Azərbaycan-Rusiya əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə çatıb

"Regionlararası əməkdaşlıq: İnkişafın yeni imkanları" V Azərbaycan-Rusiya Regionlararası Forumu Qəbələdə öz işinə başlayıb



Qəbələdə "Regionlararası əməkdaşlıq: İnkişafın yeni imkanları" V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb. Trend-in məlumatına görə, forum iştirakçıları əvvəlcə Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və güllər qoyublar. Daha sonra nümayəndələr Azərbaycan və Rusiyanın nailiyyətlərini əks etdirən sərgi-ekspozisiya ilə tanış olublar.

Forumda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. RF Prezidenti Administrasiyasının Regionlararası və xarici ölkələrlə mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov isə Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin çıxışında qeyd etdiyi kimi, bu forum mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanan iki ölkə arasında uğurlu əməkdaşlığın nümunəsidir. Onun sözlərinə görə, Azərbaycan Rusiyadan başqa heç bir ölkə ilə belə formatda görüşlər keçirmir: "Forum çərçivəsində regionlarla tanışlıq məqsədilə müəssisələrə, şəhərin görməli yerlərinə baş çəkmək, mədəniyyət üzrə proqram, ikitərəfli qurumlararası sənədlərin, habelə özəl şirkətlər arasında müqavilələrin imzalanması nəzərdə tutulur". Ş.Mustafayev qeyd edib ki, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan və Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olan iki ölkə arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb: "Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Hər iki ölkə prezidenti ikitərəfli siyasi və iqtisadi əlaqələrə böyük önəm verir".

Nazir əlavə edib: "Bu gün əminliklə demək olar ki, iki ölkə arasında əməkdaşlıq üçün möhkəm hüquq-müqavilə bazası yaradılıb. Belə ki, 160-dan çox, o cümlədən iqtisadiyyat sahəsində 40-dan artıq sənəd imzalanıb. Sadalananlar və yüksək siyasi əlaqələr iqtisadi əlaqələrin durmadan inkişafı üçün əlverişli zəmin yaradır". Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də iki ölkə arasında əmtəə dövriyyəsində müsbət dinamika müşahidə edilib: "Əvvəlki illərlə müqayisədə 10,5 faiz artan əmtəə dövriyyəsi təqribən 2,6 milyard dollar olub. Hazırda Azərbaycanın əmtəə dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Azad ticarət rejimi ikitərəfli ticarətin inkişafına yardım edir və sahibkarlıq subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün imkan yaradır". Əməkdaşlığın vacib istiqamətlərindən birinin qarşılıqlı investisyalar olduğunu deyən Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycanda Rusiya kapitalı ilə 570 müəssisə işləyir. Son illər Rusiya Azərbaycan iqtisadiyyatına təqribən 1,8 milyard dollar həcmində investisiya yatırıb. Son 10 ildə Azərbaycanın Rusiya iqtisadiyyatına birbaşa investisiyaları 1 milyard dollardan çox olub və ötən il bu rəqəm rekord səviyyədə - 250 milyon dollardan çox olub".

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi müxtəlif iqtisadi layihələrin tam həcmdə həyata keçirilməsinə imkan vermir.

Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bildirib ki, Azərbaycanda belə forumların keçirilməsi ənənəsinin əsası beş il əvvəl ölkə rəhbərləri tərəfindən qoyulub: "Əsası iki ölkə prezidenti tərəfindən qoyulmuş bu forum dəstək qazandı və regionlarası əlaqələrin inkişafı üçün yaxşı stimula çevrilir". Nazir qeyd edib ki, iki ölkənin 500-dən artıq şirkəti ikitərəfli əməkdaşlıqda iştirak edir: "Rusiyanın 75 subyekti Azərbaycanla fəal əməkdaşlıq edir".

Onun sözlərinə görə, regionlararası əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin vacib elementidir: "İki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf strategiyasını hazırlamaq lazımdır. Azərbaycan Rusiya üçün xüsusi tərəfdaşdır və dünya iqtisadiyyatındakı çətin vəziyyət iki ölkə arasında ticari-iqtisadi əlaqələrə təsir etmədi".

Rusiya Azərbaycan sahibkarlarına dəyəri 260 milyard rubldan çox olan 18 investisiya layihəsi təqdim edib. İ.Slyunyayev layihələrin təqdimatında bildirib ki, Rusiyada hər bir investisiya layihəsinin əsas məqsədi təkcə regionların iqtisadi inkişafı deyil, hər şeydən əvvəl vətəndaşların həyat səviyyəsinin artırılmasıdır: "Əminəm ki, azərbaycanlı həmkarlarımızın təcrübəsi və biliyi layihələrin reallaşdırılmasında olduqca vacibdir". Azərbaycan biznesinə Rusiyanın Samara, Rostov, Tomsk, Moskva, Tambov, Kalininqrad, Tula, Novqorod, Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz, Çuvaşiya, Çeçenistan, Dağıstan respublikalarında, Kamçatka, Krasnodar, Stavropol diyarlarındakı bir sıra layihələr təqdim edilib.

Nazir 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində reallaşdırılan layihələrə xüsusi diqqət yetirib: "Bütün bu layihələr dövlət-özəl tərəfdaşlıq prinsipləri əsasında reallaşdırılır, Rusiya planlaşdırılan layihələrin tikintisinə birbaşa xarici investisyaları alqışlayr. Azərbaycan səhmdarları üçün kənd təsərrüfatı sahələrinə çoxsaylı investisiya layihələri xüsusi maraq doğura bilər". O bildirib ki, hazırda kənd təsərrüfatı məhsulları üzrə yeni müəssisələr demək olar ki, Rusiyanın bütün regionlarında açılır. Nazir Tambov vilayətində kənd təsərrüfatının inkişafı üzrə innovativ layihələri ayrıca qeyd edib.

Onun sözlərinə görə, Qəbələdəki V yubiley forumunda 500-dən çox şəxs, o cümlədən Rusiyanın 25 regionunun nümayəndələri iştirak edirlər: "Bizi təkcə say göstəriciləri deyil, həm də qarşılıqlı ticarətin 3,5 milyard dolları ötən artımı sevindirir". Nazir qeyd edib ki, qarşılıqlı ticarətə neft-qaz, maşınqayırma, energetika və kənd təsərrüfatı sahələrindəki 500-dən artıq şirkət cəlb edilib.

İ.Slyunyayev vurğulayıb ki, növbəti forum Rusiyada təşkil ediləcək: "Rusiya altıncı foruma ev sahibliyi edəcək. Yekaterinburq, İnquşetiya, Stavropol diyarı və Dağıstan forumu keçirmək istəklərini bildiriblər".

Forum plenar iclasdan sonra öz işini "dəyirmi masa”larla davam etdirib. İyunun 24-də forum işini aqrar, turizm, bank sahələri üzrə "dəyirmi masa”larda davam etdirəcək.