"Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsinə görə, rüsumların artırılması çoxdan gözlənilirdi. Bunun səbəbi isə vəsiqənin hazırlanmasında yeni maddələrdən, müasir texniki vasitələrdən istifadə olunmasıdır”.
Bunu "Sherg.az”a Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib. Onun sözlərinə görə, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və s. də rüsumları artırılır:
"Tətbiq edilən yeniliklərlə yanaşı, sürücülük vəsiqələrinin verilməsində də şəffaflıq təmin olunsun. İnsanların elektron qaydada imtahana qəbul edilməsi, prosesləri izləyə bilməsi, imtahanın nəticələrinin vətəndaşa təqdim edilməsinin gündəmə gətirilməsi vacibdir. Sürücülük vəsiqəsinin alınması prosesi vətəndaşlar üçün bir qədər də açıq olsa, hər şey normal səviyyədə davam edər”.
E.Muradlının fikrincə, vətəndaşlar vəsiqənin alınmasında "qısa yol” axtarmaq əvəzinə, lazımi bilikləri əldə etsələr, kitabları oxuyub, nəzəriyyə və sürücülük təcrübəsini qazansalar, digər vasitələrə ehtiyac qalmaz:"İnsanların sürücülük vəsiqəsi alarkən, "qısa forma” axtarması, müxtəlif üsullara əl atması onların ömrünü qısaldır. Baxın, son illərdə yol qəzalarının sayı artıb. Təkcə keçən il 750 nəfər yol qəzalarında həlak olub. Bu onu göstərir ki, sürücülərin peşəkarlığı artırılmalı, sürücülük vəsiqələrinin verilməsində şəffaflıq təmin edilməlidir.
Hazırda sürücülük vəsiqəsinin alınmasında bəzi narazılıqlar aradan qalxıb. Təcrübə imtahanı kamera vasitəsilə nəzarətə alınır. Nəzəri imtahanında da bu məsələ tətbiq edilib. Oxuyub, öz biliyi ilə imtahandan keçmək istəyən minlərlə sürücü var.
"Qısa yol”la vəsiqə almaq istəyən sürücülər isə 200-300 manat müəllimə pul verib, qaydaları öyrənib, öz biliyi ilə imtahandan keçməkdən imtina edirlər. Bu şəxslərin məqsədi nədir, niyə nümunə olmağa can atmırlar, anlamıram”.
Qeyd edək ki, "Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsinə görə, avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 25 manatadək artırılır.
Məlumat üçün bildirək, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdır.
Aysel Aslan