Əvvəlki mer daha çox lətifə istehsalçısı kimi yadda qaldı

Ekspertlər hesab edir ki, yeni mer daha çevik olacaq, paytaxtda böyük işlərə imza atacaq



Hazırda Bakı Şəhər İcra Hakimiyyəti başsızdır. Təyinatın bir qədər uzanması müəyyən suallar doğurur. Bu posta təyinat ala biləcək şəxslər haqqında müxtəlif informasiyalar, proqnozlar yayımlanır, hətta təyinatın seçki yolu ilə olması barədə fikirlər də səslənir.

Maraqlıdır, Bakı merinin təyin olunması ilə bağlı hər hansı bir seçki təşkil edilə bilərmi?
Millət vəkili Aydın Mirzəzadə "Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan Konstitusiyasına görə, yerli icra hakimiyyəti rəhbərlərini dövlət başçısı təyin edir:

"Prezident məqsədəuyğun bildiyi şəxsi lazımlı zamanda vəzifəyə təyin edəcək. Merin təyini ilə bağlı seçkilərin təşkilinə gəldikdə isə, onu deyə bilərəm ki, Azərbaycan müharibə vəziyyətindədir, ölkədə 1 milyondan çox qaçqın var. Azərbaycanda dövlət quruculuğu prosesi daima təkmilləşdirilir. Hesab edirəm ki, indiki dövrdə icra hakimiyyəti sistemi daha məqsədəuyğundur. Şəhər, rayon rəhbərlərinin təyini ilə bağlı seçkilərin keçirilməsi gələcəkdə müzakirə olunası məsələdir”.

Bakı merinin siyasi bir termin olduğunu deyən millət vəkili Zahid Oruc isəbildirib ki, təyinatın seçki qaydasında müəyyənləşməsindən söhbət gedə bilməz: 

"Çünki Konstitusiyada qanunlar belə bir halı müəyyənləşdirmir. İndiki halda mer vəzifəsinin boş qalması xüsusi bir ictimai narahatçılıq yarada bilməz. Ona görə ki, bir nəfər vəzifədən çıxarılıb, amma struktur yerindədir. Yeni təyin olunacaq şəxs çalışanların nə qədər hissəsini vəzifəsində saxlayacaq və ya uzaqlaşdıracaq, bunu gələcəkdə görəcəyik. Açığını desəm, ötən 10 il ərzində paytaxtımızın quruculuğunun bütün infrastruktur yenilənməsinin, hətta Şərq aləmində bir zümrüd qaşı kimi formalaşmasının memarı cənab İlham Əliyevdir. Prezidentin müəllifliyi ilə biz yüksək arxitekturaya malik olan yüzlərlə tikilinin şahidi olmuşuq. Amma eyni məsələləri Hacıbala Abutalıbov haqqında söyləmək mümkün deyil. O, vəzifəsinə başladığı ilk dövrdə rəhmətlik Rəfael Allahverdiyevdən ona miras qalan, tələblərə cavab verməyən köşkləri aradan qaldırmaqda rol oynasa da, bundan sonrakı dövrdə daha çox lətifə istehsalçısına çevrildi. Fontanlar, parklarla bərabər digər arxitektur işlərə müəlliflik etsəydi, daha gözəl olardı. Bakı şəhərinin ötən illər ərzində normal planı tərtib oluna bilmədi. Bu gün Moskvada Sabyaninin malik olduğu reputasiya, müəlliflik etdiyi layihələr həm nəqliyyat, həm də biznes planları baxımından müqayisəolunmaz bir səviyyədədir. Arzulayırdım ki, paytaxtda bunlar gerçəkləşsin və şəhərin əsas maliyyə vəsaitləri hökumətin tərtib etdiyi büdcədən deyil, qeyd etdiyim sferalardakı xidmətdən formalaşsın. Belə olsaydı, hər kəs deyərdi ki, Hacıbala müəllim yaxşı işləyib. İdeoloji-siyasi baxımdan onun hakim partiyanın təmsilçisi olması keçmişdəki xidmətlərinə rəğmən müasir dövrün çağırışlarına qətiyyən cavab vermirdi. Onun hər addımı cəmiyyətin müxtəlif təbəqələrində qəribə və qeyri-rasional reaksiyalar doğururdu”.

Z.Orucun sözlərinə görə, şəhər meri öz-özlüyündə siyasi bir struktur, dövlətin mühüm sütunudur: 

"Şəhər meri vəzifəsində olan şəxs üstün səlahiyyətlərə malikdir. Belə olan təqdirdə dövlət başçısının komandası içərisində də aparıcı bir yerə malik olmalıdır. Təəssüf ki, Hacıbala müəllim haqqında bunları söyləmək mümkün deyildi. İndi onun baş nazirin müavini təyin olunması da ölkə başçısının xeyirxahlığının ifadəsidir.

Təyin olunacaq yeni merin kim olması şübhəsiz ki, proqnozla müəyyənləşmir. Əminəm ki, ölkə başçısı qarşıdakı dönəmdə paytaxt üçün seçdiyi planların həyata keçirilməsi üçün vacib addımlar atacaq. Bakı meri elə bir şəxs olmalıdır ki, o, həqiqətən də siyasi bir sütun kimi qəbul edilməli, icra hakimiyyəti orqanları ilə harmonik şəkildə, kordinasiyalı formada fəaliyyətini həyata keçirməlidir”.

Yeganə Bayramova