparıcıları ilə yanaşı layihə aparıcılarının dili də monitorinq edilir, çünki ictimaiyyətlə məhz onlar sıx təmasdadır: "Biz əvvəlcə əsasən xəbər proqramlarının aparıcılarının dil qüsurlarını araşdırırdıq. Çünki ciddi xəbəri məhz onlar ictimaiyyətə ötürür.
Xəbər aparıcısının dilində heç bir qüsur olmamalıdır. Xəbər aparıcısı nitqində səhvə yol verməməlidir. Amma son 2 ildə monitorinqlərin aparılma sahəsində dəyişiklik etmişik və xəbər aparıcıları ilə yanaşı geniş tamaşaçı auditoriyası olan verilişlərin aparıcılarının dili də monitorinq edilir. Hesab edirik ki, geniş tamaşaçı auditoriyasına malik verilişlərin təsir qüvvəsi daha böyükdür. Məsələn, auditoriyası olan aparıcının nitqi onu izləyən tamaşaçının nitqinə də təsir edir. Bəzən aparıcıların nitqinin təsiri altında tamaşaçılarda nitqin formalaşması prosesi gedir. Xüsusən, bu təsir kiçik yaşlılara, məktəblilərə, hətta böyüklərə də təsir edə bilir. Ona görə də proqram aparıcıları danışıqlarında, nitqlərində Azrəbaycan ədəbi dilinin normalarına ciddi riayət etməlidirlər. "Mən aparıcıyam, mənə hər şey olar, necə istəsəm danışa bilərəm” kimi yanaşmalar kökündən yanlışdır və ədəbi dilimizin getdikcə korlanmasına, dil normalarının itirilməsinə gətirib çıxara bilər”.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb